Gündəm 

Arzu Nağıyev: “Erməni icması ilə danışıqlar bizim daxili işimizdir”

“Məlumdur ki, xarici işlər nazirlərinin görüşü hələ sülh müqaviləsinin imzalanması demək deyil. Burada müəyyən detallar, maddələr müzakirə edilə bilər. Görüşlər bir neçə istiqamətdə gedir. Moskvada liderlərin iştirakı ilə baş tutmuş üçtərəli görüşdən sonra bütün diqqətlər Kişinyov görüşünə yönəldi. Lakin Kişinyov görüşü öncəsi də yenə Ermənistan tərəfindən absurd bəyanatlar səsləndirildi, atəşkəs pozuldu və budəfəki görüşdə də sülh müqaviləsi imzalanmadı. Bir sözlə, Ermənistan tərəfindən törədilən bütün təxribatların arxasında sülh müqaviləsini imzalamamaq niyyəti dayanır”.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

Millət vəkili rəsmi İrəvanın qeyri-konstruktiv davranışlarından bəhs edib: “Baxmayaraq ki, may ayı ərzində aparılan danışıqlarda müəyyən razılıqlar əldə olunub, lakin qondarma status məsələsi ilə bağlı iddialar, eyni zamanda kommunikasiyalarla bağlı məsələlər həllini tapmayıb. Lakin sonradan hökumət nümayəndələri səviyyəsində Moskvada aparılan görüşlərdə kommunikasiyaların açılması məsələsi bir daha müzakirə olundu. Burda da Ermənistan hakimiyyət kommunikasiyalar məsələsi ilə bağlı ayrıca sənədin olmayacağını iddia edirdi və ciddi-cəhdlə yalnız bir sülh müqaviləsi layihəsi üzərində danışıqların gedəcəyini deyirdi.

Təbi ki, burada da sənədin qüvvəyə minməsi üçün bütün daxili prosedurlardan keçməlidir: Konstitusiya Məhkəməsində ölkənin əsas qanunlarına uyğunluğunu yoxlabmalı, parlament ratifikasiya etməli və prezident onu imzalamalıdır. Təbii ki, Ermənistan bu və ya digər şəkildə status kvonu olduğu kimi saxlamaq istəyir. Ermənistan belə düşünür ki, regionda uzunmüddətli sülhü, Ermənistan Respublikasının 29 min 800 kvadrat kilometr ərazisini, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini Azərbaycan təmin edərsə, bu sənədi imzalamağa hazırdır. Buna baxmayaraq, erməni tərəf ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığını bəyan etdi. Bundan sonra artıq detalların müzakirəsi aparılır və məhz nazirlər səviyyəsindəki görüşlər də buna aiddir. Ayrı bir mövzu sülh müqaviləsidir. Tərəflər bunun üzərində işləməyə başlayıblar və erməni tərəfi hazırda digər vasitəçilərin də cəlb olunması məsələsini aktiv şəkildə müzakirə edirlər. Azərbaycan tərəfi isə danışıqların Azərbaycan -Ermənistan formatında keçməsinə üstünlük verir. Təbii ki, danışıqların hansı müstəvidə getməsindən asılı olmayaraq, delimitasiya məsələlərini həll etmədən, nəqliyyat və iqtisadi kommunikasiyalar açlmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyətində ümumi yaxşılaşma olmadan irəliyə getmək çətindir”.

 Ermənistanın növbəti iddiasına gəldikdə, A.Nağıyev bildirdi ki, erməni icması ilə danışıqlar bizim daxili işimizdir: “Nazirlərin görüşündə sülh müqaviləsi və bir sıra maddələr öz həllini taparsa əsasən, ümumi bir yaxınlaşma mümkün ola bilər. Bir sözlə, Vaşinqton görüşü vacib bir mərhələdir və nəticəsindən asılı olaraq, Brüsseldə ciddi qərarlar qəbul etmək olar…”

E.Paşasoy,

Daha çox xəbərlər