İdman 

“Qarabağ” üçün yolun sonu göründü – səbəblər…

Azərbaycan çempionu “Qarabağ” yanvarın 23-də Avropa Liqasında növbəti oyununu keçirdi.

Rəqib Rumıniyanın FCSB klubu idi. Görüş qonaqların 3-2 hesablı qələbəsi ilə yekunlaşıb və bu nəticə ilə təmsilçimiz pley-off şanslarını tamamən itirib. İndi yalnız Ağdam klubu yanvarın 31-də Yunanıstanda güclü “Olimpiakos”la qarşılaşmada təsəlliverici nəticəyə ümid edə bilər.

Oyundan dərhal sonra “Qarabağ”ın ünvanına yerli-yersiz ciddi tənqidlər səslənməyə başlayıb. Çoxları bu nəticədə əfsanəvi məşqçimiz Qurban Qurbanovu günahlandırır, klubun transfer məsələsində xəsislik etdiyini düşünür. Xüsusilə, 10 gün öncə “Qarabağ”ın əsas hücumçusu Juninhonun 5 milyon avroya öz ölkəsinin klubu “Flamenqo”ya keçidi hər kəs də qəzəb oyadıb.

Futbol fanatları belə vacib oyunöncəsi əsas oyunçunu klubun satmasını səhv qərar adlandırırlar. Əslində haqsız da deyillər. Çünki, “Qarabağ” Ruminiya klubu ilə oyunda ciddi şəkildə hücumçu problemi yaşadı. Demək olar ki, hücumçusuz oyuna çıxmışdı. Amma bununla belə “Qarabağ”ın rəqibdən bir baş üstün oynadığını düşünənlər də az deyil. Sadəcə futbol şansının rəqibdən yana olduğu söylənilir.

“Qarabağ” bizi əzdi, qalib gəldiyimizə inana bilmirəm.

FCSB klubunun sahibi Cici Bekal oyun barədə danışarkən belə deyib. O qeyd edib ki, qələbə qazansalar da, “Qarabağ” onlardan üstün oynayıb. Cici Bekal belə bir oyunda 3 xal qazanmalarının inanılmaz olduğunu bildirib: “Qarabağ” oyunda həyatımda görmədiyim kimi dominantlıq edirdi. Bizi əzdilər, məhv etdilər. Bilmirəm, futbol tarixində əvvəllər belə olubmu: 3 künc zərbəsi, 3 qol. Bu, Tanrının əli idi. Amma bu əzmkarlığı təqdir etmək lazımdır. Mən qalib gəldiyimizə inana bilmirəm. Həyatımda ilk dəfədir ki, belə bir şey görürəm”.

Klub sahibi onu da deyib ki, belə oyunla öyünə bilməzlər: “Rəqib topa sahib idi. Biz də yaxşı müdafiə olunduq. Ancaq bu matçla öyünə bilmərik. Yalnız nəticə və mübarizə ilə öyünmək olar”.

“Layiqli qələbə qazandığımızı desəm, yalan olar. Sadəcə, fədakarlıq göstərdik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri FKSB klubunun İdarə Heyətinin sədri Mixay Stoyka deyib.

MİXAY.jpg (276 KB)

O, ilk dəfədir bir oyunda hər üç qolun künc zərbəsindən vurulduğunu bildirib:

“İndiyədək bu cür hadisə ilə rastlaşmamışdım. Oyundan əvvəl verdiyim açıqlamada görüşün bol qollu keçəcəyini demişdim. İndi hər kəs məni təbrik edəcək”.

Funksionerin sözlərinə görə, “Qarabağ” oyunda daha bir neçə qol vura bilərdi: “Rəqibin yüksək keyfiyyətli oyunçuları var. Matçdan əvvəl demişdim ki, “Qarabağ” risk edəcək”.

Oyundan sonr ən çox tənqidlərə tuş gələnlərdən biri də “Qarabağ”ın qapıçısı Fabian Buntiçdir. Onun künc zərbələrindən qol buraxması birbaşa səhv kimi ayağına yazılır. Qapıçı oyun barədə fikirlərini bölüşüb: “Oyuna yaxşı başlamışdıq. Erkən qol da vurduq. Təəssüf ki, standart vəziyyətlərdən qollar buraxdıq. Ən pisi də odur ki, rəqibi məyus etdikdən dərhal sonra qapımızda qol gördük. Halbuki oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqib hər top uğrunda vuruşurdu.

Düşünürəm ki, bəxtimiz gətirmədi. Nəticə layiqli deyil. Rəqiblə müqayisədə biz qələbəyə daha layiq idik. Künc zərbəsindən qapımızda 3 qol gördük ki, bu da çox məyusedicidir. FCSB standart vəziyyətlərdən çox yaxşı istifadə edir. Xüsusən də künc zərbələrindən. Bizdə isə sanki bir addım, 10 sm çatışmırdı. Avropa oyunlarında bir addım belə həlledici olur. Təəssüf ki, belə alındı. Yunanıstana turist kimi getməyəcəyik. Avropa Liqasında hər matç önəmlidir. Odur ki, qarşıdakı oyunda da meydana yalnız qələbə üçün çıxacağıq. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Bizim üçün vacib qarşılaşmadır. Yaxşı oyunla yaxşı nəticə əldə etməyə çalışacağıq”.

“Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır. Şanslarımızın az olmasına baxmayaraq, bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm. Son dəqiqələrə kimi inamlarını itirmədilər və komandaya dəstək oldular”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

QURBAN.jpg (50 KB)

Mütəxəssis komandasının bu gün çox əziyyət çəkdiyini söyləyib: “Bugünkü oyunda qol şanslarımız oldu, amma bundan istifadə edə bilmədik. Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır. Belə nəticələrdən sonra həmişə futbolçularda növbəti matçlar üçün motivasiya aşağı olur. Amma çalışacağıq ki, səhvlərimizi aradan qaldıraq və bugünkü məğlubiyyət Premyer Liqada keçirəcəyimiz qarşılaşmalara pis təsir göstərməsin”.

O, qapıçı Fabiyan Buntiçin buraxdığı qolların asan olmadığını bildirib: “Bu oyunda ona şans verdiyim üçün təbii ki, peşman deyiləm. Epizodları yenidən izlədim və asan qollar olmadığını gördüm. Digər qapıçımız Mateuş Koxalski isə 2 gün əvvəl zədə aldığı üçün bu gün meydana çıxa bilmədi”.

Komanda bu mövsüm niyə zəif çıxış edir? “Qarabağ” toparlana biləcəkmi?

Bu suallarla futbol mütəxəssislərinə müraciət etdik.

Tanınmış idman yazarı Natiq Muxtarlı tənqidlərlə razılaşmır.

MUXTAR.jpg (22 KB)

O, bu uğursuzluğu bütövlükdə Azərbaycan futbolunun ayağına yazır:

“Əslində “Qarabağ” bu mövsüm zəif çıxış etdi” iddiası birmənalı qəbul edilə bilməz. “Qarabağ” “Mançester Siti” deyil ki, avrokuboklarda uğursuzluq “zəif çıxış” hesab edilsin. “Qarabağ” Azərbaycan çempionatının, futbolu bərbad durumda olan ölkənin təmsilçisidir. Ona görə də, “Qarabağ”ın uğursuz olduğunu iddia etmək olmaz. “Qarabağ” yenə də kifayət qədər uğurludur. Elə Avropa Liqasının qrup mərhələsində olmağın özü böyük uğurdur. Üstəlik, çempionatda da işlər yağ kimi gedir. Artıq kimsə “Qarabağ”ın çempion olacağına şübhə etmir. Amma sırf Avrokuboku götürsək, bəli, ötən mövsümə nisbətən bu il uğursuz oldu. Ancaq Azərbaycan çempionundan hər il ötən mövsümkü uğuru tələb etməyin özü qeyri-peşəkarlıqdır. Avropa reallığı tam fərqlidir. Qurban Qurbanov özü etiraf edib ki, az qala Avropada keçirdiyi hər oyundan sonra hiss edir ki, Azərbaycan futbolu ilə Avropa futbolu arasında fərq günü-gündən, özü də sürətlə böyüyür.

Kimdir günahkar? Qurban Qurbanovdur, yoxsa “Qarabağ”? AFFA-nın yeni rəhbərliyi bir ildir “strategiya oyunu” ilə baş aldadır. Bu bir ildə Avropa futbolu bilirsiniz nə qədər irəli gedib? Bəs Azərbaycan futbolu nə qədər geri qalıb? Problem budur. “Qarabağ”ı Azərbaycan futbolunun kontekstindən çıxarıb müqayisə apara bilmərik. Müqayisə Azərbaycan futbolunun kontekstində aparılmalıdır. Ölkə futbolunun bütün problemlərini unudub, təkcə “Qarabağ”la təsəlli tapmağın fəsadı olacaq bir gün. Və bir gün bu “Qarabağ” da olmayacaq. Proses buna doğru gedir.

Hələlik isə Qurban Qurbanov və komandası çalışır ki, müəyyən vasitələrlə bu “Qarabağ”ı qorusun. Komandada asta-asta nəsil dəyişikliyi baş verməlidir. Böyük ehtimalla, yayda yeni transferlər olacaq. Hücum və müdafiə xəttinə mütləq transferlər gərəkdir. Qapıçı amilini də unutmaq olmaz.

Bu xətt uzun illərdir “Qarabağ” üçün ciddi problem yaradır. Qışda bazarda istənilən oyunçunu tapmaq asan deyil. Yəqin ki, yayda komandadan gedənlər və gələnlər olacaq. Hiss olunur ki, Qurban Qurbanov yeni komandanı Kaşuk üzərində qurmağa çalışır. İndi Kaşukun oyunu hələ alınmır deyə, tənqidlər olur. Amma bunun üçün vaxt lazımdır. Kaşuk istedadlı futbolçudur, sistemə oturduqdan sonra komandanı öz arxasınca apara biləcək.

Yada salaq ki, Kadi, Juninyo da “Qarabağ”a yeni gələndə tənqid olunurdular. Onlar bir müddət ehtiyatda qalmalı oldular. Amma sonra liderə çevrildilər. Qurban Qurbanovun yeni komanda formalaşdırdığı bəllidir. Bunun üçün isə müəyyən vaxt lazımdır. Güman edirəm ki, növbəti avrokubok mövsümündə fərqli “Qarabağ” görəcəyik. Amma yenə də deyirəm, futbol idarəçiliyinin, ümumilikdə futbolun bərbad olduğu ölkədə “Qarabağ”ı bu səviyyədə saxlamaq və inkişaf etdirmək çox çətindir”.

KANAN.jpg (41 KB)

İdman mütəxəssisi Kənan Məstəliyevin isə fikirləri bir qədər fərqlidir:

“Uğursuzluğun bir neçə səbəbi var. Bir çox məqamları qeyd etmək olar: qlobal mənada götürsək, yeni formata uyğunlaşa bilməmə, heyətin yetərsizliyi, zədəlilər, konkret bu matçda isə ümumi yorğunluq və konsentrasiya problemini qabartmaq olar. Klubun prezidenti Abdolbari Gözəlin vəfatı komandaya təsir etmişdi, üzgünlük hiss olunurdu. Bu çətinlikləri aşmaq asan deyildi.

“Styaua” ilə matça gəlincə, ilk gördüyüm odur ki, bu məğlubiyyət türklər demiş, Hocanın ayağına yazılar. Faydalı iş əmsalı nəinki 0 olan, hətta hər keçən dəqiqə komandanın ziyanına işləyən Aleksey Kaşuku 80 dəqiqə meydanda saxlamağın heç bir izahı yoxdur. O əvəzetmə vaxtında edilməli, ikinci hissənin əvvəli və ortalarındakı basqı və sürət davam etdirilməli, gücləndirilməli idi. Olmadı, edilmədi. Liqa mərhələsində keçirdiyi 6 matçda heç bir qolu başla vura bilməyən “Styaua” hər 3 topu standart vəziyyətdən həll elədi, elə başla da qollar vuruldu. Müdafiə xəttinin belə aşkar boşluqlar verməsi, eyni zamanda qapıçı Buntiçin kobud səhvi də işləri korladı. Desək ki, komanda mübarizə aparmadı, səhv etmiş olarıq. Elvin Cəfərquliyev və Marko Yankoviç Avropanın üst səviyyəsində futbolçulardılar, onların bugünkü performansı ayaqüstə alqışa layiqdir.

Kollektiv olaraq isə 10-12 dəqiqəlik aralıqlarla əldə edilən üstünlüyün məntiqi sonluğa çatmamasını sırf konsentrasiya azlığına bağlamaq olar. Aşkardı ki, “Qarabağ” son zamanlarda yaşadığı çətinliklərdən ayıla bilməyib. Ardıcıl problemlər mövsümün əvvəlindəki enişin davamı kimi oldu və bu gedişatı çevirmək, müsbət istiqamətə yönləndirmək mümkün olmadı. Qarşıda daha ətraflı analiz etmək, fikirlər söyləmək üçün vaxtımız olacaq. Dəqiq deyəcəyimiz şey budur ki, bu ilki avrokubok mövsümü “Qarabağ” üçün uğursuz alındı. Bu artıq mülahizə yox, faktdır. İndi “Olimpiakos” səfəri qalıb. Onu da bitirib heyəti düzəltməyə başlamaq lazımdır. Müdafiəyə də, orta xəttə də, hücuma da yaxşı transferlər lazımdır. Gələn sezonda da hazırkı vəziyyəti yaşamamaq üçün səhvlərdən nəticə çıxarılmalıdır”.

Daha çox xəbərlər