Cəmiyyətin “şortik” problemi… varmı?
Bir neçə gün qabaq İçərişəhərdə baş verən qalmaqallı insidentin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda şortik geyinən gənc oğlanla orta yaşlı kişi arasında gərgin mübahisə yaşandığı görünür.
İddialara əsasən, yaşlı kişi gənci geyiminə görə təhqir edib və ona sərt şəkildə irad bildirib. Hətta görüntülərdə kişinin “Səni bir də bu məhlədə görməyim!” dediyi eşidilir. Hadisə qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox istifadəçi baş verənləri şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirib, digərləri isə yaşlı kişinin davranışını sərt tənqid edib. Qalmaqallı görüntülərə tanınmış simalar da münasibət bildiriblər. Xalq artisti Brilliant Dadaşova hadisəyə biganə qalmayaraq sosial şəbəkə hesabında sərt reaksiya verib: “Bu nədir? Qoçu zəmanəsidir? Bakıda heç qoçular kimisə geyiminə görə təhqir etməyiblər”.

Bəs haqlı tərəf kimdir?
Yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a qeyd edib ki, Azərbaycanda insanları geyiminə görə qarşılayıb, ağlına görə yola salmağı hələ də tam bacarmırlar: “Bəli, geyim mədəniyyəti ilə bağlı ölkəmizdə hələ də müəyyən problemlər mövcuddur. Halbuki geyim mədəniyyəti dünyanın müxtəlif xalqlarında çoxsaylı amillərin təsiri altında formalaşıb. Tarixən Azərbaycanda da həm etnik, həm milli, həm dini, həm də məhəlli baxışlara uyğun olaraq, eyni zamanda, sağlamlıq, ekologiya, xarici təsirlər və mövsümi şərtlər nəzərə alınmaqla müxtəlif geyim formaları yaranıb”.
Kulturoloq qeyd edib ki, son illərdə qlobal miqyasda baş verən iqlim dəyişiklikləri, temperaturun artması, fəsillərin yerinin dəyişməsi, bəzən birbaşa yaydan qışa keçid hissinin yaranması, eləcə də dəb industriyasında və ümumilikdə hər nəslin geyim mədəniyyətində baş verən yeniliklər insanların geyim seçiminə də təsir edib. Onun sözlərinə görə bu baxımdan Azərbaycanda da istilərlə əlaqədar olaraq son illər oğlan uşaqlarının, gənclərin və yeniyetmələrin şortik geyinməsini, xanımların qısa ətək geyinməsini normal qarşılamaq lazımdır: “Doğrudur, elə zonalarımız, bölgələrimiz var ki, bu cür geyimlər yaxşı qarşılanmır. Mühafizəkar bölgələrimizdə insanlar bunu qəbul etmirsə, heç kəs belə geyimlərdən istifadə etmirsə, sən təkbaşına şortik geyinməklə onlara meydan oxuya bilməzsən. Bu da bir reallıqdır. Lakin dünyanın az qala beyin mərkəzlərindən, iqtisadi mərkəzlərindən birinə çevrilən, hər gün beynəlxalq tədbirlərin keçirildiyi Bakıda, xüsusilə də İçərişəhərdə belə bir hadisənin baş verməsi həm insan hüquqlarına, həm gənclərin geyim seçiminə, həm də ümumilikdə fərdi həyat tərzinə açıq müdaxilə kimi qəbul edilməlidir. Sual yaranır: həmin ağsaqqal və ya yaşlı adam eyni reaksiyanı xarici turistə göstərə bilərdimi? Belə çıxır ki, xaricilərə olar, amma öz vətəndaşlarımıza olmaz? Bu yanaşmanın özü ayrı-seçkilikdir.

Bu gün Yaponiya kimi son dərəcə mühafizəkar ölkədə artıq qalstuksuz, pencəksiz şəkildə ofislərdə, hətta bəzi dövlət qurumlarında işləməyə icazə verilir. Məqsəd elektrik enerjisinə qənaət etmək, kondisionerlərdən daha az istifadə etmək, planetin daha da istiləşməsinin qarşısını almaq, okeanların səviyyəsinin yüksəlməsini və əbədi buzlaqların əriməsini yavaşlatmaqdır. Yəni hər kəs qlobal problemlərin həllinə müəyyən töhfə verməyə çalışır. Lakin Azərbaycanda bəzən elə təsəvvür yaranır ki, bəzi insanların düşüncəsi hələ də XVI-XVIII əsrlərdə qalıb. Əgər həmin şəxslər özlərini geyim üzrə mənəvi müfəttiş hesab edirlərsə, bəs nə üçün onlar xanımların qısa ətək, göbəyi açıq geyimlərinə eyni sərt reaksiya vermirlər? Halbuki bu tip insanlar bəzən həmin geyimdə olan xanımların arxasınca uzun müddət baxmaqdan da çəkinmirlər. Amma gənc oğlanlar istiyə görə, dünyanın hər yerindəki həmyaşıdları kimi şortik və ya idman geyimi geyinən kimi birdən-birə namus, qeyrət, ana-bacı mövzuları yada düşür. Mentalitet fontanı işə düşür və “mənim məhəlləmdə şortik geyinmə” kimi ifadələr ortaya atılır. Əgər kimsə şortikli oğlan görmək istəmirsə, özünü görməməzliyə vurub yanından keçə bilər. Bu qədər sadə”.
Aydın Xan Əbilov həmçinin qeyd edib ki, son dövrlərdə həm ictimai yerlərdə, həm də televiziyalarda bir qədər açıq-saçıq geyimlərə etiraz edilir: “Hətta qeyri-qanuni olsa da, Konstitusiyanın ruhuna zidd olsa da, müəyyən qadağalar tətbiq etməyə çalışan televiziya kanalları da var. Onlardan soruşmaq lazımdır ki, əgər insanın geyimi qanunu pozmursa, ictimai asayişə təhlükə yaratmırsa, hansı əsasla siz ona müdaxilə edə bilərsiniz? Əgər bir şəxs ifrat dərəcədə açıq geyinmirsə, uşaqların, yeniyetmələrin, ailələrin etik dəyərlərinə açıq hörmətsizlik nümayiş etdirmirsə, insanların psixologiyasına zərər vermirsə, hansı məntiqlə ona etiraz etmək olar?
Hadisədə diqqət çəkən başqa məqam da budur ki, yaşlı kişi gənci hamının gözü qarşısında söyüşlərlə təhqir edir. Gənc isə onu videoya çəkib aidiyyəti qurumlara müraciət edəcəyini deyəndə “xəbərçisən” deyə yenidən təhqir olunur. Buna nə ad vermək olar?
Həmin məhəllədə həmin kişinin ailəsi, qohumları, yaxınları yoxdurmu? Onlar bu söyüşləri eşitmirlərmi? O tərbiyəsiz ifadələri qəbul edirlərmi? Əgər yox, niyə başqasının övladına qarşı bu cür davranış normal hesab edilməlidir? Hesab edirəm ki, belə hallara qarşı çox sərt ictimai qınaq olmalıdır. Düşünürəm ki, əlaqədar hüquq-mühafizə orqanları həmin şəxsi məsuliyyətə cəlb etməli, ən azı inzibati qaydada cərimələməlidirlər. Çünki bu gün cəzasız qalan şəxs sabah başqa bir gənclə mübahisə edib onu döyə, xəsarət yetirə bilər. Eləcə də qarşı tərəf özünü müdafiə etməyə çalışarkən daha ağır hadisələr baş verə bilər. Son illərdə həkimlərdən tutmuş İT mütəxəssislərinə qədər on minlərlə gənc və istedadlı insan Azərbaycanı tərk edir. Dövlət qurumlarından özəl sektora qədər biz xüsusi bacarıqlı gəncləri tapıb qiymətləndirməkdə çətinlik çəkirik. Soruşanda da deyirlər ki, səbəb maaşların az olmasıdır. Bəli, maaş amili var. Amma məsələ təkcə maaş deyil. Bu cür qoçuluq edən, başqasının həyatına müdaxilə edən, gəncləri daim mühakimə edən insanlar da istedadlı gənclərin ölkədən getməsində rol oynayırlar. Maraqlansaq görərik ki, həmin yaşlı adam bəlkə də bütün günü nərd oynamaqla məşğuldur, nə işləyir, nə də cəmiyyətə ciddi fayda verir. Amma istedadlı gənclər şortik geyinib işə gedirlərsə, innovasiya yaradır, proqram yazır, şirkətlər qurur, vergi ödəyirlərsə, onları sıxışdırıb bu ölkədən qovmağa kimə səlahiyyət verilib? Azərbaycanın gələcəyi geyimə görə insanları mühakimə edənlərin deyil, biliyi, bacarığı, peşəkarlığı və dünyagörüşü ilə ölkəyə dəyər qatan gənclərin üzərində qurulmalıdır”.

