Səməd Vurğunun 120 illik yubileyi münasibətilə “Poeziyanın ölməz nəfəsi” adlı ədəbi-bədii gecə keçirilib
Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə Rayon Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Poeziyanın ölməz nəfəsi” adlı ədəbi-bədii gecə təşkil edilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan aparıcı Səməd Vurğunun Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində müstəsna xidmətlərindən bəhs edib. Qeyd olunub ki, xalq şairinin yaradıcılığı milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ideyalarının və azərbaycançılıq məfkurəsinin bədii təcəssümüdür.
Tədbirdə Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək Səməd Vurğunun Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən, onun zəngin ədəbi irsinin bu gün də aktuallığını qoruyub saxlamasından danışıb.
Daha sonra şairlər Zabil Təcnis, Əjdər və Eldar Quliyevlər çıxış edərək Səməd Vurğunun yaradıcılığı, Azərbaycan ədəbi mühitinə bəxş etdiyi dəyərli töhfələr və gənc nəslin milli ruhda formalaşmasında onun əsərlərinin əhəmiyyətindən söz açıblar.
Ədəbi-bədii gecənin konsert proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Yasin Əkbərov “Azərbaycan”, şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Valeh Rəfibəyli “Oxu gözəl”, şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Müzəffər Şükürov və şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Qəmbər Axundov “Dağlar” mahnılarını ifa ediblər. Fəxri mədəniyyət işçisi Reyhan Rəcəbova “Ceyran” mahnısını ifa edib, Respublika ifa müsabiqəsinin iştirakçısı Ruslan Nəcəfov “Yadıma düşdü” mahnısı ilə çıxış edib. Elşən Abbaszadənin saz ifası isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə həmçinin Gülgəzli kənd folklor klubunun müdiri Yaqut Tağıyeva tərəfindən Səməd Vurğunun “Şair, nə tez qocaldın sən?” şeiri bədii qiraətlə təqdim olunub.
Gecənin sonunda Bərdə Xalq Teatrının təqdimatında Səməd Vurğunun məşhur “Vaqif” dramından hazırlanmış səhnə nümayiş etdirilib. Tamaşanın rol ifaçıları Mehman QULİYEV, Aqşin Hacızadə, Samirə Xəlilova və digərlərinin səhnə hərəkəti və aktyorluq məharəti iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi milli ədəbi irsimizin təbliği, klassik poeziyamızın gənc nəslə çatdırılması və cəmiyyətimizdə mütaliə və poeziyaya marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin yüksək səviyyədə təşkili, zəngin proqramı və yaradıcı məzmunu Bərdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədovanın uğurlu təşkilatçılığı və mədəniyyətin inkişafına göstərdiyi diqqətin nəticəsi kimi iştirakçılar tərəfindən xüsusi rəğbətlə qəbul olunub. Onun rəhbərliyi ilə həyata keçirilən bu kimi layihələr rayonun mədəni həyatının zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə və ədəbi irsimizin yaşadılmasına mühüm töhfə verir.


