Fermada çobanın nitqi qüsurlu qızla münasibətinin üstü açıldı: “Onunla evlənmək istəyirdim”
Ağstafa rayonunda çoban fermada 35 yaşlı qıza təcavüzdə ittiham edilib.
1970-ci il təvəllüdlü Qazax rayon sakini Qorxmaz Ceyrançöl ot-qışlaq sahəsinin Ağstafa rayonu ərazisində, Faiq adlı şəxsə məxsus fermada 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına kimi çoban işlədiyi dövrdə Zibeydə (adlar şərti verilib – red.) ilə dəfələrlə təbii yolla cinsi əlaqədə olub. Onun bəkarətini pozaraq zorlayıb.
İstintaq orqanı tərəfindən Qorxmazın barəsində Cinayət Məcəlləsinin 149.2.5-ci (zorlama təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qorxmaz elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, başqa yerlərdə də çobanıq edib: “300 manat əməkhaqqı qarşılığında Faiq adlı sahibkar məni çoban işləməyə çağırdı. Əməkhaqqından əlavə mənə keçi və qoyun veriləcəyini də dedi. Həmin fermada Zibeydə ata-anası ilə yaşayırdı. Bir il fermada qaldım, daha sonra getmək istədim. Səbəb sahibkarın mənə yalan danışması idi.
Zibeydə ilə münasibətdə olduğum üçün onu da özümlə aparmaq istəyirdim. O isə evlənmək məsələsini uzadaraq məni orada saxladı.
Zibeydənin qoçaqlığı xoşuma gəlirdi, onunla ailə qurmaq istəyirdim. Mən bir-iki günlüyə evimə gedəndə Zibeydə çobanlıq edirdi. Biz bir-birimizi sevirdik, bundan anasının da xəbəri vardı”.
Təqsirləndirilən şəxs deyib ki, Zibeydə ferma sahibi Faiqin əmisi qızıdı: “Günlərin birində Faiqi gözləyəndə yatıb qalmışdım. Bu zaman Zibeydə gəlib yanımda uzandı. Faiq fermada olanda Zibeydəni yanıma qoymurdum. Amma mən yatanda yanıma gəlirdi. Zibeydə ilə ailə qurmaq istəyimi Faiqə də dedim. Amma o, razı olmadı. Qız mənimlə birlikdə olmağa etiraz etmirdi.
Mən bir il fermada işlədim. Fermada olan iki otaqdan birində mən və Zibeydə, digərində isə Zibeydənin ata-anası qalırdı”.
Qorxmazın sözlərinə görə, Zibeydənin atası danışa, anası isə eşidə bilmir: “Onlara Zibeydə ilə evləndiyimizi demişdim. Zibeydənin nitq qabiliyyəti var, amma qüsurludur. Bizim evli olmağımız 2 ay çəkdi. Mən həbs olunana qədər Zibeydə ilə mütamədi cinsi əlaqədə olmuşam və buna o, etiraz etməyib. Üzləşdirmə zamanı Zibeydə mənimlə öz xoşu ilə əlaqədə olduğunu bildirdi. Mən onu hələ də sevirəm.
Faiqin mənimlə mübahisəsi heyvan üstündə oldu, fermada iki heyvanın əskik gəldiyini iddia etdi. Bundan sonra da məndən şikayət elədi ”.
Təqsirləndirilən şəxs deyib ki, Zibeydəyə aralarındakı münasibət barədə heç kimə heç nə demək tapşırığı verməyib: “Faiq fermaya gələndə Zibeydəni başqa otağa göndərmişəm. Amma bizim evli olduğumuzu o da bilirdi. Elçi göndərmək istəyimi Faiqə deyəndə o, etiraz etdi. Çünki Zibeydəyə və ailəsinə maaş vermirdi, pulsuz işçini itirmək istəmirdi”.
Qorxmazın bildirdiyinə görə, Zibeydənin hamilə qalması ilə bağlı Faiqlə heç bir söhbəti olmayıb: “Faiq mənə demişdi ki, qoyunun balası olanda sənə verəcəm. Sözünü tutmadığı üçün işdən ayrıldım. İşdən çıxandan sonra 2 dəfə Zibeydənin yanına getmişəm”.
Zərərçəkmiş şəxs qismində dindirilən Zibeydənin sözlərinə görə, anası Cəmilə, atası Vidadi ilə birlikdə əmisigilə məxsus fermanın yatağında yaşayıb: “Əvvəllər fermada Qorxmaz adlı çoban işləyirdi, bizimlə birlikdə yaşayırdı. Fermada dəfələrlə mənimlə cinsi əlaqədə olmuşdu. Mənə bu barədə heç kəsə heç nə deməməyi tapşırmışdı”.
Zərərçəkmiş bildirib ki, Qorxmaz cinsi əlaqədə olmaq üçün onu döyməyib, ona hər hansı zor göstərməyib və ya hədələməyib: “Münasibətlərimizi anam, əmim oğlu Faiq və ya başqa şəxs bilmirdi. Qorxmazdan savayı heç kəslə cinsi əlaqədə olmamışam”.
Zərərçəkmişin anası Cəmilənin sözlərinə görə, qızı uşaq dünyaya gətirdikdən sonra hadisədən xəbər tutub.
Ferma sahibi Faiq ifadəsində qeyd edib ki, Qorxmazı fermaya çoban götürdükdən 3-4 ay sonra Zibeydə ilə evlənmək istədiyini deyib: “Mən isə ona Zibeydənin xəstə olduğunu dedim, bir daha bu söhbəti açmamasını istədim. O da razılaşdı. Problemlərimin olması səbəbindən uzun müddət fermaya gedə bilmədim. Qorxmaz yoxluğumdan istifadə edib, bu hadisəni törədib.
O dövrdə arada fermaya gedib-gələndə Zibeydəyə fikir verməmişəm, onun hamilə qalmasını hiss etməmişəm. Məsələni öyrəndikdə anası ilə birlikdə prokurorluğa şikayət etdik”.
Ferma sahibinin sözlərinə görə, Zibeydə fermada ata-anası ilə birlikdə qalırmış: “Qorxmaz ona və ailəsinə hədə-qorxu gəlib, baş verənləri məndən gizlədiblər”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Qorxmaz 7 il müddətə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimdə çəkilməsi müəyyən edilib./Teleqraf

