Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır

Azərbaycan futbolu üçün milyardlıq vitrin: “Sabah”ın qarşısına Kataloniya nəhəngi çıxır

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında bu gün V turun oyunları keçiriləcək. Günün diqqətçəkən qarşılaşmalarından biri paytaxtımızda “Sabah” və “Barselona” komandaları arasında baş tutacaq. Rəqib bu turnirində beşqat qalibidir.

Tur çərçivəsində “Liverpul” “Brügge”nin, “Bayern” “Lill”in, “İnter” “Ştutqart”ın, “PSJ” isə “Roma”nın qonağı olacaq. “Sportinq” – “Mançester Yunayted” və “Şaxtyor” – “Fənərbağça” oyunları da futbol azarkeşlərinin diqqət mərkəzində olacaq.

“Sabah” doğma meydanda “Barselona” kimi nəhəng rəqib qarşısında futbolumuza yeni uğur qazandıra biləcəkmi?

kenan-mesteliyev.jpg (296 KB)

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a deyib ki, bu, sadəcə növbəti avrokubok qarşılaşması deyil, dünya futbolunun ən böyük klublarından birinin Azərbaycan paytaxtında meydana çıxmasıdır:

““Barselona”nın adı futbol tarixində ayrıca bir səhifədir. Bu klubun formasını geyinmiş Messi, Kroyf, Xavi, İnyesta, Puyol, Ronaldinyo, Rivaldo, Ronaldo, Romario, Neymar, Maradona və digər əfsanələrin yaratdığı futbol irsi bu gün də milyonlarla azarkeşin yaddaşında yaşayır. Belə bir komandanı Bakıda, özü də Azərbaycan çempionu ilə qarşılaşmada izləmək unudulmaz hadisədir. “Sabah”ın “Barselona” ilə oyuna çıxması klubumuzun inkişaf yolunda da mühüm mərhələdir. Gənc komanda Çempionlar Liqasında debüt mövsümünü keçirir və əsas mərhələdə artıq xal qazanaraq, qələbə əldə edərək öz potensialını göstərib. İndi isə qarşımızda dünyanın ən güclü futbol məktəblərindən birinin təmsilçisi var”.

Futbol mütəxəssisi bildirib ki, bu səviyyədə rəqibə qarşı nəticə proqnozlaşdırmaq, taktiki üstünlüklərdən danışmaq asan deyil:

“Barselona” hətta əsas ulduzlarından biri meydanda olmadıqda belə, yüksək keyfiyyətli və təhlükəli komandadır. Buna görə də “Sabah”dan qeyri-real gözləntilər yaratmaq əvəzinə, bu tarixi qarşılaşmanın özündən zövq almaq daha doğru yanaşmadır. Rəqibin gücü və təcrübəsi arasında fərq böyükdür, bunu qəbul etmək məğlubiyyətə əvvəlcədən razılaşmaq deyil, futbol reallığını anlamaqdır. Bu axşam Bakı Olimpiya Stadionunda təkcə futbol oyunu deyil, həm də Azərbaycanın beynəlxalq miqyasda tanıdılması baxımından böyük fürsət yaşanacaq. Qarşılaşmanın dünyanın təxminən 200 ölkəsində yayımlanması, yüzlərlə xarici jurnalistin Bakıda olması ölkəmizin, şəhərimizin və futbolumuzun geniş auditoriyaya təqdim olunmasına şərait yaradacaq. “Sabah”ın nəticəsindən asılı olmayaraq, bu matç Azərbaycan futbolunun tarixində xüsusi yer tutacaq. Bu gün dünya futbolunun diqqəti Bakıya yönəlir və biz bu böyük futbol bayramının iştirakçısı olmaqdan qürur duymalıyıq”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir