Paşinyan seçki kartını masaya qoydu – Ermənistan sülhdən yayınır?

Paşinyan seçki kartını masaya qoydu – Ermənistan sülhdən yayınır?

Ermənistanda yeni konstitusiya layihəsi ətrafında siyasi qarşıdurma dərinləşir. Baş nazir Nikol Paşinyan noyabrın 26-da növbədənkənar parlament seçkilərinin keçirilməsinə heç bir maneə olmadığını bəyan edib. Bu açıqlama hakimiyyətlə müxalifət arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Məsələ ondadır ki, Paşinyanın təqdim etdiyi yeni konstitusiya layihəsi 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını nəzərdə tutur. Bakı bunu Azərbaycanla sülh sazişinin imzalanması üçün vacib şərtlərdən biri hesab edir. Hakim partiyanın parlamentdə referendumun təşkili üçün tələb olunan 70 səsdən cəmi 64-nə malik olması isə Paşinyanı müxalifətin dəstəyini axtarmağa məcbur edir. Müxalifət isə layihəyə qarşı çıxır.

Belə olan halda, Paşinyanın növbədənkənar seçki ehtimalını gündəmə gətirməsi müxalifətə təzyiq vasitəsidir, yoxsa Ermənistanı yeni siyasi böhrana aparan addımdır və bu qarşıdurma Azərbaycanla sülh sazişinin imzalanmasına mane ola bilərmi?

Politoloq Azər Qasımov Musavat.com-da qeyd etdi ki, Ermənistanda Konstitusiya dəyişikliyi məsələsinin müxalifət tərəfindən xoş qarşılanmayacağı əvvəlcədən bəlli idi: “Bunun üçün hüquqi bazanın, yəni parlamentdə yetərli qədər səsin də olmadığı bilinirdi. Bu durumda məsələnin dalana dirənməsi təbiidir. Müxaliflərin də geri çəkiləcəyi mümkünsüzdür. Hətta yeni parlament seçkiləri təyin etməyin də nəyisə dəyişəcəyi sual altındadır. Bu qədər müəmmaya hələ konstitusiya dəyişikliyi üçün referendum olsa belə nəticənin müsbət olacağının qaranlıq olması onu göstərir ki, Azərbaycanla sülh məsələsində ciddi problemləri var”.

Politoloq hesab edir ki, Ermənistanda baş verən hər prosesə Azərbaycan tarixi aspektdən baxmalıdır: “Yəni tarix heç vaxt unudulmamalıdır. Hətta Ermənistan Azərbaycana qarşı bu günə kimi göstərmədiyi müsbət münasibəti göstərsə belə, biz, heç vaxt olanları unudub Ermənistanla heç nə olmamış kimi yaşamamalıyıq. Paşinyan da bir ermənidir, müxalifətdə olanlar da. Biz heç vaxt bu fikri kənara qoymamalıyıq ki, onlar oyun oynamır. Əslində, görünən odur ki, burda oyun oynanılır və vaxt qazanılması üçün bəhanələr yaradılır. Ermənistan ilk növbədə Rusiyanın vəziyyətinin Ukrayna müharibəsindən sonra necə olacağını gözləmək istəyir. Bu isə həm Qərb, həm də Avropa İttifaqının durumunu müəyyən edəcək. Hesab edirəm ki, Azərbaycanın Ermənistana yaratdığı sülh şəraitində yaşamaq şansı onlar üçün son şansdır. Bundan doğru istifadə etməlidirlər. Gələcəyin Ermənistan üçün nə gətirəcəyi məlum deyil. Ona görə Ermənistan gələcəyini qurmaq üçün bu gününü layiqincə dəyərləndirməlidir”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir