Dünya nəhəngi ilə qarşılaşmada tribunalar doldu, amma stadiona gediş-gəliş, işıqlandırma, bilet sistemi və taksi xidmətinin təşkili ciddi suallar doğurdu…
2026/2027 mövsümü UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatması keçiriləndə Bakıda isti yay günləri idi – gərək ki, avqustun sonuncu həftəsi. O vaxtdan Azərbaycanda “Sabah”ın Bakıda rəqibi olacaq “Barselona”nın gəlişi səbirsizliklə gözlənilirdi. Aydındır ki, Kataloniya təmsilçisinin ölkəmizdə ciddi azarkeş ordusu, fan-klubu var.
Qarşılaşmanın noyabrın son həftəsində keçiriləcəyini nəzərə alaraq havaya etibar etmək olmazdı. Amma yenə də əvvəlcədən bilet aldım ki, stadiona getməsək belə, xatirə kimi qalsın. “Barselona” Allah bilir, bir də Bakıya nə vaxt gələsi idi…
Oyun günü havaya baxdıq: qarşılaşmaya bir neçə saat qalmış soyuq külək əsir, yağış yağırdı. Ona görə evin balacasına stadiona getməmək, evdə oturub çay içə-içə televizorda oyuna baxmaq üçün nə qədər dil tökdümsə, xeyri olmadı. Beləcə, hər gün yanından keçib işə getdiyim, amma heç vaxt həndəvərində belə olmadığım Bakı Olimpiya Stadionuna yollandıq.
***
Y
Yadımdadır, bu stadion tikiləndə xüsusilə cığal müxalifət cameəsində xeyli söz-söhbət yaranmışdı. Layihəni çox bahalı hesab edənlər Olimpiya stadionuna ehtiyac olmadığını deyirdilər. Podratçı şirkətin məlumatına əsasən, stadionun tikintisi 640 milyon dollara başa gəlmişdi. (Başqa bir mənbədə isə tikintinin 775 milyon dollara başa gəldiyi yazılıb.) O vaxt bu tənqidlərə cavab olaraq yazmışdım ki, belə idman obyektləri heç bir hökumətin şəxsi malı-mülkü deyil, heç kim onları söküb özü ilə aparmayacaq. Bu mülk dövlətin və gələcək nəsillərindir…
Bu stadionda indiyədək bir çox irimiqyaslı idman yarışları keçirilib. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edib. Burada 2019-cu ildə UEFA Avropa Liqasının finalı, 2021-ci ildə isə AVRO-2020 çərçivəsində bir neçə qarşılaşma keçirilib. COP29 kimi miqyaslı tədbirlər də bu stadionda təşkil olunub. 68 minə yaxın tamaşaçı tutumu olan stadion hər ölkədə yoxdur. Təsadüfi deyil ki, UEFA Bakı Olimpiya Stadionunu “Allianz Arena”, “Kamp Nou” və “Santyaqo Bernabeu” kimi dünyaca məşhur stadionlarla eyni sırada təqdim edib.
***
“Barselona” ilə oyunda, hava şəraitindən asılı olmayaraq, stadionun dolacağı qarşılaşmadan əvvəl bəlli idi. “Sabah”ın baş məşqçisi Dombrasaskasın azarkeşlər mövzusunda həssas olduğunu bilirik. “Barsa” ilə oyunda da biletlərin tam satılmasının əsl səbəbini bilməmiş deyildi. Ona görə bir qədər kinayəli görünən “Azərbaycanlı azarkeşlər üçün üzüldüm, çünki onlar Lamin Yamalı görmək istəyərdilər” açıqlamasını vermişdi. Yəni bu stadionu azarkeşlərlə doldurmaq hər klubun işi deyil. Buna vaxtilə “Qarabağ” da nail ola bilməmişdi, indi “Sabah” da. “Barselona” ilə oyunda isə vəziyyət fərqli idi…
***

Oyun haqqında hər şey yazılıb, hər şey bəllidir. Amma ilk təəssüratım budur ki, Bakı Olimpiya Stadionunda nələrsə düzgün qurulmayıb.
Ən əsası, stadiona aparan yolun uzunluğudur. Ola bilsin, bu mənim ilk təcrübəm idi və yol mənə çox uzun, yorucu gəldi. Amma oyundan əvvəl başqa təcrübəli həmkarlar da stadiona gediş-gəlişin belə çətin olduğunu, bu cür oyunlarda (söhbət təkcə “Sabah”ın oyunlarından getmir) təşkilatçılıq baxımından həmişə problemlər yarandığını demişdilər. Bununla belə, yolun bu qədər uzun olacağını təsəvvür etmirdim.
Bilmirəm, dünyanın harasındasa stadiona gedən belə uzun yol varmı, bəlkə də, doğrudan da, belə olmalıdır. Amma nəzərə alınmalıdır ki, futbola və ya başqa idman yarışlarına təkcə gənclər deyil, yaşlılar da gedirlər. Üstəlik, azyaşlılar üçün bu cür uzun məsafəni qət etmək çox çətindir. Eləcə də əlillər və əlil arabası ilə hərəkət edənlər üçün.
Həm də bu uzun yolun işıqlandırılması, demək olar ki, yox dərəcəsindədir. Yalnız könüllülər fərqləndirici, rəngli çubuqlarla hərəkət istiqamətini göstərirdilər. Daha bir problem kimi yersiz yerə qoyulmuş dəmir maneələri və süni sıxlıq yaradılmasını qeyd edərdim.
Bizimkilər bəlkə də buna öyrəşiblər, amma oyuna xaricdən də xeyli insan gəlmişdi, xüsusilə futbol bloqerləri. Onların yad ölkədə belə basabasla qarşılaşarkən təəccübləndiklərini və təlaş keçirdiklərini gördüm.
Üstəlik, oyundan əvvəl “iTicket” sisteminin yüklənməsi nəticəsində xaos yaranmışdı. İnsanlar biletlərinə baxa bilmir, yerlərini tapmaqda çətinlik çəkirdilər. Bu da stadionda azarkeşlər arasında ciddi problemlərə səbəb oldu. Sonradan “iTicket” açıldı, amma oyunun sonuna qədər əlində telefon gəzərək “Bura mənim yerimdir” deyənlər vardı.
***

Tamaşaçı üçün yaşıl meydanın görüntüsü möhtəşəmdir. Mənim tapa bildiyim bilet ikinci və ya üçüncü kateqoriyaya aid idi, yəni üçüncü mərtəbədə yerləşirdi. Amma əminəm ki, stadionun tikintisi peşəkarlar tərəfindən (deyəsən, türk şirkəti tikib) elə həyata keçirilib ki, burada tamaşaçı üçün “pis yer” yoxdur. Məsələn, Tofiq Bəhramov adına stadionda elə sektorlar var ki, adamın qarşısında yekə bir istinad dirəyi dayanır və meydanı görmək, faktiki olaraq, mümkünsüz olur. Yeri gəlmişkən, dünənki oyunda azarkeşlərdən “Heyf deyil Bəhramov stadionu” xiffətini də eşitdim…
***
/news/big/r/z/sabah-barselona-1-4-obzor-matcha-lch_17956367851970495031.jpg)
Nəhayət, oyundan sonra stadiondan çıxışla bağlı problemə toxunum. Getdiyimiz kimi, həmin dolambac yollarla geri qayıtmalı olduq.
Belə adlı-sanlı klublar gələndə, futbol oyunları keçiriləndə metro əməkdaşları sağ olsunlar, iş saatını bir saat da uzadırlar. Amma metrodan istifadə etməyənlər, məsələn, oyundan dərhal sonra ölkələrinə qayıtmaq üçün hava limanına getmək istəyənlər taksi xidmətindən bu basabasda necə yararlana bilərdilər?
Sonradan bir taksi sürücüsü dedi ki, oyundan sonra stadiondan hava limanına getmək üçün ən azı üç sifarişdən imtina edib. Səbəb isə geri qayıdarkən hava limanından şəhərə sifariş qəbul etməsinə maneə yaradılması olub. Şəhərə doğru hərəkət etmək də çox çətin idi. Taksiləri Heydər Əliyev prospektindən “ASAN xidmət”ə doğru sıxışdırmışdılar. Hansısa saytlarda gördüm ki, bu basabas oyundan bir neçə saat sonra da davam edib.
***
Oyun bitdi, “Barselona” qalib gəldi və azarkeşlər də sanki heç nə baş verməyibmiş kimi, hətta daha məmnun halda stadiondan dağılışdılar. “barsa”nın oyunu balet kimidir, baxmağa dəyər. Ona görə qismət olsa, bir də gəlsinlər…
“Sabah”ın isə Çempionlar Liqasında daha bir ev oyunu qalıb – yanvarın 20-də “Napoli” ilə qarşılaşma. İndidən bilet almaq üçün tərəddüd edirəm…

