Ekspert: Gələcəkdə heç bir ixtisas süni intellektin təsirindən kənarda qalmayacaq
Süni intellektin sürətli inkişafı artıq yalnız texnoloji yeniliklər və rəqəmsal imkanlarla məhdudlaşmır, insanların gündəlik həyatına, düşüncə tərzinə, təhsilinə və gələcək karyera seçimlərinə də təsir göstərir. Xüsusilə gənclər üçün bu dəyişikliklər həm yeni imkanlar yaradır, həm də qarşıya fərqli çağırışlar qoyur. Bir tərəfdən, süni intellekt bilik əldə etməyi, araşdırma aparmağı və yaradıcılıq imkanlarını genişləndirir, digər tərəfdən, hazır informasiyaya həddindən artıq güvənmək müstəqil düşünmə və təhlil bacarıqlarının zəifləməsi riskini gündəmə gətirir. Belə bir şəraitdə gənclərin qarşısında duran əsas vəzifələrdən biri texnologiyanın imkanlarından düzgün yararlanmaq, dəyişən əmək bazarının tələblərini anlamaq və gələcəyin peşələrinə indidən hazırlaşmaqdır.
Bəs süni intellekt hansı ixtisasların əhəmiyyətini artıracaq, yaradıcılıq və insan amili əmək bazarında əvvəlki mövqeyini qoruya biləcəkmi?

Sosioloq, təhsil eksperti Rəvan Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, süni intellektin sürətli inkişafı yalnız texnologiya və iqtisadiyyat sahəsində deyil, həm də insanların düşünmə tərzində, yaradıcılıq qabiliyyətlərində, təhsil prosesində və peşə seçimində ciddi dəyişikliklərə səbəb olacaq. Biz artıq elə bir mərhələyə daxil oluruq ki, insanın bilik əldə etməsi ilə yanaşı, həmin bilikdən necə istifadə etməsi, informasiya ilə işləməsi, qərar qəbul etməsi və texnologiyanı idarə etməsi daha böyük əhəmiyyət daşıyacaq.
Sosioloji baxımdan bu proses yalnız yeni peşələrin yaranması və bəzi peşələrin sıradan çıxması ilə məhdudlaşmır. Süni intellekt insanların əmək fəaliyyətinə, sosial münasibətlərinə, intellektual vərdişlərinə və özünü cəmiyyətdə reallaşdırma imkanlarına təsir göstərən genişmiqyaslı transformasiyadır.
Əsas məsələ texnologiyanın deyil, insanın ondan necə istifadə etməsidir
Ekspert qeyd etdi ki, süni intellektin gənclərə təsirini yalnız müsbət və ya mənfi istiqamətdə qiymətləndirmək doğru olmaz. Burada əsas məsələ gəncin süni intellektdən hansı məqsədlə istifadə etməsidir. Əgər gənc bu texnologiyadan hazır cavablar əldə etmək, tapşırıqları düşünmədən yerinə yetirmək və intellektual fəaliyyəti minimuma endirmək üçün istifadə edirsə, bu, müstəqil düşünmə, təhlil və problem həll etmə vərdişlərinin zəifləməsi riskini yarada bilər. Əksinə, süni intellektdən araşdırma, ideyaların müqayisəsi, yeni yanaşmaların yaradılması və biliklərin genişləndirilməsi üçün istifadə edən gənclər daha çevik düşünmə imkanları əldə edə bilərlər.
Gələcəkdə əsas təhlükə süni intellektin insanın yerinə düşünməsi deyil, insanın düşünmək ehtiyacından imtina etməsidir. Təhsil prosesində tələbə hər hansı mövzu üzrə mətn hazırlayarkən, problemin mahiyyətini anlamadan yalnız süni intellektin təqdim etdiyi nəticəni qəbul edirsə, burada bilik əldə etmək deyil, hazır informasiyanın istehlakı baş verir. Bu isə uzunmüddətli perspektivdə intellektual müstəqilliyə mənfi təsir göstərə bilər.
Yaradıcılıqda yeni mərhələ başlayır
R. Əliyevin sözlərinə görə, digər tərəfdən, süni intellekt yaradıcılığın tamamilə aradan qalxmasına səbəb olmayacaq. Əksinə, yaradıcılığın mahiyyəti dəyişəcək. Əvvəllər yaradıcılıq daha çox ideyanın ilkin formalaşdırılması və onun texniki icrası ilə əlaqələndirilirdisə, gələcəkdə ideyanın seçilməsi, düzgün sualın verilməsi, müxtəlif həll yollarının qiymətləndirilməsi və ortaya çıxan nəticənin insan ehtiyaclarına uyğunlaşdırılması daha böyük əhəmiyyət qazanacaq.

Gələcəyin peşələrini onların adı deyil, məzmunu müəyyənləşdirəcək
Ekspert vurğuladı ki, gələcək əmək bazarında hansısa ixtisasın tamamilə təhlükəsiz olduğunu söyləmək çətindir. Çünki süni intellekt bir ixtisası bütövlükdə deyil, həmin ixtisas daxilindəki ayrı-ayrı fəaliyyətləri avtomatlaşdırır. Buna görə də ixtisasların gələcəyini qiymətləndirərkən onların yalnız adlarına deyil, fəaliyyət məzmununa diqqət yetirmək lazımdır.
Aşağıdakı istiqamətlər gələcəkdə daha böyük əhəmiyyət qazanacaq: informasiya texnologiyaları, süni intellekt mühəndisliyi, proqram təminatı, data analitikası, kibertəhlükəsizlik, informasiya sistemlərinin idarə edilməsi və robototexnika. Eyni zamanda, tibb və səhiyyə sahəsində də fərqlər bilinəcək. Həkimlik, klinik fəaliyyət, reabilitasiya, psixologiya və insanla birbaşa ünsiyyət tələb edən səhiyyə xidmətləri dəyişəcək.
Bu istiqamətlərin aktuallığını qoruyacağını düşünməyimin əsas səbəbi onların bir çoxunda yalnız məlumatın emalının deyil, qərarvermənin, məsuliyyətin, real şəraitin qiymətləndirilməsinin, insanlarla qarşılıqlı əlaqənin və kompleks problemlərin həllinin tələb olunmasıdır. Bununla belə, bu sahələrin heç biri süni intellektdən kənarda qalmayacaq. Gələcəkdə həkim, müəllim, hüquqşünas, mühəndis və iqtisadçı olmaq kifayət etməyəcək; həmin mütəxəssislərin süni intellektlə işləmək bacarığı da vacib olacaq.
İxtisas seçərkən sabahın tələbləri nəzərə alınmalıdır
R. Əliyev diqqətə çatdırdı ki, gənclərə ixtisas seçərkən yalnız hazırkı əmək bazarını deyil, gələcəkdə həmin ixtisasın hansı funksiyaları yerinə yetirəcəyini düşünməyi tövsiyə edirəm. İxtisas seçimi zamanı sırf bu gün yüksək maaşlı olması və ya populyarlığı əsas meyar olmamalıdır. Gənc seçdiyi sahənin gələcək inkişaf perspektivlərini, texnologiyanın həmin sahəyə təsirini və öz şəxsi qabiliyyətlərini birlikdə qiymətləndirməlidir:
“Gənclərə tövsiyəm odur ki, süni intellektlə rəqabət aparmağa çalışmasınlar. Onlar süni intellektdən daha səmərəli istifadə etməyi öyrənərək, texnologiyanın imkanlarını insan düşüncəsi, yaradıcılığı və sosial məsuliyyətlə birləşdirməlidirlər. Gələcəyin ən güclü mütəxəssisi texnologiyanın əvəz etdiyi deyil, texnologiyanın imkanlarını öz bilik və bacarıqları ilə daha yüksək səviyyəyə çatdıran insan olacaq”.
Nigar Orucova, “İki sahil”
