BMT TŞ-dakı debatlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri barədə mnəlumat verilib
ARANTV.AZ xəbər verir ki, “Azərbaycan ərazilərinin hərbi yolla işğalı və etnik təmizlənməsi Dağlıq Qarabağ münaqişəsinin həlli yolu deyil və heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək”. BMT Təhlükəsizlik Şurasındakı debatlarda münaqişənin tənzimlənməsi prinsipləri barədə məlumat verilib.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Konstitusiyasını pozan və beynəlxalq hüquqa müvafiq olmayan şərtlər əsasında nizamlanması mümkün deyil. Təhlükəsizlik Şurasında münaqişələrin dinc yolla tənzimlənməsinə vasitəçilik mövzusunda keçirilən debatlarda Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev belə deyib. Bildirilib ki, Təhlükəsizlik Şurası 1993-cü ildə yekdilliklə qəbul edilən 4 qətnaməsində Azərbaycana qarşı güc tətbiq olunmasını, ərazilərinin işğalını, mülki şəxslərə hücumu pisləyib. Həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin ərazilərimizdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilib. Təəssüf ki, bu tələblər hələ də yerinə yetirilməyib, BMT çərçivəsində 26 il ərzində göstərilən vasitəçilik səyləri hələlik nəticə verməyib. Əksinə, daha əvvəlki xəbərdarlıqlara, tələblərə və münaqişənin beynəlxalq birlik tərəfindən pislənməsinə baxmayaraq, işğal olunan ərazilərin ilhaqı məqsədilə qərəzli tədbirlər görülür. Bu isə beynəlxalq hüququn açıq-aşkar pozulması deməkdir. Məsələn, işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırılma, tarixi-mədəni irsin məhvi və mənimsənilməsi, əmlakın, təbii resursların və digər nemətlərin istismarı, talanı bu cür əməllərə aiddir. Azərbaycan öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorakılıqla köçürülməsindən əziyyət çəkən ölkə kimi münaqişənin qısa müddətdə siyasi yolla nizamlanmasında, onun nəticələrinin aradan qaldırılmasında ən çox marağı olan tərəfdir. Bildirilib ki, Azərbaycan ərazilərinin hərbi yolla işğalı və etnik təmizlənməsi münaqişənin həlli yolu deyil və heç vaxt sülh, barışıq və sabitlik gətirməyəcək.

