Sumqayıtda quruculuq abadlıq işləri davam edir
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində Sumqayıtda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur. Bakı-Quba yolunun kənarlarında isə yaşıllıq salınıb. Görülən işlər nəticəsində şəhər müasir görkəm alır.
Sumqayıt şəhəri sakinlərinin gözləri önündə və onların iştirakı ilə dəyişir, gözəlləşir. Bu şəhər son illərdə ölkəmizin sürətli inkişafını, əldə etdiyi uğurları göstərən parlaq nümunədir. Sumqayıt sanki yenidən qurulur. Sənaye potensialı güclənməklə yanaşı geniş miqyaslı infrastruktur və sosial layihələr şəhərin simasını müasirləşdirməklə əhalinin həyatına da rahatlıq gətirir. Bu baxımdan yaşayış binalarının təmirini xüsusi vurğulamaq lazımdır. Şəhərin mənzil fonduna daxil olan binaların 550-nin dam örtüyü son 3 ildə dəyişdirilib. Hazırda bu işlər 9, 10, 11 və 12-ci mikrorayonlarda davam etdirilir. Binaların giriş qapıları da dəyişdirilir, pilləkən qəfəsləri təmir edilir, həyətlər abadlaşdırılır.
Son bir neçə ildə Sumqayıtda yol-nəqliyyat infrastrukturu da yenilənib. Mikrorayonlarda daxili yollar, eləcə də Səməd Vurğun, Koroğlu, Nizami, İsmət Qayıbov, Babək, Kamran Hüseynov, Cəfər Cabbarlı küçələri yenidən qurulub. Ağa Quliyev, Kimyaçılar, Nəriman Nərimanov, Mehdi Hüseyinzadə küçələrində də təmir işləri başa çatdırılıb. Küçələrin kənarında mərmər bardürlər tikilib. Hazırda Üzeyir Hacıbəyov küçəsinin asfaltl örtüyü yenilənir.
Bu il Sumqayıtda 27 nümunəvi həyət salınıb. Burada sakinlərin asudə vaxtlarını səmərəli keçirtmək üçün kölgəlik və attraksionlar quraşdırılıb, voleybol, basketbol meydançaları tikilib.
Təkcə bu il Sumqayıtın parklarında, küçələrin kənarında 50 mindən artıq qızılgül kolu, 25 mindən çox ting əkilib. Yenidən qurulan Koroğlu və Sülh prospektinin kənarında, Bakı-Quba yolunun 28-ci kilometrindən başlayaraq yolun sağ və sol hissələrində də yaşıllıq salınıb. Onları suvarmaq üçün müasir sistem qurulub. Beləcə, Sumqayıt gündən-günə yaşıllığa qərq olur. Bu şəhərin ekoloji problemlərdən əziyyət çəkdiyi günlər artıq keçmişdə qalıb. Sumqayıt ölkəmizin sənaye mərkələrindən biri olmaqla yanaşı həm də müasir infrastrukturu, böyük turizm potensialı olan bir şəhərdir. Sumqayıtlılar bu gözəlləşən şəhərləri ilə fəxr etməkdə haqlıdırlar.

