“Oğlanlar 18 yaşında əsgər aparılmasınlar” – Hərbi çağırışda köklü dəyişiklik TƏKLİFİ

“Oğlanlar 18 yaşında əsgər aparılmasınlar” – Hərbi çağırışda köklü dəyişiklik TƏKLİFİ

Azərbaycanda peşə və orta ixtisas təhsili müəssisələrində oxuyan gənclərin hərbi xidmətə çağırışdan möhlət hüququ məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Mövcud qanunvericiliyə əsasən, ali təhsil müəssisələrində əyani təhsil alanlara müəyyən şərtlərlə hərbi xidmətdən möhlət hüququ verildiyi halda, peşə məktəbləri və kolleclərdə təhsil alanlar bu imkandan yararlana bilmirlər. Nəticədə 18 yaşı tamam olan gənclər təhsillərini başa vurmadan hərbi xidmətə çağırıla bilirlər.

Məsələ ilə bağlı fərqli mövqelər səsləndirilir. Bir tərəf hesab edir ki, peşə təhsili alan gənclərə də möhlət hüququ verilməli, onlar seçdikləri ixtisas üzrə hazırlıqlarını yarımçıq qoymadan başa çatdırmalıdırlar. Digər yanaşmaya görə isə peşə təhsilinin müddəti nisbətən qısa olduğundan bu kateqoriyaya ayrıca güzəştin tətbiqinə ehtiyac yoxdur. Bununla yanaşı, möhlət hüququnun yalnız peşə məktəblərinə deyil, kolleclərə də şamil edilməsi məsələsi gündəmə gətirilir.

Digər tərəfdən, hərbi xidmətin dövlət və vətəndaş qarşısında mühüm öhdəlik olduğu nəzərə alınarsa, təhsil hüququ ilə hərbi vəzifə arasında balansın qorunması vacibdir.

Bəs peşə və orta ixtisas təhsili alanlara möhlət verilməsi hərbi çağırış sisteminə necə təsir edə bilər? Bu güzəştin tətbiqi hərbi xidmətdən yayınmaq üçün sui-istifadə hallarına yol aça bilərmi?

CROSSMEDIA - Azərbaycan hərbi gücünü artırır -Raket istehsal olunacaq

Mövzu ilə bağlı Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli Musavat.com-a danışıb. Ekspert hesab edir ki, istər 9-cu, istərsə də 11-ci sinifdən sonra təhsilini davam etdirən gənclərə seçdikləri ixtisasa yiyələnmək üçün şərait yaradılmalıdır:“İndiyə qədər ali təhsilli və ali təhsil alan vətəndaşların hərbi xidmət müddəti haqqında çox danışılıb, amma bu məqamlara toxunulmayıb. Ümumiyyətlə, hesab edirəm ki, orta məktəbi bitirdikdən sonra vətəndaşın təhsil prosesinə xüsusi diqqət yetirilməlidir. Bu, peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil ola bilər. Yəni peşə məktəbi, kollec və yaxud ali təhsil müəssisəsi nəzərdə tutulur. Hesab edirəm ki, orta məktəbi bitirən Azərbaycan vətəndaşına – istər 9-cu, istərsə də 11-ci sinfi bitirmiş olsun – gələcək həyatında və peşə fəaliyyətində ehtiyac duyacağı təhsil pilləsini almaq üçün imkan və şərait yaradılmalıdır. Məsələn, 9-cu sinfi bitirdikdən sonra peşə məktəbinə daxil olan vətəndaşın həmin ixtisasa yiyələnməsi üçün üç il təhsil alması tələb oluna bilər. İxtisasdan asılı olaraq bu müddət üç və ya dörd il də ola bilər. Həmin təhsili yarımçıq saxlayaraq vətəndaşı hərbi xidmətə aparmaq düzgün deyil. O, təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmalıdır”.

Ekspert hesab edir ki, eyni yanaşma 11-ci sinfi bitirənlərə də şamil edilməlidir: “Vətəndaşın 18 yaşı tamam olan kimi dərhal hərbi xidmətə aparılmasına ehtiyac yoxdur. Ona imkan verilməlidir ki, başladığı təhsil mərhələsini başa çatdırsın. Məsələn, 18 yaşı tamam olduqdan altı-yeddi ay sonra hərbi xidmətə çağırılmasının heç bir problemi yoxdur. Əsas məsələ onun təhsilini yarımçıq qoymamasıdır. Bu gün həyatın müasir tələbləri göstərir ki, ali təhsil almaq və ali təhsil müəssisəsini bitirmək heç də hər zaman vətəndaşın seçdiyi ixtisas üzrə peşəyə tam yiyələnməsi demək deyil.Ümumiyyətlə, elə ixtisaslar və sahələr var ki, orada ali təhsilə ehtiyac yoxdur. Hərbi xidmətə çağırışı həyata keçirən strukturlarda, o cümlədən Səfərbərlik Xidmətində və Silahlı Qüvvələrin müxtəlif bölmələrində də sırf texnika və texnologiya ilə bağlı elə sahələr var ki, həmin işləri ali təhsilli şəxslər deyil, peşə təhsili almış, konkret ixtisasa yiyələnmiş insanlar yerinə yetirirlər. Buna görə də vətəndaşlara həmin ixtisaslara yiyələnmək, peşə təhsillərini başa çatdırmaq imkanı verilməli, yalnız bundan sonra onlar hərbi xidmətə çağırılmalıdırlar. Təhsili yarımçıq qoyaraq vətəndaşı hərbi xidmətə aparmaq düzgün deyil.Çox təəssüf edirəm ki, bu məsələlər hələ də müzakirə olunur”.

Hərbi xidmətə yollanan vətəndaşın işə geri qayıtması

Ramil Məmmədli hesab edir ki, ümumilikdə hərbi xidmətə çağırış sistemi fundamental şəkildə yenidən nəzərdən keçirilməlidir: “Bu məsələyə hissə-hissə deyil, kompleks və sistemli yanaşılmalıdır. İlk növbədə, hərbi xidmət müddəti məsələsinə yenidən baxılmalıdır.
Burada kasta sistemi tətbiq edilməməlidir. Ali təhsili olmayan şəxsin bir il altı ay, ali təhsili olan şəxsin isə bir il hərbi xidmət keçməsi düzgün yanaşma deyil. Sosial təbəqələşmə bu formada olmamalıdır. Xidmət müddəti vahid qaydada tənzimlənməli, məsələn, ümumilikdə səkkiz ay müəyyənləşdirilməli və ya bu müddətlər arasında simvolik fərq nəzərdə tutulmalıdır.
İkinci məsələ peşə təhsili alan və kolleclərdə oxuyan vətəndaşların hərbi xidmətə çağırılması ilə bağlıdır. Bu istiqamətdə də konkret qaydalar müəyyənləşdirilməli, mövcud problemlər tənzimlənməlidir. Bütün bu məsələlər öz həllini tapmalıdır ki, eyni mövzular hər dəfə yenidən müzakirə predmetinə çevrilməsin.
Düşünürəm ki, burada güzəşt məsələsindən söhbət getməməlidir. Dövlətin vəzifəsi vətəndaşın yaşaması, təhsil alması və fəaliyyət göstərməsi üçün şərait yaratmaq, ona rahat həyat təmin etməkdir. Vətəndaş hər zaman dövlətə borclu tərəf kimi təqdim edilməməlidir. İlk növbədə, dövlət özü vətəndaş üçün lazımi şəraiti yaratmalıdır.
Ona görə də bunu güzəşt kimi deyil, sistemli şəkildə tənzimlənməli olan bir proses kimi qiymətləndirmək lazımdır. Vətəndaş bir təhsil pilləsini başa vurmalı, növbəti təhsil mərhələsini normal şəkildə yekunlaşdırmalı, bundan sonra hərbi xidmətə yollanmalı və daha sonra digər fəaliyyətini davam etdirməlidir”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir