Dövlət başçısının Şamaxıya səfəri rayon sakinləri arasında böyük sevgi ilə xatırlanır
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin Şamaxıya son səfəri rayon sakinləri arasında böyük sevgi ilə xatırlanır. Onlar dövlət başçısının səfərinin nəticələrindən məmnunluqla danışırlar. Rayonda bu səfərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq da keçirilib.
Prezident İlham Əliyevin digər bölgələrə olduğu kimi Şamaxıya son səfəri də infrastruktur və sosial layihələrin açılışı ilə əlamətdar olub. Rayonun Meysəri kəndində 310 hektar sahədə salınan “Şirvan şərabları” üzümçülük və şərabçılıq kompleksinin məqsədi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Şərabçılıq turizminin inkişafı üçün kompleksdə turist turlarının təşkili də nəzərdə tutulur. Meysəri kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 132 şagird yerlik tam orta məktəb binası da istifadəyə verilib.
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında da olublar. Pirqulu adlanan dağ-meşə massivində 620 hektar ərazinin hüdudları içərisində 480 hektarlıq sahə beynəlxalq standartlara uyğun formada çəpərlənib. İstifadəyə verilən vaxt parkda 790 baş heyvan – nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda mini ötüb.
Rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dəmirçi Arxeologiya Muzeyi fəaliyyətə başlayıb. Dəmirçinin tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn dəmirçi ailələri mövsümi işlə əlaqədar burada müvəqqəti, sonralar isə daimi məskən salıblar. Sakinlərin məşğuliyyəti ilə əlaqədar kəndin də adı dəyişib və Dəmirçi olub. Turistlərin daha çox baş çəkdiyi Dəmirçidə “Azərxalça” ASC-nin guşəsi, suvenir mağazası və “ABAD” dükanları, avtomobil dayanacağı yaradılıb, “Qala” və bulaq kompleksi inşa edilib. Ölkəmizin ən qədim dini məbədlərindən olan kənd məscidi əsaslı şəkildə yenidən qurulub.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfərinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda çıxış edənlər də dövlət başçısına rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər. Dövlət başçısının səfərdən sonra Şamaxı şəhərində istismar müddəti başa çatan 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Bu isə yığıncaq iştirakçıları tərəfindən prezidentin rayona göstərilən qayğı və diqqətin bariz nümunəsi kimi qiymətləndirilib. Rayon sakinlərini narahat edən problemlərin həllində göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıq bildirilib.

