Azərbaycanda Türkiyədən geyim idxalına yönəldilən vəsaitin artması diqqət çəkir. 2026-cı ilin ilk aylarında Türkiyədən Azərbaycana geyim idxalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Bu dinamika bir tərəfdən daxili bazarda geyimə olan tələbatın və idxal məhsullarının payının artdığını göstərirsə, digər tərəfdən qiymətlər və yerli istehsal baxımından müəyyən suallar yaradır.
İdxalın artması Azərbaycanda geyim qiymətlərinə necə təsir göstərə bilər? Türkiyə məhsullarının daxili bazarda payının genişlənməsi yerli tekstil istehsalçıları üçün rəqabəti çətinləşdirə, yoxsa əksinə, onları daha keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal etməyə sövq edə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, ölkəyə idxal olunan hər bir məhsul ölkədən xarici valyutanın çıxmasına səbəb olur.
Onun sözlərinə görə, idxaldan asılılığımızı nə qədər azaltsaq, bu, ölkə iqtisadiyyatına, istehsalın və əlavə dəyərin yaradılmasına bir o qədər müsbət təsir göstərər:
“Xüsusilə də geyim və tekstil kimi gündəlik tələbat məhsullarında yerli istehsalın artırılması həm daxili bazarın təmin olunması, həm də ölkədən valyuta axınının azalması baxımından əhəmiyyətlidir.
Tekstil sənayesi, əlbəttə, elə bir sahədir ki, burada Azərbaycanın imkanları kifayət qədər genişdir. Bu istiqamətdə həm mütəxəssislər, həm müəssisələr, həm də istehsal üçün müəyyən xammal bazası mövcuddur. Bizim pambıq istehsalından ibarət xammal bazamız var. Bu baxımdan pambıqdan başlayaraq hazır geyim məhsuluna qədər bütün istehsal zəncirinin Azərbaycanda formalaşdırılması üçün imkanlarımız mövcuddur.
Əgər biz bu sahədə yalnız xammal istehsalı ilə kifayətlənməsək, həmin xammalın emalını, iplik və parça istehsalını, daha sonra isə hazır geyim məhsullarının istehsalını da ölkə daxilində təşkil edə bilsək, bu, iqtisadiyyatda daha çox əlavə dəyərin yaranmasına imkan verər. Eyni zamanda yeni iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı və regionlarda istehsalın genişləndirilməsi baxımından da mühüm nəticələr əldə etmək olar.
Hesab edirəm ki, bu istiqamətdə biz Özbəkistan təcrübəsindən də daha yaxşı istifadə edə bilərik. Çünki Özbəkistan artıq dünyada tekstil istehsalı ilə, demək olar ki, ön sıralarda yer alan ölkələrdəndir və Türkiyə, Çin kimi ölkələrlə rəqabət aparır. Azərbaycan da bu təcrübədən yararlanaraq özünün yerli istehsal imkanlarını genişləndirə bilər.
Təbii ki, bunun üçün sahibkarlara ciddi dəstək göstərilməlidir. Çünki tekstil sənayesinin inkişafı yalnız sahibkarların öz imkanları hesabına mümkün deyil. Burada maliyyə, texnologiya, kadr hazırlığı, satış və ixrac imkanları kimi məsələlər var. Dövlət də bu istiqamətdə uzunmüddətli və düşünülmüş strategiya müəyyənləşdirməlidir.
Xüsusilə yerli istehsalçıların xarici bazarlara çıxış imkanlarının artırılması vacibdir. Çünki məqsəd yalnız daxili bazarı təmin etmək olmamalıdır. Biz daxili tələbatı ödəməklə yanaşı, rəqabətqabiliyyətli məhsullar istehsal edib onları xarici bazarlara çıxarmaq imkanlarını da genişləndirməliyik.
Bu, eyni zamanda qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərə bilər. Tekstil sənayesinin inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından da mühüm istiqamətlərdən biridir. Əgər biz bu sahədə istehsalı artırsaq, bir tərəfdən idxaldan asılılığımız azalacaq, digər tərəfdən isə xarici valyutanın ölkədən çıxışını müəyyən qədər azalda biləcəyik.
Daha vacib məqam isə odur ki, biz gələcəkdə yalnız daxili bazar üçün deyil, ixrac üçün də məhsul istehsal edə bilərik. Yəni valyutanın ölkədən çıxışını azaltmaqla yanaşı, ölkəyə valyuta gətirən sahələrdən birinə çevrilmək üçün tekstil sənayesinin böyük potensialı var.
Ona görə də hesab edirəm ki, Azərbaycanda tekstil sənayesinin inkişafı strateji istiqamətlərdən biri kimi qiymətləndirilməlidir. Bunun üçün xammaldan hazır məhsula qədər bütün istehsal zəncirinin formalaşdırılması, sahibkarlara dəstəyin artırılması, müasir texnologiyaların tətbiqi, peşəkar kadrların hazırlanması və yerli istehsalçıların xarici bazarlara çıxışının asanlaşdırılması vacibdir. Biz yerli istehsalımızı gücləndirməli, idxaldan asılılığı azaltmalı və mövcud potensialdan daha səmərəli istifadə etməliyik.
Hesab edirəm ki, düzgün strategiya həyata keçirilərsə, Azərbaycan tekstil sahəsində yalnız daxili bazarı təmin edən deyil, həm də regional bazarlara məhsul ixrac edən ölkələrdən birinə çevrilə bilər”, – deyə ekspert fikrini tamamlayıb.

