Siyasət 

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr konstruktiv keçib

ARANTV.AZ xəbər verir ki, “Rusiya-Azərbaycan münasibətləri tarixi sınaqlardan çıxıb və müasir inkişafa əsaslanır. Rusiyada Azərbaycanı, Bakını sevirlər,  dövlətinizin bütün uğurlarına sevinirlər”. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova Azərbaycan televiziyasına müsahibəsinə belə deyib. Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında xarici siyasətin informasiya təminatı mövzusundakı məsləhətləşmələr də konstruktiv keçib.

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq, Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda keçirilən məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Rusiya tərəfindən isə XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik etdi. Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulandı.

Mariya Zaxarova-Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktoru:

– Azərbaycan dövlətinə belə məsləhətləşmələrin təşkilinə görə minnətdarlığımı bildirirəm. Bu, Rusiya ilə Azərbaycan Xarici İşlər Nazirliklərinin ənənəvi görüş formatıdır. Bu məsələdə intensiv iş aparmağa qərar verdik. Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olundu. Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla bağlı nəsə etmək lazımdır. Azərbaycan və Rusiyanın iştirak etdiyi beynəlxalq təşkilatlarda mənfi və destrukriv tendensiyaya qarşı mübarizə aparmaq üçün alətlər mövcuddur. Onu da deyim ki, biz Azərbaycan və Ermənistan arasında baş tutan və konstruktiv keçən istənilən görüşü alqışlayırıq. Rusiya münaqişə ilə bağlı vasitəçi ölkədir və bu məsələni yaxşı anlayır. Müxtəlif səviyyədə görüşlər keçirilir. Biz müsbət nəticə verən görüşləri dəstəkləyirik.

“Rusiya-Azərbaycan münasibətləri tarixi sınaqlardan çıxıb və müasir inkişafa əsaslanır” Mariya Zaxarova bu fikri Azərbaycan Televiziyasına müsahibəsində dedi. O, ikitərəfli münasibətlərin inkişafında  dövlət başçılarının yüksək səviyyəli dialoqunun mühüm rol oynadığını qeyd etdi.

 Əlaqələrimiz bütün – humanitar, iqtisadi, siyasi və digər sahələrdə uğurlu inkişaf edir, bu, bizi sevindirməyə bilməz. Bütün bunlar sözsüz ki, ilk növbədə bu əlaqələrə əlavə çalarlar, dinamiklik qatan, görülən işləri yoxlayan iki dövlət başçısının müstəsna xidmətinin nəticəsidir. Onlar gələcək inkişafın vektorlarını müəyyən edirlər. Rusiyada Azərbaycanı, Bakını sevirlər. Dövlətinizin bütün uğurlarına sevinirlər.

İki ölkənin xarici işlər nazirlikləri arasında münasibətlərə toxunan Zaxarova bildirdi ki, keçirilən məsləhətləşmələr formal müzakirələrin edildiyi protokol görüşlərindən deyil, əksinə, bütün problemlərin araşdırıldığı canlı dialoqdur. Azərbaycan-Rusiya mədəni-humanitar əlaqələrinə gəldikdə isə, Rusiya XİN-in rəsmisi bu sahədə də bütün istiqamətlərdə yüksək inkişafın şahidi olduğunu bildirdi.

– Mədəni-humanitar əlaqələrin təcrübədə necə həyata keçirildiyinin Bakıda start götürən JARA festivalı ilə bir daha şahidi olmaq mümkün idi. Onun haqqında çox eşitmişdim, lakin baş verənlərin miqyasını heç təsəvvür belə etməzdim. Gördüklərim məni heyrətləndirdi. Şahidi olduğum daha bir vacib məqam: çox sayda gənc ifaçı üçün belə yüksək səviyyəli platformada çıxış etmək imkanı yaradılıb. Bu, böyük işdir, ona görə ki, ulduzlara özlərini sübut etməyə ehtiyacları yoxdur, onları hər kəs tanıyır, sevir. Gənclər üçün isə rəqabət yüksək olduğu üçün uğur qazanmaq kifayət qədər çətindir. Bu kimi festivallarla Azərbaycan tərəfi yaratdığı şəraitlə onlara geniş imkanlar açır.  

Daha çox xəbərlər

Leave a Comment