Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin cavabı gecikməyib.
O, Musavat.com-a açıqlamasında bunları deyib:
“Əslində, bu sualı verməyinin özü cavabın böyük bir hissəsidir. Hazırda vaxtım yoxdur, işdən yeni gəlmişəm. Hər şeyi danışmaq olmur. Vaxtilə onun dediklərinin hamısını desəm, hay-küy düşər. Sabah jurnalistlərə müsahibəni çəkiliş formatında verəcəyəm ki, bütün respublika bilsin. Səhvimi desin: “Sən nəyi səhv demisən?” Mən də deyim ki, “Hə, düz deyirsən”. Mən Türkiyə zəlzələsi ilə bağlı 12 saat efirdə olmuşam, amma o, bir dəfə də danışmadı. Digər jurnalistlərə də xəbər verəcəyəm ki, sabah gəlib çəkiliş aparsınlar”.
***
“Özünə hörmət edən alim apardığı tədqiqatların nəticələrindən danışmalıdır”.
Bunu Musavat.com-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O, özünü seysmoloq adlandıran bəzi şəxslərin yanlış açıqlamalar verdiyini bildirib. Qurban Yetirmişlinin sözlərinə görə, belə açıqlamalardan sonra jurnalistlərin bütün suallarını Seysmoloji Xidmət Mərkəzi cavablandırmalı olur.
Q.Yetirmişli Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin adını çəkərək geofizika və seysmologiya sahəsində səlahiyyət sahibi olmadığını, qarşı tərəfin ixtisasını və apardığı tədqiqatları sual altına alaraq, real seysmoloji araşdırmaların kabinetdə oturmaqla aparılmadığını bildirib:
“Ənvər müəllim öyrənsin görsün onun ixtisası nədir? Mən demirəm, alimdir, filandır… İxtisası nədir, apardığı tədqiqat nədir? Bir misal var, atalar deyir ki, “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Bizdə seysmoloqlar var, məsələn, ixtisas bir gedir: geofizika, geoloji faydalı qazıntıların axtarışı və kəşfiyyatı – diplom belə verilir. Ancaq seysmoloq ayrı şeydir. Seysmoloqun öz ixtisası var, geofizikanın öz ixtisası var”.

Ənvər Əliyev
O, aparılan real elmi işlərlə kabinet mühakimələrini müqayisə edərək kəskin ifadələr işlədib:
“Bizim proqramda təkcə seysmologiyanın parametrlərini müəyyən etmək, seysmik tomoqrafiya, sürət modellərinin qurulması, təcili hesablamaq üçün spektrlərin və dalğaların ayrılması kimi mürəkkəb məsələlər var. Həmin ixtisasdadır, elmlər doktorudur, ya namizədidir – fərqi yoxdur. Bağışlayın məni, oturub kabinetdə, internetdən-zaddan baxıb nə isə fikir yürüdür! Biri də var ki, mütəmadi olaraq faktiki materiallarla, aparılan tədqiqatlarla işləyəsən. Açın bizim struktura baxın. Geofiziklər və seysmoloqlar real materiallar üzərində gecə-gündüz çalışırlar”.
Qurban Yetirmişli özlərinin kiçik də olsa real bazaya söykəndiklərini, Ənvər Əliyevin isə öz sahəsindən kənara çıxaraq “qeyri-peşəkar” davrandığını bildirib:
“Demirəm ki, bizimkilər mən başda olmaqla dünyanı fəth edib. Amma azdan-çoxdan əlimizdə çay qaşığı da olsa, real material var. Məsələ burasındadır. Ona görə filankəs nə deyir desin, gedib öz işi ilə məşğul olsun. İxtisası üzrə müdafiə etməyibsə, gedib o istiqamətdə işini genişləndirsin, Allah işinə avandlıq versin. Amma mən durum kimyaçıların, riyaziyyatçıların işindən danışım, düzgün çıxmaz axı. Özünə hörmət edən alim, mütəxəssis ancaq apardığı tədqiqatların nəticəsindən və o istiqamətdə nə görmək istəyirsə, ondan danışmalıdır”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də yayımlayacağıq.
Afaq Mirayiq,
Musavat.com

