Dövlətimizin başçısı İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” çağırışı hazırda Laçın rayonun timsalında özünün aydın ifadəsini tapır
Tarixi Zəfərimizdən sonra qəbul edilən sənədlər milli yaddaşımızın qorunması və Qələbəmizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sırada Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı mühüm yer tutur. İşğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsini nəzərdə tutan bu Sərəncam tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edir. Sənədə əsasən, 26 avqust Laçın Şəhəri Günüdür.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən çox hərbi və mülki şəxs öldürüldü və ya itkin düşdü. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. O dövrdə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa, Laçın demək olar ki, düşmənə təhvil verildi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham 2023-cü ilin 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu çağırışı etmişdir ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Tarixi Zəfərimizdən sonrakı dövrün əsas hədəflərindən biri təbii ki, Qarabağın və Şərqi Zəngəzurun nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevrilməsidir. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün yeni prioritetlər müəyyənləşdirildi, Dövlət Proqramları təsdiqləndi, Fərman və sərəncamlar imzalandı. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bir daha təsdiqlədi ki, nəinki işğaldan azad edilmiş ərazilərimiz, bütün regionlarımızın sosial-iqtisadi inkişafı dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir, bir sözlə, “güclü dövlət, yüksək rifah” əsas prinsip kimi öndədir. İqtisadi rayonların yeni bölgüsünün aparılması üçün imzalanan Fərman da özündə mühüm çağırışları ehtiva etdi.

Tarixi Zəfərimizdən ötən 6 ilə yaxın müddətdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın gücünü və imkanlarını nümayiş etdirir. Tarixi sahibinə qovuşan torpaqlarımız “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa edilir, yenidən qurulur. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir. Ağdam, Zəngilan və xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma Forumları keçirildi. Tədbir iştirakçılarının say tərkibi işğaldan azad edilmiş torpaqlarımızı yaxından görməyə, orada aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yaxından izləməyə, Azərbaycanın müasir şəhərsalma təcrübəsinə nə qədər böyük maraq göstərildiyini nümayiş etdirdi. Bu tədbirlərin davamı, eyni zamanda, ümumiləşdirilmiş ifadəsi olaraq bu il ölkəmiz Ümumdünya Şəhərsalma Forummunun 13-cü Sessiyasına ev sahibliyi etdi. Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə təqdimatında əhəmiyyətli rol oynayır. Bu torpaqlar erməni vandallığının şahidləridir.
Görülən işlər Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir. Bu gün sakinlərinə qovuşan şəhərlərimizdən biri də Laçın şəhəridir. Bununla bərabər Sus, Zabux, Bəylik kəndləri də mərhələ-mərhələ sakinlərinə qovuşur. Laçında yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Hava limanının təməli 2021-ci ildə qoyulub. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Quruculuq işləri kənd təsərrüfatı sahəsini də əhatə edir. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. 2023-cü ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.

Bu mühüm məqamı xüsusi qeyd etmək istərdik ki, Laçın rayonunda bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. “LATIFA” Laçın tikiş fabrikdə 30 yeni iş yeri yaradılacaq. Bütün bu addımlar bölkələrin malik olduqları iqtisadi potensialdan səmərəli istifadəyə, həmçinin bura qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə, işsizlik probleminin həllinə yönəlib.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Dövlət Proqramında nəzərdə tutulduğu kimi, doğma evlərinə qayıdacaq insanların rifahı üçün sosial müdafiə paketi həyata keçirilir, sənaye məhəllələri salınır. Bu günədək 10 şəhər və onlarla kənd və qəsəbə sakinlərinə qovuşub. Laçın hazırda yeni dövrünü yaşayır. Burada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdış Proqramının uğurlu icrasının təsdiqidir. Bir rayonun timsalında, həmçinin dövlətimizin başçısı İlham Əliyevin həmin əraziyə səfərlərinin fonunda görülən işlərə söykənərək ümumilikdə azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim etmək mümkündür. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.
Təbii ki, görülən işləri və qarşıdakı dövrün hədəflərini bir yazıda əhatə etmək mümkün deyil. Azad edilmiş ərazilərimizin hər biri hazırda diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu torpaqların ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər yalnız görülən işlərin təqdimatında deyil, tarixi Zəfərimizin yaratdığı reallıqların təsdiqində əhəmiyyətli rol oynayır. Bu torpaqların sahibi Azərbaycan xalqıdır. 30 illik işğal dövrünün bütün çətinliklərinə baxmayaraq soydaşlarımızın bu günə olan inamı itmədi, gec-tez bu günün gələcəyinə böyük əminlikləri oldu. Dövlətimizin başçısı İlham Əliyev laçınlılarla görüşlərində də daim bu reallıqlara diqqəti yönəldərək bildirir ki, əziz laçınlılar, siz uzun illər həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində əzab içində yaşamısınız. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir: “Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.” Dövlətimizin başçısı İlham Əliyev hədəflərdən bəhs edərkən hər zaman bu çağırışı edir ki, indi qurub-yaratmaq vaxtıdır.

Laçın şəhərinin müasir siması cənab İlham Əliyevin qarşıya qoyduğu hədəfə uyğun olaraq hazırda Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədədir. Bu gün Laçın şəhəri iqtisadi, siyasi, diplomatik, humanitar mərkəzə çevrilib. Ötən ilin 28 may tarixində Laçın şəhəri Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünə ev sahibliyi etdi. Bu məkanlan üç qardaş, dost ölkənin birlik, həmrəylik mesajı çatdırıldı. O da məlumdur ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilmişdir. Bu kimi qürurverici hadisələrin miqyası genişdir, onları sadalamaqla bitməz. Tarixi Zəfərimizdən ötən 6 ilə yaxın dövrün reallıqlarını bir yazıda əhatə etmək mümkün deyil. Hər gün sakinlərinə qovuşan torpaqlarımızın tarixinə növbəti möhtəşəm, qürur dolu sahifənin yazılmasına şahidlik edir. Biz bu gün bu torpaqlardayıq və bundan sonra da burada olacağıq. Azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi milli yaddaşımızı qorumağı, tariximizi öyrənməyi və təbliğ etməyi şərtləndirir. “Tarixini bilməyən xalqın gələcəyi ola bilməz” çağırışı xalqın keçmişindən dərs almasının, milli köklərini və kimliyini qorўub saxlamasının gələcək inkişaf və müstəqillik üçün əsas şərt olduğunu özündə ehtiva edir. Bu çağırış, eyni zamanda, nəsillərin yaddaşının qorunmasının vacibliyini təsdiqləyir.
Yeganə Əliyeva, “İki sahil”

