Son bir həftədir Kəlbəcər rayonu ərazisində ayıların kəndlərin içərilərinə doğru endiyi müşahidə olunur. Artıq bəzi arı təsərrüfatlarına basqın edən ayılar təsərrüfatlara ziyan vurub.
ARANTV.AZ xəbər verir ki, sakinlərin çəkdikləri videolardan Kəlbəcərin demək olar əksər kəndlərində ayıların həm tək-tək, həm də dəstə ilə hərəkət etdiyi müşahidə olunur. Əslində, ayının bal və arı ailələrinə maraq göstərməsi təbiət üçün qeyri-adi hadisə deyil. Ayılar yüksək kalorili və asan əldə olunan qida mənbələrinə, xüsusilə bal və arı sürfələrinə meyillidirlər. Lakin burada daha maraqlı məqam son həftələrdə Kəlbəcərdə ayıların yalnız meşəlik ərazilərdə deyil, kəndlərə və insan təsərrüfatlarına yaxın yerlərdə də görünməsidir.
Bəs ayılar niyə kəndlərə enir?
Bunun bir neçə səbəbi ola bilər. Əvvəla, qida axtarışı. Yayın sonu və payızın başlanğıcı ayılar üçün qışa hazırlıq dövrüdür. Bu mərhələdə heyvanlar daha çox qida qəbul edərək enerji ehtiyatı toplamağa çalışırlar. Meşədə təbii qida kifayət qədər olmadıqda isə arı təsərrüfatları, meyvə bağları, əkin sahələri və digər insan təsərrüfatları onlar üçün cəlbedici alternativə çevrilə bilər.
İkinci səbəb insanların illər ərzində tərk edilmiş ərazilərə qayıtmasıdır. Kəlbəcərin uzun müddət insan məskunlaşmasından kənarda qalması təbiətin burada sərbəst şəkildə inkişaf etməsinə imkan verib. Vəhşi heyvanların yaşayış arealları genişlənib və insan fəaliyyəti minimuma enib. İndi isə kəndlərə qayıdış, yeni evlərin, təsərrüfatların və arıçılıq sahələrinin yaradılması insanla vəhşi təbiətin əvvəlkindən daha yaxın təmasda olmasına səbəb olur. Ekspertlər hesab edir ki, hazırda ayrı-ayrı ayıların kəndlərə enməsini onların insanlara hücum etmək niyyəti kimi qiymətləndirmək doğru olmaz. Vəhşi heyvanların əksəriyyəti insanla birbaşa qarşılaşmadan qaçmağa çalışır. Lakin ayı insan məskənlərində asan qida tapmağa öyrəşərsə, təhlükə artır. Xüsusilə bal, meyvə, məişət tullantıları və digər qida mənbələrinin əlçatan olması heyvanın həmin əraziyə yenidən qayıtmasına səbəb ola bilər. Ona görə də Kəlbəcərdə məskunlaşma prosesi genişləndikcə insan-vəhşi təbiət münasibətlərinin idarə olunması da ayrıca məsələ kimi gündəmə gəlməlidir. Arıçılar və fermerlər üçün təsərrüfatların qorunması, qida tullantılarının açıq ərazidə saxlanmaması, ayıların hərəkət marşrutlarının izlənməsi və xüsusilə kəndlərdə maarifləndirmə işlərinin aparılması əhəmiyyətli ola bilər.
Kəlbəcərin təbiətinin zənginliyi onun ən böyük sərvətlərindən biridir. Burada ayıların, canavarların və digər vəhşi heyvanların yaşaması ekosistemin sağlamlığının göstəricilərindən də biri sayıla bilər. Məsələ onları bölgədən uzaqlaşdırmaq deyil, insanla vəhşi təbiətin bir-birinə zərər vermədən yanaşı yaşamasının yollarını tapmaqdır.
Etibar Seyidağa,
Musavat.com




