Yabanı giləmeyvə və digər nemətlərin dərilməsinə dair cərimələr söhbəti gündəmdəykən iki xatirəmi yazım, sonra gec olar.
Axırıncı dəfə ABŞ-də olanda (bu ifadənin nə demək olduğunu çox adam bilir) Cənubi Karolina ştatında bir ailədə qalırdım. İki nəfər idilər və geniş həyətləri vardı. Təxminən 25-30 sot. Amma həyətdə nə bir meyvə ağacı vardı, nə bir keşniş-şüyüd ləki. Eləcə, beş-altı hündür palıd ağacıydı, budaqlarında dələlər oynaşırdı. May ayıydı, həyəti ot basmışdı, güman ki, 15-20 günə qazonbiçən maşınla sahmana salacaqdılar.
Bir gün evin yiyəsi olan italyan əsilli professora və onun irland xanımına sınıq ingiliscəmlə dedim ki, bu boyda gözəl və bərəkətli torpağı olan həyətiniz var, nə əcəb həyətdə tərəvəz bostanı və meyvə ağacları yoxdur. Adam dedi ki, bu, bizim tənbəlliyimizdən deyil, bu ətrafda heç kəs həyətində elə şeylər əkmir, çünki biz elə etsək, meyvə-tərəvəz becərənlərin biznesinə mane olmuş olarıq, onların təsərrüfatı rentabelli işləməz. “Onlar əkib-becərir, biz isə pulumuzu verib alırıq, nəticədə aqrar sahə gəlirlə işləyir”, – professor dedi, mən də onun izahına qane oldum. Məntiq vardı.
Bu məntiq özünü ərzaqla tam təmin edən ölkə və bölgələrdə işləyir. O yerdə ki, meyvə-tərəvəz, eləcə də digər məhsulların qıtlığı var, orada belə yanaşma fəlakətə səbəb olar. Məsələn, bizim məmləkətdə elə şey olsa, meyvə-tərəvəzin qiyməti kəllə-çarxa qalxar, yüz minlərlə adam faraş tərəvəz, nübar meyvə üzü görməz. Əyalətlərdə minlərlə adam isə öz həyətində ərsəyə gətirdiyi meyvə-tərəvəzi, eləcə də meşələrdən, çay qırağından topladığı yabanı giləmeyvələri satmaqla dolanır.
İkinci xatirəm İsveçin paytaxtı Stokholmun Sollentuna rayonu ilə bağlıdır. Bu ölkədə yaşayan qohumla çay kənarındakı meşə zolağı ilə gəzirdik. Fikir verdim ki, ağaclarda bol-bol yabanı meyvələr, kol-kosda gendən çağıran böyürtkən, yemşan, itburnu və sair giləmeyvələr var. Soruşdim ki, nə yaxşı, camaat bunu dərmir. Qohum dedi ki, bəzən azərbaycanlılar dərib kompot, mürəbbə bişirirlər, amma ümumən yerli adamlar elə etmirlər, əllərini tikana-filana yedirtmir, gedib marketdən alırlar.
Söhbət yəni gəlib rifah səviyyəsinin yüksəkliyinə çıxır. Gerçəkdən də ayda bir ətək pul qazanan isveçli 3-5 avro qabağa düşmək üçün özünü kol-kosa niyə vurmalıdır? İsveçli deyil, başqa bir imkanlı adamdır, ayda 4-5 min avro maaş alır, kimsə də deyir ki, al bu vedrəni, mənə 1 kilo böyürtkən yığ ver, 20 avro qazan, kim edər? Xərcləməyə pulu olan heç kim. Amma cibində 5 manatı olmayan kasıb dərhal vedrəni götürər, tikana-filana baxmaz.
Bizim camaatın meşələrə, kolluqlara daraşmasının səbəbi məhz cibdə 5 manatın olmamasıdır. İnsan oğlu çörək qazanmaq üçün özünü hər işə verə bilər və burada qəbahət bir şey yoxdur.
Amma inzibati xətalarımızı tənzimləyən məcəlləmiz yabanı meyvə, giləmeyvə, qoz-fındıq, göbələk yığan fiziki şəxsləri 400–600 manat məbləğində cərimələyir. Hələ məcəllədə bir ifadə də var: “… vəzifəli şəxslər 2000–2500 manat, hüquqi şəxslər isə 5000–6500 manat məbləğində cərimə oluna bilərlər”.
Bu ifadəyə nə ehtiyac vardı? Hansı vəzifəli şəxs (kəndin İH nümayəndəsindən tutmuş İH başçısına qədər) özünü kola vurub 1-2 kilo böyürtkən yığacaq? Yuxarıda dedik, bu, kasıbların işidir. Maşallah, bizim İH başçılarının özlərinin meşələri var. Hələ onların seyfindən, çardağından tapılan avro banderollarını demirəm. İsveç kralı onlara görsə, idman müəlliminə ərə gedən qızına deyər, kral biz deyilik, bala, əsl krallar Azərbaycanın Şəmkir, İmişli, Biləsuvar, Neftçala, Yevlax, Qusar rayonlarında yaşayırdı, tutublar.
İndi bu, bir səbət gilas söhbəti ölkədə çox böyüyüb, ajiotajfason bir şey yaranıb. Hərə bir status və ya şərh yazır. Hətta FB dostlarımızdan biri yazıb ki, göbələyi, böyürtkəni başa düşdük, heç olmasa təzək yığmaq olarmı.
O qədər də deyil. Heç də bütün meşələrdə meyvə yığımı qadağan olunmayıb. İntəhası, gərək yerli meşə mühafizə qurumlarını məlumatlandırasan. Yalnız ondan sonra “müəyyən edilmiş açıq sahələrdən şəxsi istehlak üçün cır meyvə və ya dərman bitkiləri toplamaq ödənişsiz həyata keçirilə bilər”.
Kimdənsə icazə alınacaqsa, ölkənin adı Azərbaycan, yerləşdiyi məkan Şərq olduğu üçün heç də ödənişsiz olmayacaq. Meşə mühafizə qurumlarının səlahiyyətli və cırtqoz nümayəndəsi deyəcək ki, 1 kilo böyürtkənin qiyməti budur, cır armudun, qozun qiyməti filan məzənnədən başlayır, göbələyin də aşağı yeri yoxdur və s. Di get, açıq sahələrdən şəxsi istehlak üçün meyvə dər, görüm, necə dərirsən. Çatıb cəriməni yapışdıracaqlar belinə, tanış vəkil axtaracaqsan.
O vaxt bu qadağa Novruz Məmmədovun baş nazirliyi dövründə qüvvəyə mindiriləndə çox söz-söhbət olmuşdu, sonra elə göründü ki, formal söhbətdir, hökumət bərkini tutmayacaq. Amma indi aydın olur ki, qadağa qüvvədəymiş və yerli məmurlar üçün əlavə dolanışıq yeri rolu oynayırmış.
**
Dünya köhnə dünyadır, cır qozları və cırtqoz darğaları təzədir.

