2026-cı ilin yay mövsümündə Azərbaycanda qarpız istehlakı ilə əlaqəli təsdiqlənmiş zəhərlənmə halı qeydə alınmayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Musavat.com-a verilən məlumata görə, yay mövsümündə qarpız istehlakından sonra zəhərlənmə şübhəsi ilə bağlı Agentliyə daxil olan müraciətlər araşdırılıb.
“Aparılan araşdırmaların nəticələrinə əsasən, qarpız istehlakı ilə əlaqəli zəhərlənmə halı təsdiqlənməyib”, – məlumatda qeyd olunub.
AQTA istehlakçılara qarpız və digər mövsümi məhsulları etibarlı satış məntəqələrindən almağı, məhsulların xarici görünüşünə və gigiyenik vəziyyətinə, eləcə də satış və saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə edib.

Bununla belə, qarpız yedikdən sonra, xüsusilə uşaqlar arasında qusma, ishal və qarın ağrısı kimi hallardan şikayətlər az deyil. Bəs bu əlamətlər nə ilə bağlıdır? Qarpız istehlakından sonra yaranan hər bir mədə-bağırsaq problemi zəhərlənmə hesab oluna bilərmi?
Həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, mədə-bağırsaq sistemində funksional pozğunluqla qida zəhərlənməsi fərqli anlayışlardır.
Həkimin sözlərinə görə, sadə dildə izah etsək, zəhərlənmə qəbul edilən qidadakı bakteriyanın toksini, yəni zəhəri hesabına baş verir. Bu, kifayət qədər ciddi hadisədir. Müayinə zamanı həmin qidadan bakteriyalar aşkar olunur və zəhərlənmənin klinik əlamətləri də kəskin nəzərə çarpır.
“Funksional pozğunluqda isə biz toksin tapmırıq, burada zəhər yoxdur. Sadəcə olaraq, qəbul edilən ərzaq və ya qida maddəsi keyfiyyətsizdir, bu da həzm prosesini pozur. Yəni zəhərləmir, sadəcə prosesi pozur. Məsələn, köp, ishal, ürəkbulanma kimi əlamətlər zəhərlənmədə də ola bilər, lakin fərq ondadır ki, zəhərlənmə zamanı toksin aşkar edilir”, – deyə pediatr bildirib.

Vaqif Qarayev qeyd edib ki, funksional pozğunluq köhnə terminlə dispepsiya, yəni dispeptik pozğunluq adlanır. Onun sözlərinə görə, həzm prosesində yaranan bu pozğunluğun qarşısını almaq daha asandır və bu hal, adətən, bir-iki günə keçib gedir. Həkim vurğulayıb ki, bu problem təkcə qarpızla bağlı deyil. İstənilən qida maddəsində keyfiyyətsizlik varsa, toksin və bakteriya olmasa belə, xüsusilə mədə-bağırsağı həssas olan şəxslərdə funksional pozğunluq yarana bilər.
“İndi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, qarpızdan zəhərlənmə halı qeydə alınmayıb. İnanaq, tutaq ki, elədir. Lakin tez-tez eşidirik ki, məsələn, uşağın qarnı ağrıyır, dünən qarpız yeyib, amma hərarəti yoxdur, ümumi əhval-ruhiyyəsi yaxşıdır, adekvat və aktivdir. Şübhəsiz ki, bu zaman mədə-bağırsaq pozğunluğunu müəyyən dərman vasitələri ilə aradan qaldırmaq lazımdır”, – deyə pediatr bildirib.
Vaqif Qarayev əlavə edib ki, AQTA-nın satışa buraxılan qarpızlarda yalnız toksin və bakteriya axtardığı, yoxsa eyni zamanda keyfiyyət göstəricilərini də yoxladığı dəqiq bəlli deyil.
“Hər halda, fakt budur ki, istənilən qida maddəsinin tərkibindəki inqrediyentlər keyfiyyətsiz olduqda mədə-bağırsaqda funksional pozğunluq yaradır. Zəhərlənmə faktının olmadığını deyən rəsmi qurumlar təsdiqlənmiş zəhərlənmənin olmadığını vurğulayırlar. Rəsmi baxımdan bu yanaşma doğru ola bilər, amma təsdiqlənməmiş halların olması da çox gümandır”, – deyə o qeyd edib.
Qarpızın necə seçilməsinə gəldikdə isə həkim bununla bağlı dəqiq metod deyə bilməyəcəyini bildirib: “Mən qida eksperti olmadığım üçün bu barədə dəqiq bir metod deyə bilmərəm. Bir daha qeyd edirəm ki, keyfiyyətsiz qida maddələri zəhərlənmə yaratmasa da, mədə-bağırsaqda funksional pozğunluğa səbəb olur”.
Afaq Mirayiq,
Musavat.com

