Latviyada Azərbaycan Ticarət Evi açılıb
ARANTV.AZ xəbər verir ki, Dövlət başçısının tapşırığına əsasən, Azərbaycanın daha bir ölkədə ticarət evi açılıb. Növbəti ünvan Latviyadır.
Xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə müxtəlif addımlar atılır. Həmin tədbirlərdən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan Ticarət evlərinin açılması, ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsulların dünya bazarlarına çıxarılmasıdır. Bu baxımdan dövlət başçısının tapşırığna əsasən, növbəti ticarət evinin Latviyada açılması “Made in Azerbaijan” brendinin Baltikyanı və Avropa ölkələrində tanıdılması və yerli məhsullarımızın ixracat həcminin artırılmasına əsaslı zəmin yaradacaq. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Latviya baş nazirinin müavini Arvils Aşeradens ilə görüşündə də ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyəti və perspektivinə dair fikir mübadiləsi aparıldı. Azərbaycan Ticarət Evinin açılış mərasimi hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başladı. Sahib Məmmədov Latviyada Azərbaycan Ticarət Evinin açılmasını dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin inkişafına göstərdikləri xüsusi diqqətin əyani göstəricisi kimi dəyərləndirdi. İndiyədək Azərbaycan tərəfdən Latviyaya 164 milyon, Latviyadan Azərbaycan isə 84 milyon dollar həcmində sərmayə qoyulub. Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində Latviyanın 40 şirkəti fəaliyyət göstərir.
Latviyanın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi maraq göstərdiyini vurğulayan bu ölkənin nəqliyyat naziri Uldis Auqulis Riqada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini dedi.
Latviya İqtisadiyyat nazirliyinin parlament katibi Yanis Upenieks və Milli Məclisin Azərbaycan-Latviya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Kamran Bayramov çıxış edərək Riqada Azərbaycan Ticarət Evinin açılmasının tarixi əhəmiyyətindən danışdılar. Azərbaycan şirkətlərinin müxtəlif növ məhsulları ilə tanış oldular. Burada təşkil olunan sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar və mallar sərgilənir. Azərbaycan Latviya şirkətləri arasında əməkdaçlığa dair Memorandum da imzalandı.

