Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışı tarixi, şərtləri və qiymətləri açıqlanıb
ARANTV.AZ xəbər verir ki, Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışı tarixi, şərtləri və qiymətləri açıqlanıb. Satışa tam təmirli 324 mənzil çıxarılır.
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı sentyabrın 5-də saat 11:00-da başlayacaq və dekabrın 5-i saat 11:00-dək davam edəcək. Dövlət başçısının müvafiq Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında yaradılan “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız sistemdə elektron kabinetə sahib vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi ilə mənzilləri seçə biləcəklər.
Diana Dadaşova – Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi:
– Satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir. Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunub. Binalar tikinti normalarına uyğun layihələndirilib. Mənzillərə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.
Satış şərtləri və qiymətlərə gəlincə, təklif olunan mənzillərin qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilən orta bazar qiymətindən aşağıdır. 1 otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, 2 otaqlı 47 min 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək. Ətraflı məlumatla Mənzil İnşaatı Dövlət Agentliyinin internet səhifələri, 1, 3, 5 saylı və Sumqayıt “ASAN xidmət” mərkəzləriə, həmçinin “108” Çağrı mərkəzinə müraciət edərək də tanış olmaq mümkündür.

