Cəmiyyət 

Saxta dəsrliklər satan mütəşəkkil dəstə ifşa olunub

ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən daxil olan müraciət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarələrinin həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri zamanı məlum olub ki, mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edilib. Bununla da onlar müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda saxta dərs vəsaitləri və test toplularını nəşr etdiriblər. Həmin məhsullar gömrük nəzarətində düzgün bəyan edilməməklə ölkə ərazisinə gətirilib və respublikada satışı təşkil olunub.   Bununla bağlı Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2-ci (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib. Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində saxta dərs vəsaiti və test topluları aşkar edilərək götürülüb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz əməlləri törədən təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları və pirat məhsulların dövriyyədən tam çıxarılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Daha çox xəbərlər

Leave a Comment