Şəkidəki “Şəki yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edən şəxslərin sığorta sənədinə imza atdığı da iddia olunur.
Jurnalist Nicat Dağlar isə sosial şəbəkə hesabında yazıb ki, “Şəki yaylası”ndakı o kanatdan istifadə edib: “Orada heç kimə sığortaya, təhlükəsizlik qaydalarına dair sənəd imzalatmırlar”.
Şəkidə baş verən faciəvi kanat qəzasından danışan jurnalist bildirib ki, kanata minənlərdən amcaq pul yığırlar: “Təhlükəsizlik qaydalarına dair heç kəsə sənəd imzalatmırlar. Aşağıda pul yığırlar, vəssalam. Tros qırılmasa, oradan düşmək mümkün deyil”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya vəzifəsini lazımi qaydada icra etməməsi hüquqi şəxslərin hüquq və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olarsa, cinayət məsuliyyəti yaradır”.
Həmin məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu hadisə istirahət mərkəzlərində təhlükəsizlik qaydalarının necə təmin olunması, atraksionların, hovuzların, kanatların yoxlanılmasını zəruri edirmi? Hansı nəzarət mexanizminə ehtiyac var?

Məsələnin hüquqi tərəflərini, qanunvericiliyin tələblərini və təhlükəsizlik mexanizmlərini tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a geniş şərh edib.
Vəkil deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən, kanat yolları, zipline-lar və iri attraksionlar adi xidmət sahəsi deyil, potensial təhlükəli obyektlər kateqoriyasına aid edilir: “Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyi ilə zərər vurulduqda, hüquqi şəxslər və ya vətəndaşlar zərərin qarşısıalınmaz qüvvə və ya zərərçəkənin qəsdi nəticəsində baş verdiyini sübut etmədikdə məsuliyyət daşıyırlar. Yəni, obyekt sahibi “texnika xarab oldu” deyib məsuliyyətdən yayına bilməz.
Eyni zamanda, “Texniki təhlükəsizlik haqqında” Qanununun tələblərinə görə, potensial təhlükəli obyektləri istismar edən subyektlər avadanlıqların texniki vəziyyətinə, onların vaxtında diaqnostikasına və təhlükəsiz istismarına birbaşa cavabdehdir”.
Ceyhun Yusifov deyib ki, sığorta sənədinə imza atdırmaq sahibkarı məsuliyyətdən azad etmir.
Hadisədən sonra ən çox müzakirə olunan məsələlərdən biri də vətəndaşlara təhlükəsizlik və ya sığorta qaydaları barədə sənəd imzaladılması iddiasıdır. Vəkil bu məsələyə hüquqi aydınlıq gətirib: “Hətta vətəndaşa hər hansı . “məsuliyyətdən azad olma” və ya sığorta sənədi imzaladılsaydı belə, bu, obyekt sahibini və ya cavabdeh şəxsi cinayət məsuliyyətindən azad etmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə əsasən, istehlakçının həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsiz olan xidmət almaq hüququ var. Texniki nasazlıqdan yaranan qəzada vətəndaşın “imzası” heç bir hüquqi qüvvəyə malik deyil və cinayət tərkibini aradan qaldırmır”.
Ceyhun Yusifovun qənaətinə görə, baş vermiş faciə sadəcə bədbəxt hadisə deyil, birbaşa vəzifəli şəxslərin və istismarçıların məsuliyyətsizliyinin nəticəsidir: “Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.1 və 314.2-ci (Səhlənkarlıq) maddələri üzrə iş başlanıb. Əgər vəzifəli şəxsin işə laqeyd münasibəti ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olubsa, 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Bundan əlavə, obyektin mühəndis-texniki heyəti və təhlükəsizliyə cavabdeh şəxsləri üçün CM-nin 162-ci maddəsi (Əməyin mühafizəsi qaydalarını pozma) və ya 225-ci maddəsi (Yanğın və ya texniki təhlükəsizlik qaydalarını pozma) üzrə də məsuliyyət yarana bilər”.
Vəkil Ceyhun Yusifov vurğulayır ki, analoji faciələrin təkrarlanmaması üçün təcili olaraq aşağıdakı hüquqi və inzibati addımlar atılmalıdır: “Ölkə ərazisindəki bütün kanat yolları, zipline və iri attraksionlar Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin reyestrinə daxil edilməli və hər mövsüm qabağı xüsusi lisenziya/icazə sənədi yenilənməlidir. Biznesə dəstək məqsədilə yoxlamaların məhdudlaşdırılması insan həyatı üçün potensial təhlükə yaradan obyektlərə şamil olunmamalıdır. Attraksion və ya kanatın girişində sonuncu texniki baxışın tarixi, baxışı keçirən ekspertin adı və istismar müddətini göstərən lövhə asılmalıdır. İstehlakçıların həyat və sağlamlığının məcburi sığortası haqqında reallıqda işləyən nəzarət sistemi qurulmalıdır.
“İnsan həyatı heç bir biznes marağından və ya qazanc həvəsindən ucuz ola bilməz. Şəki faciəsi bir xəbərdarlıq siqnalıdır. Bu cür obyektlər üzərində dövlət nəzarəti və texniki audit mexanizmi ən sərt şəkildə bərpa olunmalıdır,” – deyə vəkil Ceyhun Yusifov bildirib.
E.Məmmədəliyev,
Musavat.com

