Sabahdan etibarən Azərbaycanda yeni dərs ili başlayır. Məktəblərin və universitetlərin fəaliyyətə başlaması ilə Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Bu isə həm avtobuslarda, həm də Bakı metrosunda sıxlığın daha da artacağı deməkdir.
Havaların isti keçməsi metroda vəziyyəti daha da çətinləşdirə bilər. Belə ki, Bakı Metropolitenində istismar olunan bəzi köhnə nəsil qatarlarda kondisioner və müasir havalandırma sistemi yoxdur. Sıxlıqla yanaşı, yüksək temperaturun da təsiri sərnişinlər üçün ciddi narahatlıq yaradır. Belə qatarlar sərnişinlər arasında haqlı olaraq “hamamı xatırladan vaqonlar” kimi xarakterizə olunur.
Bəs Bakı metrosunda köhnə, kondisionersiz qatarların istismardan çıxarılması nə vaxt mümkün olacaq?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Musavat.com-a danışıb.
B.Məmmədov bildirib ki, köhnə nəsil qatarlara kondisioner sisteminin quraşdırılması texniki və fiziki baxımdan mümkün deyil: “Mən həmişə bir az kobud müqayisə də verirəm. Yəni “Jiquli”yə kondisioner qoymaq daha asan olar, nəinki metro qatarına. O qədər mürəkkəb texnologiyadır. Hətta “Jiquli”yə belə qoya bilmiriksə, burada ümumiyyətlə, vaqon elə bilin ki, sökülüb, təzədən layihələndirilib, yenidən yığılmalıdır. Faktiki olaraq təzə qatar almaq ondan daha ucuza başa gələr”.

Metropoliten rəsmisinin sözlərinə görə, istismar müddətini başa vuran vaqonların xətdən çıxarılması normal prosesdir və bununla bağlı dövlət proqramında konkret plan nəzərdə tutulub.
“Dövlət proqramına görə, 2030-cu ilə qədər 299 vaqon almalıyıq. İnşallah, bu ilin sonuna qədər texniki şərtlər, tenderin elan olunması və sair məsələlər yekunlaşacaq. Gələn ildən istehsal prosesinin başlanması, 2028-ci ildən başlayaraq 299 vaqonun Bakıya gətirilməsi üç il ərzində təmin olunacaq”, – deyə Məmmədov qeyd edib.
Təzə qatarların hansı xətlərdə hərəkət edəcəyinə gəlincə, Bəxtiyar Məmmədov bildirib ki, yeni nəsil qatarların xətlər üzrə paylanması mərhələli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, hazırda “Yaşıl xət”də Dərnəgül-Nizami istiqamətləri ayrıldıqdan sonra Dərnəgül-Xətai arasında yalnız yeni nəsil qatarların hərəkəti nəzərdə tutulur.
“Dövlət proqramına uyğun olaraq yeni nəsil qatarlar gətirildiyi müddət ərzində “Bənövşəyi xətt”in də yeni stansiyaları tikiləndən sonra orada da həmin gətirilən tipli qatarlar olacaq”, – deyə o vurğuıayıb.
Metropoliten rəsmisi “Qırmızı xət”də yeni nəsil qatarların sayının artırılmasına hazırda texniki məhdudiyyətin mane olduğunu açıqlayıb. Onun sözlərinə görə, əsas problem elektrik enerjisinin zəruri səviyyədə təmin olunması ilə bağlıdır: “Bu gün bizim “Qırmızı xətt”ə daha çox yeni nəsil qatar buraxmaq imkanımız olsa da, texniki maneə var. Bunu həmişə mediada da demişik. Bunun üçün elektrik enerjisi zəruri səviyyədə olmalıdır. Əfsuslar olsun ki, həmin xətdə bu imkanlar bir qədər məhduddur”.
B. Məmmədov bildirib ki, dövlət proqramına uyğun olaraq, xətlərin ayrılması layihəsi çərçivəsində elektrik təchizatı ilə bağlı da mühüm işlər görülür: “Xətlərin ayrılması layihəsinin yeddi mürəkkəb layihəsindən biri məhz elektrik təchizatı ilə bağlıdır. İki elektrik yarımstansiyası inşa olunmalı, daha biri yenidən qurulmalıdır. Bu da xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Həmin işlər tam başa çatdırıldıqdan sonra yeni nəsil qatarların Qırmızı xətt üzrə hərəkətinin artırılması mümkün olacaq. Bu da tam həyata keçirildikdən sonra rahatlıqla yeni nəsil qatarları ard-arda “Qırmızı xətt”ə – yəni İçərişəhər-Əhmədli, o vaxt artıq İçərişəhər-Həzi Aslanov istiqamətində buraxa bilərik”.
Bəs hazırda niyə bir neçə köhnə qatar ard-arda gəlir?
Metropoliten rəsmisi sərnişinlərin tez-tez rastlaşdığı vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, “Qırmızı xət”də yeni və köhnə qatarların növbəli şəkildə hərəkət etməsinin səbəbi məhz elektrik təchizatı imkanlarının məhdud olmasıdır. “İndi məhz bu səbəbdən yalnız 3, 4, 5 qatardan biri və yaxud iki qatar yenidirsə, ondan sonra 3, 4, 5, 6-sı köhnə nəsil qatar olur. Məhz bu, elektrik təchizatı sistemi ilə bağlıdır”, – B.Məmmədov əlavə edib.
Şahanə Rəhimli,
Musavat.com

