Yeni internet qiymətləri ilə bağlı etiraz

Yeni internet qiymətləri ilə bağlı etiraz

Azərbaycanda sabit internet istifadəçiləri yaxın vaxtlarda daha yüksək ödənişlə üzləşə bilər. Oktyabrın 1-dən 18 manat və daha aşağı qiymətə olan tariflərin minimum 25 manata qaldırılması nəzərdə tutulur. Beləliklə, daha ucuz internet paketlərindən istifadə edən abonentlərin aylıq xərcləri artacaq.

Tariflərin vahidləşdirilməsi və bu dəyişikliklə telekommunikasiya infrastrukturunun inkişafının hədəfləndiyi bildirilir. Lakin bazarda çoxsaylı provayderlərin fəaliyyət göstərdiyi bir vaxtda minimum qiymətin müəyyənləşdirilməsi suallar doğurur. Xüsusilə də abonentlərin daha yüksək ödəniş qarşılığında hansı əlavə imkan və ya keyfiyyət əldə edəcəyi məsələsi açıq qalır. Əvvəlki tarif dəyişikliklərindən sonra internet xidmətlərinin keyfiyyəti ilə bağlı narazılıqların olması da bu məsələnin aktuallığını artırır.

Picture backgroundİqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, yeni qərar nəticə etibarilə internet qiymətlərinin artmasına təsir göstərəcək: “İnternetin qiyməti, təbii ki, artacaq. Əvvəllər 16, 18 və 22 manatlıq tariflər var idisə, indi qiymətlər yuxarı qalxacaq. Bunun dövlət tərəfindən tənzimlənməsi isə doğru yanaşma deyil. Ölkədə çoxlu sayıda provayder var və onların hamısının eyni vaxtda, eyni tariflə qiymət artırması mümkün görünmür. Üstəlik, bu tənzimlənən məbləğ hələ minimum qiymətdir — böyük ehtimalla, maksimal tariflərdə daha yüksək rəqəmlər görəcəyik. Təəssüf ki, bu qərar son nəticədə qiymətlərin artmasına birbaşa təsir göstərəcək”.

Qeyd edək ki, sabit internet tariflərində bundan əvvəlki dəyişiklik 15 avqust 2024-cü il tarixindən tətbiq olunmuşdu. Həmin vaxt “Aztelekom” və “Baktelekom” GPON tarifləri üzrə internet sürətini 2,5 dəfə artırmış, qiymətlər də yüksəldilmişdi. Belə ki, əvvəl 40 Mbit/s internet 18 manata təklif olunurdu. Yeni tariflə 100 Mbit/s internetin qiyməti 25 manat müəyyənləşdirilib.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir