Bakıda səhər saatlarında yaranan nəqliyyat sıxlığı təkcə işə gedən vətəndaşların deyil, ali məktəb tələbələrinin də yollara çıxması ilə daha da artır. Eyni vaxtda minlərlə tələbənin universitetlərə üz tutması həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda əlavə yük yaradır. Dövlət qurumlarında fərqli iş qrafiklərinin tətbiqinin müzakirə olunduğu bir vaxtda universitetlərdə dərslərin başlama və bitmə saatlarının dəyişdirilməsi də gündəmə gəlir.
Universitetlərdə vahid dərs qrafiki əvəzinə fərqli başlama saatlarının tətbiqi – məsələn, bəzi ali məktəblərdə dərslərin 08:00-da, digərlərində isə 09:00 və ya 10:00-da başlaması real görünürmü? Bu modelin təhsil prosesinə hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb.

Ekspert bildirib ki, taksi qiymətlərinin artmasının səbəblərindən biri Bakıda nəqliyyat sıxlığının və taksi xidmətinə tələbin yüksəlməsidir:
“Ənənəvi olaraq, yeni tədris ili başlayanda Bakıda nəqliyyat sıxlığı artır. Son günlərdə taksi qiymətlərinin yüksəlməsinin səbəblərindən biri kimi də şəhərdə yaranan nəqliyyat sıxlığını və taksi xidmətinə tələbin artmasını göstərmək olar. Hazırda taksi qiymətləri sabit tariflər əsasında deyil, dəyişən tarif modeli ilə formalaşır. Qiymətlər əsasən tələb və təklifə uyğun müəyyən edilir. Pik saatlarda eyni anda çox sayda sərnişinin taksidən istifadə etmək istəməsi, digər tərəfdən isə şəhərdə tıxacların yaranması və yolların yüklənməsi sürücünün eyni məsafəni qət etməsi üçün sərf etdiyi vaxtı artırır. Bu zaman qiyməti hesablayan platformalarda və aqreqatorlarda tariflərin dəyişməsi baş verir. Yəni eyni məsafə üçün səhər, günorta, axşam və gecə saatlarında fərqli qiymətin müəyyənləşməsi dəyişən tarif modelinin nəticəsidir”.
Eldəniz Cəfərovun fikrincə, burada əsas məsələ yalnız qiymətin dəyişməsi deyil, bu dəyişikliklərin, xüsusilə də qiymət artımının sərnişinə nə dərəcədə aydın və şəffaf şəkildə göstərilməsidir:
“Sərnişin qiymətin hansı səbəbdən artdığını bilməlidir. Biz ekspert olaraq bu məsələləri araşdırırıq, siz media olaraq ictimaiyyətə çatdırırsınız, amma bu məlumat birbaşa sərnişinə də təqdim edilməlidir. Digər tərəfdən, 5 manatlıq bir səfərin qısa müddət ərzində 8 manata yüksəlməsi sərnişin üçün kifayət qədər ciddi fərqdir. Buna görə də məsələyə yalnız xidmət göstərən tərəfin deyil, sərnişinin maraqları baxımından da yanaşmaq lazımdır. Ona görə də taksi operatoru şirkətləri dəyişən tarifləri tətbiq edərkən şəffaflığı mütləq nəzərə almalıdır. Sərnişin ödədiyi məbləğin hansı amillərdən asılı olaraq dəyişdiyini aydın şəkildə bilməlidir”.
Xalidə Gəray
Musavat.com

