Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

“SABAH.city”nin fəaliyyətə başlaması ölkədə elm, təhsil və biznes arasında əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir. Layihənin əsas məqsədlərindən biri elmi-tədqiqat potensialını innovativ ideyalara və kommersiya yönümlü texnoloji həllərə çevirməkdir. Şəhərcikdə tələbələr, tədqiqatçılar, startaplar və texnologiya şirkətləri üçün yaradılan imkanların bu prosesə necə təsir edəcəyi isə qarşıdakı dövrdə daha aydın görünəcək.
Bəs “SABAH.city” Azərbaycanın texnoloji inkişafına konkret olaraq hansı töhfələri verə bilər?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Musavat.com-a şərhində bildirib ki, “SABAH.city” innovasiya şəhərciyi Azərbaycanın rəqəmsal ekosistemində illərdir kəsinti yaradan akademik bilik, dövlət dəstəyi və biznes mühitini bir araya gətirərək ölkənin texnoloji inkişafında vacib transformasiya nöqtəsi ola bilər:
“Şəhərcik daxilində yaradılan infrastruktur sadəcə binalar kompleksindən ibarət olmayıb, bilik və tədqiqatın kommersiyalaşaraq real iqtisadi dəyərə çevrilməsi üçün kompleks zəmin formalaşdırır. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1500-dən çox tələbəsinin 13 tədris və tədqiqat laboratoriyasına birbaşa cəlb olunması universitetdə yaranan elmi potensialın sənaye tərəfindən tətbiqinə yol açır. Süni intellekt, robototexnika, kibertəhlükəsizlik, biotexnologiya və nanofizika kimi strateji istiqamətlərdə aparılan tədqiqatlar yerli texnoloji məhsulların yaradılmasını kəskin sürətləndirir. Şəhərcikdə yerləşən 12 startap, 22 ofis sahəsi və 8 texnologiya şirkətinin birgə işləməsi ideyaların inkubasiya və akselerasiya mərhələlərindən keçərək vençur kapitalı cəlb etməsinə və qlobal bazarlara çıxışına imkan yaradır. Eyni zamanda ASAN Süni İntellekt Mərkəzi kimi qurumların burada yer alması açıq innovasiya modelini təşviq edərək dövlət xidmətlərinin rəqəmsallaşmasında yerli texnoloji həllərin payını artırır. Dünyanın qabaqcıl texnologiya hablarının və beynəlxalq innovasiya mərkəzlərinin təcrübəsində olduğu kimi, “SABAH.city” şəhərciyinin də uğuru gələcəkdə alınan beynəlxalq patentlərin, kommersiyalaşan elmi işlərin, cəlb edilən xarici və yerli investisiyaların həcmi, eləcə də texnologiya ixracının artımı kimi konkret göstəricilərlə ölçüləcək”.
Nigar Həsənli
Musavat.com

