Almaniyaya köçmək istədi, sinif yoldaşının tələsinə düşdü — TƏFƏRRÜAT
ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilən “AB Tour” turizm şirkətinin əməkdaşı Dadaşova Nərminə Akif qızının cinayət işinə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılacaq. Cinayət işində 18 nəfər zərərəçəkmiş qismində tanınıb.
Belə ki, Nərminə Dadaşova Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyevlə əlbir olaraq vətəndaşlardan Almaniyaya viza düzəltmək adı ilə xeyli miqdarda pul alıblar. Belə ki, onlar Bakı şəhər sakini Baba Asəf oğlu Güləhmədovu da aldadaraq, 4 min manat vəsaitini ələ keçiriblər.
Rəşad Quliyevlə bir sinifdə oxuyan B.Güləhmədovu hazırda Almaniyanın Köln şəhərində məskunlaşan R.Quliyev onu Avropaya aparmaq adı ilə aldadıb:
“Rəşadla Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən Xarici Dillər Təmayüllü Gimnaziyada bir sinifdə oxumuşuq. Əvvəllər münasibətimiz vardı, arada görüşürdük. Onunla 2016-cı ilin yayında əlaqə saxladım, Almaniyaya getmək istədiyimi dedim. Rəşad mənə kömək edəcəyini, hətta başqaları üçün gördüyü işi mənə daha ucuz qiymətə edəcəyini bildirdi.
Rəşad dedi ki, həyat yoldaşım və iki övladımla bərabər Almaniyaya getməyim üçün 7-8 min manat lazım olacaq.
Ancaq məndə o qədər pul yox idi. Yoldaşımın gətirdiyi bütün cehizləri, qızılları dəyər-dəyməzinə satdım. Bu işin alınması üçün qohumlar bankdan 4 min manat kredit götürüb mənə verdilər”.
Baba Güləhmədov bildirib ki, Rəşad Quliyev ona əvvəlcədən 4 min manat verməsini istəyib:
“Dedi ki, Almaniyaya gedəndən sonra daha 4 min verəcəyəm. 4 mini hazırlayandan sonra zəng etdim, bildirdi ki, pulu AB Tour turizm şirkətinin əməkdaşı Nərminə Dadaşovaya verim. Nərminə Dadaşovanı o zaman tanıdım. Pulu ona verdim, o da 4 mini Rəşadın anası Dünyaxanım Məhərrəmovaya çatdırdı”.
Zərərçəkənin sözlərinə görə, Rəşad Quliyev bir müddətdən sonra əlavə 4 min manat da tələb edib:
“Bir müddət sonra Rəşad mənə zəng etdi ki, əlavə 4 min manat da verməlisən. Buna etiraz etdim. Bildirdim ki, əvvəla pulum yoxdur, çünki özümün sənədlərimin hazırlanması, yol xərcim də var. İkincisi isə şərtimiz belə olmayıb. O isə işin alınması üçün Almaniyada bir adama 4 min manat verməli olduğunu bildirdi.
Bizə bilet və xərclik üçün əlavə 4 min manat da lazım idi. Ona dedim ki, sən əvvəl bizimlə elə danışmamışdın, artıq bu iş 12 min manata başa gəlir. Dedi ki, yox, sən məni səhv başa düşmüsən, mənim özümə 8 min manat verməli idin”.
B.Güləhmədov deyir ki, bu danışıqdan sonra keçmiş sinif yoldaşının onu aldatdığını anlayıb:
“Artıq onun dələduzluq etdiyini gördüm. Rəşaddan pulumu geri tələb elədim. Ancaq o aldığı pulu verməkdən imtina etdi. Aylardır ki, pulumu geri qaytarmır”.
B.Güləhmədovun qayınanası, Cəlilabad rayon Göytəpə kənd sakini Şahsənəm Əşrəf qızı Ağayeva isə bildirdi ki, 4 min manatı bankdan öz adına kredit götürüb kürəkəninə verib:
“Dedilər, Baba Almaniyada işləyəcək, pul göndərəcək, mən də krediti ödəyəcəyəm. Ancaq Rəşad kürəkənimi aldatdı, indi həmin krediti pensiyamla ödəyirəm”.

ölkə.az

