Statistik rəqəmlərin arxasındakı ACI gerçək – Sosioloqdan SOS

Statistik rəqəmlərin arxasındakı ACI gerçək – Sosioloqdan SOS

Azərbaycanda əhalinin sayı artsa da, demoqrafik göstəricilərdə diqqətçəkən dəyişikliklər müşahidə olunur. 2026-cı il avqustun 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10 milyon 276 min 566 nəfərə çatıb. İlin əvvəlindən əhalinin sayı 14 215 nəfər və ya 0,14 faiz artıb.

Lakin ilin ilk 7 ayında doğulan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Eyni zamanda, nikahların sayı aşağı düşüb, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 3,7-yə düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalmışdı.

Bəs bu rəqəmlər Azərbaycanın demoqrafik vəziyyəti barədə nə deyir? Doğum və nikahların azalmasının əsas səbəbləri nələrdir? Əhalinin artım tempinin zəifləməsi gələcəkdə ölkənin demoqrafik strukturuna necə təsir göstərə bilər? Boşanmaların eyni səviyyədə qalması ailə institutunda hansı meyillərdən xəbər verir?

Üzeyir Şəfiyev: Akademik Karyerası, Tədqiqat Mövzuları - 2026

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Artıq bir neçə ildir ki, demoqrafik ləngimə, təbii artımda azalma var, yeni doğulanların sayında azalma müşahidə olunur. Bu da təkcə Azərbaycanda baş verən hadisə deyil, qlobal bir tendensiyadır. Sadəcə, bu, Azərbaycan üçün heç vaxt xarakterik olmayıb. Ancaq son bir neçə ildə ölkəmizdə artıq bu tendensiya özünü göstərir.

Məsələn, 2022-ci ildə 122 min yeni doğulan var idi, 2023-cü ildə 112 min oldu, 2024-cü ildə isə növbəti azalma müşahidə edildi. Beləliklə, tendensiya şəklində azalma gedir. Bəli, əgər bu belə davam edərsə, həm birinci sinfə gedən şagirdlərin sayının azalması fonunda, Nazirlər Kabinetinin hesabatında da deyildiyi kimi, müəllim ştatlarının, təxminən, 50 minə qədər ixtisarı demək ola bilər. Eyni zamanda, əmək bazarında, səfərbərliklə bağlı problemlər yarada bilər, genofond təhlükəsizliyi ilə bağlı risklər meydana çıxa bilər. Amma hələ ki, Azərbaycan əhali artımına görə Cənubi Qafqazda lider ölkədir. Amma bütövlükdə bu tendensiya davam edərsə, əhalinin qocalması deyilən sindromla da biz orta perspektivdə qarşılaşa bilərik.

Hazırda əhalinin median yaş həddi 34-dür. Bu göstərici 39-40 yaşa çatanda əhali qoca sayıla bilər. Şübhəsiz ki, əhalinin cins-yaş strukturunda da dəyişikliklər gedir. Yəni ahılların sayı artır, yeni doğulanların sayı azalır. Hətta bu, “Sosial xidmət haqqında” dövlət proqramının preambula hissəsində də qeyd olunmuşdu ki, son 22 il ərzində ölkə əhalisi cəmi 26,4 faiz artıb, amma ahılların sayı 99 faizdən bir qədər də çox artıb. Bu o deməkdir ki, Azərbaycanda ahıllar, əgər 65 yaş həddi əsas götürülsə, ölkə əhalisinin təqribən 11 faizini təşkil edir. Amma Azərbaycanda “Sosial xidmət haqqında” qanunda ahıl yaşı 70 yaş göstərildiyinə görə, indiki halda Azərbaycanda ahılların sayı 7 faiz ətrafındadır”.

Sosioloqa görə, ahılların sayının çoxluğu, işləyən əhalinin sayının azalması o deməkdir ki, dövlət üçün əlavə maliyyə yükü yarana bilər: “Ona görə də yeni doğulanların sayını təşviq etmək üçün əlavə demoqrafik alətlərə ehtiyac yarana bilər. Çünki Azərbaycana həmişə keyfiyyətli əhali lazımdır. Azərbaycan həmişə olduğu kimi, geosiyasi çarpazlaşma nöqtəsində yerləşib və burada həmişə keyfiyyətli əhaliyə ehtiyac var.

Həm də təbii artımda ləngimə aradan götürülməsə, orta perspektivdə mexaniki artım, yəni ölkəyə miqrant axını çoxala bilər. Bu da Avropanın qarşılaşdığı miqrant ekspansiyası ilə ölkəni qarşı-qarşıya qoya bilər, yəni ölkə miqrant axını ilə üzləşə bilər.

Məncə, bunun qarşısını almaq üçün demoqrafik təşviq alətlərindən istifadə edilməlidir. Məsələn, yeni doğulan uşaqların adına hesab açıla bilər. Amerikadakı kimi, 2026-2028-ci illərdə “Tramp proqramı” çərçivəsində yeni doğulan uşağın adına hesab açılır, həmin hesaba 1000 dollar civarında pul qoyulur və bu vəsait qiymətli kağızlar bazarına depozit kimi qoyulur. Gələcəkdə uşaq bundan istifadə edir.

Yaxud Türkiyədə 2025-ci il “Ailə ili” çərçivəsində istifadə olunan bir alətdən istifadə oluna bilər. Belə ki, həmin ildə Türkiyədə dövlət qurumları və bələdiyyələr imkansız gənclərin toy xərclərini öz üzərinə götürdü. Və yaxud faizsiz, güzəştli kreditlər verildi. Dörd il ərzində gənc ailələr mənzillənmək üçün bu kreditləri götürürlər və sonra hissə-hissə güzəştli şərtlərlə ödəməyə başlayırlar”.

Üzeyir Şəfiyev bildirib ki, gənclərin məşğulluğu, mənzillənməsi məsələsini, media və televiziyalardan istifadə edərək ailə dəyərlərini, ailə institutunu təbliğ və təşviq etmək lazımdır: “Çünki gənclər arasında bir qədər subaylıq sindromu da yayılıb. Onlar ailə qurmağa maraqlı deyillər, daha qayğısız, komfortlu və rahat yaşamaq istəyirlər. Sanki bu, Asiya ölkələrində, məsələn, Çində, Yaponiyada olan subaylıq sindromunun Azərbaycanda da özünü göstərməsidir. Bir qədər də boşanmaların artan statistikası onları qorxudur, şübhəsiz.

Mənə elə gəlir ki, bu xüsusda gənclərin məşğulluğu, mənzillənməsi məsələsinə əlavə tədbirlər görmək lazımdır. Eyni zamanda, ailəyə marağı artırmaq lazımdır ki, gənclər ailə qurmağa da maraqlı olsunlar. Güman edirəm ki, parlamentdə müzakirə olunan çoxuşaqlı ailə limitinin 5-dən 3-ə endirilməsi də yaxşı olardı. Çünki belə olanda 3 uşaqlı ailə də çoxuşaqlı ailə sayılacaq və çoxuşaqlı ailələrə aid olan imtiyazlardan istifadə edə biləcək. Bu da o deməkdir ki, yeni qurulan ailələr artıq 3 uşaqlı ailə olmağa üstünlük verməyə çalışacaqlar. Belə vəziyyətdə, bu tipli demoqrafik təşviq alətləri ilə biz demoqrafik mənzərəni müsbətə doğru dəyişmək imkanına malikik”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir