“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti

“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərini qəbul edərkən deyib.

“Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq”, – deyən dövlət başçısı bildirib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir.

Prezident həmçinin vurğulayıb: “Yəni, ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

İlham Əliyev qeyd edib ki, TDT-yə üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək: “Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik”, – deyə dövlətimizin başçısı əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı keçirilir. Ekspertlər hesab edir ki, türk dövlətlərinin, o cümlədən TDT-nin güclənməsi üçün mükəmməl təhlükəsizlik şəraitinin təmin olunması ən vacib şərtlərdəndir. TDT-yə üzv dövlətlərin liderlərinin bu məsələdə iradəsi ortadadır. TDT-nin dünyada nüfuzlu, mövqeyi ilə hesablaşılan təşkilata çevrilməsi istiqamətinə ciddi bir yol artıq qət edilib və Prezident İlham Əliyevin qeyd etdiyi hədəfə çatmaq üçün potensial var, baza formalaşdırılıb.

İlham İsmayıl saxlanıldı

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Musavat.com-a şərhində bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi, iqtisadi və mədəni sahələr üzrə tez-tez görüşlərinin keçirilməsi artıq ənənə halını alıb. Müasir dünyada baş verən təhlükəli proseslərin kifayət dərəcədə qloballaşması, eyni zamanda, təhlükəsizlik məsələlərinin müzakirə edilməsini və bu istiqamətdə vahid mövqeyin formalaşmasını zəruri edir: “Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya ətrafında hazırda gərginliklər, müharibə ilə davam edən qarşıdurmalar fonunda TDT-nin daha da güclənməsi, buraya üzv ölkələrinin həm müdafiə sahəsində, həm də bölgəni təhdid edən digər təhlükəsizlik məsələləri ətrafında koordinasiyalı fəaliyyət göstərməsi strateji əhəmiyyətə malikdir və daha da inkişaf etdirilməlidir.

Ən əsası bölgə üçün xarakterik olan beynəlxalq terrorizm, dini ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq sahəsində əlaqəli əməkdaşlıq hər bir üzv ölkənin təhlükəsizliyinə töhvə vermiş olar. Təhlükəsizliyi mükəmməl qurulan təşkilatın dünyada mövqeləri daha da güclü olur. Güclü olmaq üçün təhlükəsizlik şərtdir”.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir