Türk Dövlətləri Təşkilatında gənclərlə iş təhlükəsizlik və milli maraqlar baxımından ayrıca əhəmiyyət kəsb edən istiqamətə çevrilir. Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən gənc nəslin üzləşdiyi ideoloji təsirlərə xüsusi diqqət çəkib.
Dövlət başçısı bildirib ki, müəyyən beynəlxalq mərkəzlər öz məqsədləri üçün hələ formalaşma mərhələsində olan və manipulyasiyaya daha açıq gənc nəslə yönəlirlər. İlham Əliyev bu baxımdan TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsini, müntəzəm forum və konfransların keçirilməsini vacib sayıb. Prezidentin fikrincə, bu cür təmaslar türk dövlətlərinin gəncləri arasında əlaqələri gücləndirməklə yanaşı, onların bir-birinə münasibətində ortaq tarixi və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edəcək.

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-da öncəliklə diqqətə çatdırdı ki, Prezident İlham Əliyev TDT çərçivəsində ölkəmizin strateji rolunu bir daha təsdiqlədi: “Bakıda baş tutan növbəti yüksək səviyyəli tədbir Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilində tutduğu xüsusi mövqeyi bir daha gözlər önünə sərdi. Prezident İlham Əliyevin bu münasibətlə söylədiyi fikirlər təkcə protokol xarakterli çıxış deyil, ölkəmizin regional və beynəlxalq arenada gedən proseslərə necə töhfə verdiyinin əyani sübutu idi.Diqqətəlayiq faktdır ki, qısa müddət ərzində Bakı iki mühüm tədbirə ev sahibliyi edib. Əvvəlcə TDT üzv dövlətlərinin dini liderləri, indi isə Təhlükəsizlik Şuralarının katibləri paytaxtımızda toplaşıb. Prezidentin vurğuladığı kimi, bu, təsadüf deyil. Azərbaycanın türk dünyası ilə münasibətlərinin nə qədər sistemli, çoxşaxəli və dərin olduğunun göstəricisidir. Ölkəmiz artıq sadəcə iştirakçı deyil, həm dini-mənəvi, həm də təhlükəsizlik məsələlərinin müzakirə olunduğu etibarlı məkana çevrilib. Prezidentin çıxışında xüsusi diqqətə layiq məqam gənclər siyasətinə ayrılan yerdir. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasətinin davam etdirilməsinin vacibliyini önə çəkib. Gənc nəslin vətənpərvərlik və milli dəyərlər ruhunda tərbiyəsi, onların fikirlərinin dinlənilməsi və inkişafı üçün şəraitin yaradılması dövlətin prioritet vəzifələrindən biri kimi qeyd olunub. Eyni zamanda, xaricdən idarə olunan və maliyyələşən qrupların cəmiyyətimizdə heç bir dayağı olmadığı, xalqımızın mütləq əksəriyyətinin milli-mənəvi dəyərlərə sadiq qaldığı vurğulanıb. Bu, Azərbaycan cəmiyyətinin daxili bütövlüyünün və sabitliyinin göstəricisidir”.
Cavanşir Abbaslı
Musavat.com

