20 sentyabr: Müstəqilliyin bərpası qədər önəmli TARİX

20 sentyabr: Müstəqilliyin bərpası qədər önəmli TARİX

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu darmadağın edərək tarixi Zəfərə imza atdı. Ölkəmiz beynəlxalq hüququn aliliyini və BMT qətnamələrini öz gücü ilə təmin edərək, torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi.

Lakin 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan və onun Qarabağdakı qanunsuz rejimi konstruktiv mövqe nümayiş etdirmədi, sülh danışıqlarını hər vəchlə ləngitməyə çalışdı. BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan xunta rejiminin Azərbaycan ərazisində fəaliyyətini davam etdirməsi həm beynəlxalq hüquqa zidd, həm də suveren dövlətimiz üçün qətiyyən qəbuledilməz idi. Separatçı qüvvələrin və onların havadarlarının bitmək bilməyən hərbi-siyasi təxribatlarına cavab olaraq, rəsmi Bakı tərəfindən atılan ardıcıl, peşəkar və qətiyyətli addımlar dövlət suverenliyimizin tam bərpasını qaçılmaz etdi.

Bu yolda ilk həlledici addım 2023-cü il aprelin 23-də atıldı. Həkəri çayı üzərində Laçın Nəzarət-Buraxılış Məntəqəsinin qurulması ilə Azərbaycan bir güllə belə atmadan beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyunca ali dövlət hakimiyyətini və nəzarətini bərqərar etdi. Buna baxmayaraq, ərazidəki qanunsuz erməni silahlı birləşmələrinin təxribatları səngimədiyindən, 2023-cü il sentyabrın 19-da konstitusiya quruluşunun bərpa olunması və separatçıların tərk-silah edilməsi məqsədilə lokal antiterror tədbirlərinə start verildi. Cəmi 23 saat 43 dəqiqəyə parlaq qələbə ilə yekunlaşan bu əməliyyatdan sonra qondarma rejim özünü buraxdığını elan etdi və Azərbaycan öz suverenliyini ölkənin hər bir nöqtəsində tam bərpa etdi.

Antiterror əməliyyatı başladı - Şəhidimizin qisası alındı | Modern.az

Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr-Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarix 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan çətin mübarizə yolunun məntiqi və şanlı kulminasiya nöqtəsidir. Qazanılmış bu tarixi nailiyyətləri qoruyub saxlamaq, daxili sabitliyi və iqtisadi yüksəlişi daha da sürətləndirmək hər birimizin müqəddəs borcudur.

23 saatlıq anti-terror əməliyyatının nəticələri Azərbaycanın Konstitusiyasının, digər qanunlarının və beynəlxalq hüququn tam bərqərar olmasını təmin etdi. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinin bərpasını elan etsə də, Qarabağdakı separatçılıq üzündən bütün ərazisində suverenliyini bərpa edə bilməmişdi. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ərazimizdə separatizmin kökünü kəsdi və Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi. Bu baxımdan 20 sentyabr sözsüz ki, Suverenlik Günü müstəqilliyimizin bərpa edildiyi gün qədər əhəmiyyətli və möhtəşəm tarixdir.

Azərbaycanla Ermənistan arasında sülh prosesi də məhz bu tarixdən sonra start götürdü və artıq böyük bir yol, məsafə qət edilib…

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir