Azərbaycanın tranzit ölkə kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr fonunda Bakı Limanında yükdaşımaların həcmi diqqət çəkir. Bu ilin ilk 8 ayında Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb. Eyni zamanda, Orta Dəhlizin inkişafı üçün Avropa tərəfindən böyük həcmli investisiyaların nəzərdə tutulması Azərbaycanın regiondakı tranzit imkanlarını yenidən gündəmə gətirir.
Yük həcminin artması Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi baxımından nə deməkdir? Orta Dəhlizin genişləndirilməsi ölkəyə real olaraq hansı iqtisadi imkanları yarada bilər və Azərbaycan bu artan tranzit yükündən nə qədər gəlir əldə edir? Bəs Bakı Limanında yükdaşımaların artması Azərbaycanın Orta Dəhliz üzərindən əsas tranzit mərkəzlərindən birinə çevrildiyini göstərirmi və mövcud infrastruktur artan yük axınının qarşılanmasına nə dərəcədə hazırdır?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“888 milyon avro vəsaitin hamısı Azərbaycanın məhz bu bank qarşısında dövlət borcu deyil. Vəsaitin 41 faizi özəl sektorun payına düşür və həmin vəsait hesabına 35 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Yəni 41 faiz 35 layihə üzrə cari portfeldir. Məhz həmin 888 milyon avronun bölgüsünə baxsaq, görərik ki, 794 milyon avro infrastruktur layihələri üçün nəzərdə tutulub. 64 milyon avro Azərbaycanın maliyyə institutlarına ayrılan vəsaitdir. Yerdə qalan 30 milyon avro isə özəl sektorun payına düşür və bu da nisbətən kiçik hissədir. Yəni məsələ burada birbaşa dövlət borcu kimi, dövlətin bunu necə qaytaracağı və ya dövlətin bu borcdan ciddi şəkildə yüklənməsi kimi qiymətləndirilməməlidir. Məsələ bir qədər fərqlidir”.
İqtisadçı qeyd edib ki, vəsaitlərin konkret hansı layihələrə yönəldiyinə baxsaq, görərik ki, burada “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası, “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsinin icrası, həmçinin Neftçalada Günəş Elektrik Stansiyasının inşası kimi layihələr var:
“Bunların hər biri strateji layihələrdir və onların icrasında məhz bu vəsaitlərdən istifadə olunur. Bu layihələrin sayını əslində daha da artırmaq olar. Səhv etmirəmsə, Gəncənin su təsərrüfatının yenidən qurulması ilə bağlı müvafiq layihə də bura daxildir. Özəl sektora gəldikdə isə, Azərbaycanın özəl sektorunda, o cümlədən bank sektorunda bu vəsaitlərdən yararlanan nümunələr var. Təxminən 100 milyon dollar ətrafında vəsait isə Azərbaycanın yaşıl iqtisadiyyatla bağlı müvafiq proqramının icrası üçün nəzərdə tutulub. Bütün bunlara birlikdə baxdıqda görürük ki, vəsaitlərin hər biri strateji layihələrə yönəldilib. Bu vəsaitlərin geri qaytarılması ilə bağlı hər hansı problem olacağını düşünmürəm. Əvvəla ona görə ki, layihələr iqtisadi baxımdan səmərəli layihələrdir, eyni zamanda strateji əhəmiyyət daşıyır. Bundan əlavə, bu bankın təklif etdiyi kredit faizləri, yəni borc vəsaitlərinin faizləri də kifayət qədər əlverişlidir. Ona görə də burada hər hansı ciddi maliyyə yüklənməsindən və ya yüksək kredit faizlərindən söhbət getmir”.
Afaq Mirayiq,
Musavat.com

