Bu əməliyyat 200 ildən artıq davam edən problemi həll etdi

Bu əməliyyat 200 ildən artıq davam edən problemi həll etdi

19-20 sentyabr 2023-cü il Azərbaycan hərb tarixinin ən mühüm səhifələrindən biri kimi yadda qaldı. Cəmi 24 saata yaxın davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi, ərazi onların nəzarətindən tamamilə çıxarıldı və Azərbaycan dövlətinin suverenliyi ölkənin bütün ərazisində bərpa olundu. Hədəfli və yüksək dəqiqliklə həyata keçirilən əməliyyat Azərbaycan Ordusunun döyüş qabiliyyətini, peşəkarlığını, müasir texniki imkanlarını və qarşıya qoyulan hərbi vəzifələri qısa müddətdə effektiv şəkildə yerinə yetirmək gücünü nümayiş etdirdi. Əməliyyat zamanı mülki əhali və mülki infrastrukturun qorunması da diqqət mərkəzində saxlanıldı.

ANTİTERROR SON.jpg (60 KB)

Bu nəticəyə aparan yol isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən keçirdi.

İLHAM ESGER.jpg (246 KB)

Sonrakı mərhələdə həyata keçirilən lokal hərbi əməliyyatlar, strateji yüksəkliklərin nəzarətə götürülməsi və Qarabağda hərbi-siyasi vəziyyətin dəyişməsi 19 sentyabr əməliyyatı üçün zəmin yaratdı. Beləliklə, Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik və hərbi strategiyasının nəticəsi olaraq ölkənin ərazi bütövlüyü ilə yanaşı, suverenliyi də tam bərpa edildi.

HİKMET.jpeg (29 KB)

Millət vəkili Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında 19-20 sentyabr hadisələrinin mahiyyətinə və Azərbaycanın suverenliyinin bərpasının tarixi əhəmiyyətinə diqqət çəkib:

“Suverenlik həm hüquqi, həm də siyasi termin kimi olduqca mühüm məzmun kəsb edir. Çünki suverenlik hər bir xalqın siyasi iradəsinin öz ərazisi üzərində qeyd-şərtsiz təntənəsi deməkdir. Çox təəssüf ki, biz uzun illər suverenliyimizi bərpa edə bilmədik. Ərazi bütövlüyümüz işğal olunmuşdu. Lakin 19 sentyabr 2023-cü ildə biz böyük bir tarixi zəfərə imza atmaqla ölkəmizin hər qarış ərazisində Azərbaycan dövlətinin suveren hüquqlarını bərpa etdik. Bu, hər şeydən əvvəl Azərbaycan dövlətinin gücü, Azərbaycan Prezidentinin siyasi qətiyyəti və cəsarəti, Azərbaycan Ordusunun şücaəti sayəsində mümkün oldu. Çünki Azərbaycan xalqının suveren hüquqlarının pozulması yalnız son 35 ilin hadisəsi deyildi. Hələ 1923-cü ildə Azərbaycan ərazisində onun bir hissəsinə, yəni Qarabağa xüsusi status verməklə bizim suveren hüquqlarımız məhdudlaşdırılmışdı. Ondan əvvəl də Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, Şuşa 1905-ci ildə Kürəkçay müqaviləsi ilə işğal olunmuşdu. Yəni natamam bir sutkalıq əməliyyat 200 ildən artıq davam edən problemi həll etdi. Ona görə də hesab edirəm ki, biz suverenliyimiz haqqında danışarkən onu bütöv görməli, onun məzmununu təkcə bugünkü siyasi reallıqlar kontekstində yox, həm də tarixi reallıqlar kontekstində dərk etməliyik. Onun qədrini bilməliyik və Suverenlik Günümüz hər il sentyabrın 20-də qeyd edilərkən bütün bunları xatırlamalıyıq. Çünki bu, bizə necə böyük qələbə əldə etdiyimizi və gələcək nəsillərə nəyi miras qoyduğumuzu izah etmiş olacaq. Ona görə də Suverenlik Günü bu gün Azərbaycanın ən gənc dövlət bayramı olmasına baxmayaraq, ən əhəmiyyətli dövlət bayramlarından biridir”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir