“Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayan şəxslərin cəzalandırılması ilə bağlı yayılan xəbərlər və şərhlər də həqiqəti əks etdirmir”.
ARANTV.AZ bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA-nın məlumatına görə, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”na əsasən, bu sahədə tənzimləmə tədbirlərinin 2028-ci ildən həyata keçirilməsi nəzərdə tutulur. Lakin ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün hazırda hər hansı sertifikat tələbi müəyyən edilməyib.
Agentlik qeyd edib ki, əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərin bazara çıxış imkanlarının yaradılması nəzərdə tutulur:
“Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır. İstehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub”.
AQTA bildirib ki, insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, eləcə də qida zəhərlənmələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir.
AQTA-nın məlumatında vurğulanıb ki, izlənilməsi mümkün olmayan bu məhsullardan qaynaqlanan qida zəhərlənmələrinin qarşısının alınması və qida təhlükəsizliyinin təmin edilməsi üçün həmin məhsulların bazara çıxarılması ilə bağlı tənzimləmə mexanizmlərinin yaradılmasına ehtiyac var.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub.
Proqrama əsasən, bu tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir.
Bu çərçivədə ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi ilə bağlı mexanizm üzrə təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd bu məhsulların bazara çıxışını təmin etməklə sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaratmaq, eyni zamanda istehlakçıları mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorumaq və insanların həyat və sağlamlığının təhlükəsizliyinə töhfə verməkdir.
AQTA sonda vurğulayıb ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbinin tətbiq ediləcəyi və cərimələrin nəzərdə tutulduğu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Agentlik bu məlumatları cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış yanlış məlumatlar kimi qiymətləndirib.
Xalidə,
Musavat.com

