Xəbər verildiyi kimi, Azərbaycanda ev şəraitində hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı yeni tələblərin tətbiqi nəzərdə tutulur. AQTA-nın açıqlamasına görə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların dairəsi dəqiqləşdiriləcək, onların hazırlanması, saxlanılması, daşınması və istehlakçıya təqdim olunması ilə bağlı müvafiq tələblər müəyyənləşdiriləcək. Sertifikat tələbinə əməl etməyənlərin isə cərimələnməsi nəzərdə tutulur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yeni mexanizm əsasən evdə və ailə təsərrüfatlarında sonradan satış üçün hazırlanmasına icazə verilən məhsulların siyahısını müəyyən edəcək. Bundan əlavə, belə məhsulların təhlükəsizliyini təmin etmək üçün onların hazırlanması, saxlanması, daşınması və satışı ilə bağlı müvafiq tələblər müəyyən ediləcək.
Qeyd edək ki, bir neçə gündür bu xəbər ictimaiyyət arasında müzakirələrə səbəb olub. Bəzi iqtisadçılar buna narazılığını bildirib. İqtisadçı Natiq Cəfərli bu yanaşmanı sərt şəkildə tənqid edib.

O hesab edir ki, iqtisadi sahələrə nəzarət edən bəzi dövlət qurumları öz fəaliyyətlərinin əsas mahiyyətini və vətəndaşa xidmət prinsipini düzgün qiymətləndirmirlər. İqtisadçının fikrincə, evdə hazırlanmış mürəbbə, turşu və digər məhsulların satışına əlavə sertifikat və tələblərin tətbiqi nəticədə həm istehsalçının xərclərini artıra, həm də bu məhsulların qiymətinin yüksəlməsinə səbəb ola bilər.
Bəs satıcılar və alıcılar bu məsələyə necə yanaşır?
Musavat.com əməkdaşı olaraq bazara yollanıb, həm satıcıların, həm də alıcıların fikirlərini öyrəndik.
Bazara daxil olarkən ilk diqqət çəkən izdiham oldu. Xeyli adam alış-veriş edirdi desək, yanılmarıq – iynə atsan, yerə düşməzdi. Piştaxtalarda isə məhz söhbət açdığımız evdə hazırlanmış məhsullar – müxtəlif turşular, mürəbbələr və digər konservləşdirilmiş məhsullar sıralanmışdı. Qiymətlərlə maraqlandıq.

Piştaxtanı əsəbi şəkildə təmizləyən qadına yaxınlaşıb soruşuruq:
– Əncir mürəbbəsi neçəyədir?
– Alacaqsan?
– Siz deyin, münasib olsa, alacağam.
Məlum oldu ki, 3 kiloqramlıq əncir mürəbbəsinin qiyməti 30 manat, yəni 1 kiloqramı 10 manatdır. Kiçik ölçülü zoğal turşusu 3 manata, 3 kiloqramlıq zoğal turşusu isə 30 manata satılır.
AQTA-nın yoxlamaları və yeni qaydalar barədə satıcıdan soruşuruq:
– Xəbəriniz varmı?
– Guya yoxlamırlar ki? Hər dəfə gəlirlər, deyirlər ki, üstünə kağız vurun. Bezmişik daha. Elə bilirlər burada kef edirik… Hər dəqiqədən bir gəlib yoxlayırlar. Biz burda işləmirik, cəza çəkirik!

Qadın satıcılardan biri isə gəlir mənbələrinin əllərindən alınmasından narahatlığını belə ifadə edir: “Olan elə bizə, kasıb camaata olur. Neyləyirlər yoxlasınlar da. İndi yığışdırmağına yığışdırarlar, amma nə olsun? Hamı da alır, heç kəsin də hələ bu vaxta kimi heç nəyi olmayıb…”
Digər bir satıcı dövlət tərəfindən tətbiq olunacaq yeni qərarlardan xəbərsiz olduğunu və ya bu qaydaların kasıb təbəqəyə zərər vuracağını bildirir: “Neyləsinlər? Kasıb camaatın evini yıxırlar da…”
Bazarda alış-veriş edən sakinlər arasında isə fikirlər fərqlidir. Kimi illərdir bazardan turşu aldığını və heç bir problem yaşamadığını deyir, kimi isə müəyyən məhsulları evdə hazırlamağa üstünlük verir.
Alıcılardan biri deyir: “Biz elə bazardan alırıq, hələ bir dəfə də olsun zəhərlənməmişəm”.
Digər alıcı isə evdə hazırladığı məhsullardan danışır: “Mən turşuları özüm evdə bağlayıram, amma zeytunu buradan alıram, çox dadlı olur”.

Beləliklə, bazarda mənzərə fərqlidir, piştaxtalarda evdə hazırlanmış məhsullar alıcılarını gözləyir, satıcılar isə yeni tələblərin onların qazancına təsir edəcəyindən narahatdır. Alıcıların bir qismi bazardan aldıqları məhsullardan razı qaldıqlarını deyir, digərləri isə evdə hazırlanan məhsullara üstünlük verir.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov mediaya açıqlamasında deyib ki, ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara serfitikat tələbi yoxdur:
“Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir. Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub. Lakin təkrar edirəm, hansısa serfitikat tələbi yoxdur. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub”.

Mətbuat katibinin sözlərinə görə, AQTA tərəfindən insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin, qida zəhərlənmələri hadisələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilməkdədir.
“Aparılan təhlillər və statistik rəqəmlər göstərir ki, 2024-2025-ci illər və cari ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiq olunmuş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib. Bu da ümumi hadisələrin 57 %-i təşkil edir. Eyni zamanda, həmin hadisələrin 47 %-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. İzlənilə bilinməyən həmin məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bu məhsulların bazara yerləşdirilməsi ilə bağlı tənzimlənmələrə ehtiyac var.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir. Bu çərçivədə həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir. Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır”.

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com


