BDU-nun Astrofizika kafedrasından Ölkə.az-a bildirilib ki, bu məlumatların heç bir elmi əsası yoxdur.
Qeyd edilib ki, onlar müasir fizikanın fundamental qanunlarına tamamilə ziddir: “Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Nyutonun Ümumdünya cazibə qanununa əsasən, Yerin cazibə qüvvəsi onun kütləsi və radiusu ilə müəyyən edilir. Qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki cəhətdən mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir hadisənin baş verəcəyini göstərən heç bir elmi əsas yoxdur.
Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bu hadisənin səbəbi kimi qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması göstərilir. Əslində isə qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində insanların hiss edə biləcəyi və ya Yerin cazibə qüvvəsini dəyişdirə biləcəyi təsiri yoxdur: “Bəzi paylaşımlarda adı çəkilən, guya NASA tərəfindən hazırlanmış “Project Anchor” adlı hesabat da rəsmi elmi sənəd deyil və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənməyib.
Həmin tarixdə əslində hansı astronomik hadisələr baş verəcək?
• Perseid meteor yağışının maksimumu – 13 avqust tarixində müşahidə olunacaq. Bu, ilin ən zəngin meteor yağışlarından biridir və Bakıdan da əlverişli şəraitdə izlənilə bilər.
• 12 avqust tarixində tam Günəş tutulması baş verəcək. Tam tutulma əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək. Azərbaycandan isə müşahidə olunmayacaq.
Bu hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir. İnsanlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi təşkilatların, rəsədxanaların və etibarlı beynəlxalq elmi qurumların açıqlamalarına əsasən izləmək tövsiyə olunur. Astronomik hadisələr maraqlı və möhtəşəm olsa da, onların ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir.
13 avqust 2026-cı ildə Yerin qravitasiya qüvvəsinin yox olması və ya insanların çəkisizlik vəziyyəti yaşaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Yer öz adi fiziki rejimində fəaliyyətini davam etdirəcək və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək”.

