Ermənistanın mina terroru – qorxunc statistika: ölkə ərazisinin 13,4 faizindən çoxu…

Ermənistanın mina terroru – qorxunc statistika: ölkə ərazisinin 13,4 faizindən çoxu…

Azərbaycanın 20% ərazisi 30 ildən artıq müddətdə davam etmiş işğal dövründə Ermənistan tərəfindən basdırılmış minalar səbəbindən dünyanın ən çox çirklənmiş zonalarından birinə çevrilib.

Beynəlxalq məsələlər üzrə ekspert, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a işğaldan azad olunmuş ərazilərdə davam edən mina fəlakətləri barədə danışarkən bildirib. Qeyd edək ki, avqustun 3-də Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində baş verən növbəti mina partlayışı nəticəsində 2 nəfər Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əlzamin Surxaylı sağ ayaq nahiyəsindən xəsarət alıb. Digər əməkdaş – 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev də bədən xəsarətləri alıb. TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib ki, onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək ümumilikdə 433 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 360 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb. Göründüyü kimi, gerçək mina xəritələrini Azərbaycana verməkdən imtina edən Ermənistanın mina terroru davam edir. Bu məsələ ATƏT sədrinin Azərbaycana səfəri və XİN rəhbəri Ceyhun Bayramovla görüşdə də müzakirə mövzusu olub.

sahibme.jpeg (17 KB)

S.Məmmədov təəssüflə bildirdi ki, Ermənistan silahlı qüvvələri münalardan yalnız müdafiə məqsədləri üçün istifadə etməyib: “Xüsusən 44 günlük müharibədən sonra Ermənistan əraziləri tərk edərkən kütləvi surətdə ərazilərdə minalar basdırdılar. Bu, sadəcə düşmənçilik idi. Məqsəd azad edilmiş ərazilərə qayıdacaq insanların məhv edilməsi idi. Minalar, xüsusən piyadalar əleyhinə minalar müharibə başa çatdıqdan sonra da savaşı davam etdirir və bu müharibə onillliklər boyu davam edir. Məsələn, dünən, 3 avqustda baş vermis mina partlaması hadisəsi o yerdə baş verib ki, əslində həmin yerlərdə mina basdırlmalı deyildi. Döyüş əməliyyatı getmiş ərazilərdə çay və su hövzələri ətrafında, çətin relyefli ərazilərdə kütləvi surətdə minaların basdırılmasında məqsəd geri qayıdan mülki əhalinın, onların mal-qarasının, avadanlıq və texnikasının məhv edilməsi məqsədi daşıyır”. S.Məmmədovun sözlərinə görə, ən pisi odur ki, Ermənistan bu terrorçu əməlinə görə özündə heç bir məsuliyyət hiss etmir: “Ermənistan “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiyaya (Ottava Konvensiyası) tərəfdar çıxmayıb. “Landmine Monitor Report” hesabatına əsasən, 160-dan çox ölkə piyadalar əleyhinə minaları qadağan edən Ottava Konvensiyasına qoşulub. Azərbaycan bu minaları istehsal və ixrac etməsə də, Konvensiyaya yalnız Ermənistanla münaqişə tam həll olunduqdan sonra üzv ola biləcəyini bəyan edib. Ermənistan isə piyadalar əleyhinə mina istehsal və ixrac edən ölkələrdəndir”.

Hüquqşünas bildirdi ki, Azərbaycan dövləti Ermənistanın mina terror ilə bağlı məsuliyyəti ilə bağlı beynəlxalq müstəvidə bir neçə idda qaldırıb: “ Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi (Azərbaycan Ermənistana qarşı)” adlı şikayətdə Ermənistanın minalardan irqi nifrət məqsədi ilə istəfadəsi məsləsini də qalıdırb. Təssüf ki, məhkəmə müvəqqəti təminat tədbirləri çərçivəsində Ermənistanın minalardan irqi nifrət məqsədi ilə istifadəsinin dayadırlması ilə bağlı Azərbaycan tərəfinin vəsadətini təmin etmədi. Azərbaycan Ermənistana qarşı, Ermənistanın sərhədyanı bölgədə ekoloji təhlükə yaradan fəaliyyəti ilə əlaqədar Espo Konvensiyası Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiya) çərçivəsində rəsmi prosedur və tələblər irəli sürüb. Amma fikrimcə, Ermənistanın mina terroru ilə bağlı maddi məsuliyyəti məsələsi barədə qurbanların kütləvi surətdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsi vacibdir”. S.Məmmədov qeyd etdi ki, Azərbaycanın xoş məram göstərməsi fonunda Ermənistan bir neçə vacib məsələdə ölkəmizlə əməkdaşlıqdan hər vəcdlə imtina edir: “Bunlar içərisində əsir və girov götürülmüş azərbaycanlılarla bağlı, digəri isə mina xəritələri ilə bağlıdır. Ermənistan qəsdən belə xəritələrin olmadığını bildirir. Verdiyi xəritələr isə minaaxtaranlar üçün faydalı olmadı. Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina/PHS vardır. Amma son tədqiqatlar göstərir ki, bu rəqəmlər artacaq. “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi çirklənmiş ərazi təxminən 11 667 kvadratkilometr təşkil edir. Mina/PHS ilə çirklənən ərazilər 86,6 min kvadratkilometr olan ölkənin ümumi ərazisinin 13,4 faizindən çoxunu təşkil edir”.

Göründüyü kimi, qorxunc statistikadır. Bu cinayətin icraçıları izə hələ ki yaxasını kənara çəkməklə baş verən faciələri seyr etməkdədir…

Elşad Paşasoy,

Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir