Sığorta haqları artdı, ödənişlər yüksəldi – Bu xidmət rekord qırır

Sığorta haqları artdı, ödənişlər yüksəldi – Bu xidmət rekord qırır

Azərbaycanda sığorta bazarında artım davam edir. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən 15 sığorta şirkətindən 11-nin sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə artıb, 4 şirkətdə isə azalma qeydə alınıb. Ən yüksək artım isə bəzi şirkətlərdə 30-80 faiz arasında olub.

Ümumilikdə sığorta şirkətlərinin topladığı haqların 1,1 milyard manatı keçməsi də bazarda pul dövriyyəsinin artdığını göstərir. Lakin bu artımın arxasında hansı sığorta növlərinin dayandığı və vətəndaşların sığortaya nə qədər maraq göstərdiyi də diqqət çəkir.

Bəs sığorta bazarındakı bu artım vətəndaşların real tələbatının göstəricisidir, yoxsa əsas pay məcburi sığorta növlərinin hesabına formalaşır? İnsanlar sığortaya daha çox hansı hallarda müraciət edir və ödədikləri vəsait müqabilində aldıqları təminatdan nə dərəcədə razıdırlar?

Bu assosiasiyaya yeni rəhbər təyin edildi

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abbas Miskərli Musavat.com-a fikrini bölüşüb: “Sevindirici haldır ki, Azərbaycan sığorta bazarında 2026-cı ilin yanvar-avqust ayları üzrə də böyümə qeydə alınıb. Azərbaycan Mərkəzi Bankın müvafiq hesabat dövrü ilə bağlı açıqladığı sığorta icmalına nəzər salsaq görürük ki, yerli bazar üzrə cari ilin 8 ayı ərzində 1 milyard 115 milyon 400 min manat sığorta haqqı təmin olunub ki, bu da bazarın 6,4% böyüməsi deməkdir. Analoji artım sığorta ödənişlərində də müşahidə olunur. Hesabat dövrü ərzində baş vermiş sığorta hadisələrinə görə vətəndaşlara ümumilikdə 773.2 milyon manat sığorta ödənişi edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% çoxdur.

Reallıq ondan ibarətdir ki, sığorta haqlarının artımında əksər sığorta növləri kompleks iştirak edib. Bu mənada qeyd edə bilərik ki, yığımlar üzrə Həyatın yaşam sığortasında 12,2%, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 9,3%, kasko sığortada isə 1,6% artım qeydə alınıb. Bundan başqa yüksək yığım göstəricisi nümayiş etdirən sığorta növləri könüllü tibbi sığorta (96.1 milyon manat), əmlakın yanğından və digər risklərdən sığortası (72.5 milyon manat), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (42.1 milyon manat) və kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası (12.7 milyon manat) növləridir”.

O ki qaldı, artımın real tələbat, yoxsa icbari sığorta hesabına formalaşmasına, icraçı direktor bunları qeyd edib: “Açıqlanmış hesabatdan da aydın şəkildə görə bilərik ki, istər həyat, istərsə də qeyri-həyat sığortası siniflərində böyük yığımlar məhz könüllü sığortalar üzrə formalaşıb. Bu, həyat sığortası sinfində yığımlar könüllü sığortalar üzrə 597.3 milyon manat, icbari sığortalar üzrə 42,1 milyon manat, qeyri-həyat sığorta sinfində isə yığımlar könüllü sığortalar üzrə 304.6 milyon manat, icbari sığortalar üzrə isə 171.4 milyon manat həcmindədir. Məsələyə ümumi kontekstdən yanaşsaq deyə bilərik ki, bu gün ölkəmizdə tətbiq olunan həm könüllü, həm də icbari sığorta növləri vətəndaşlarımızın risklərinə və tələbatlarına tam cavab verir. Sığorta haqlarının artması isə hesab edirik ki, vətəndaşların həm risklərə münasibətinin daha ciddi və konkret hal alması, riskləri doğru idarə edə bilməsi və risk fərqliliyinin formalaşması ilə, həm də nəticə etibarilə sığorta xidmətlərinə müraciətlərin sayının artması ilə bilavasitə bağlıdır.

Vətəndaşların sığortaya marağının və inamının tədricən artmasına, nəticə etibarilə sığorta haqlarının da yüksəlməsinə təsir edən amillər isə ilk növbədə ölkəmizdə maliyyə bazarlarına nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankının sığorta sahəsində həyata keçirdiyi uğurlu nəzarət və tənzimləmə siyasəti, habelə, sığorta sektorunda həyata keçirdiyi vətəndaşyönümlü islahat tədbirləri, o cümlədən, artıq 6 ildir ki, ölkəmizdə apardığımız sığorta maarifləndirməsi tədbirləri ilə bilavasitə bağlıdır”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir