Qardaş ölkənin media təmsilçiləri Xankəndidə

Qardaş ölkənin media təmsilçiləri Xankəndidə

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Qarabağ: Sülh Coğrafiyası – Cənubi Qafqazda Yenidənqurma, Sabitlik və Regional Əməkdaşlıq” proqramı çərçivəsində Azərbaycana gələn Türkiyə mətbuatı və nümayəndələrindən ibarət 20 nəfərlik nümayəndə heyəti Bakıdakı Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

ARANTV.AZ-ın məlumatına görə, TADİV prezidenti Aygün Attarın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin, eləcə də Qafqaz İslam Ordusunda döyüşlərdə həlak olan Osmanlı əsgərlərinin məzarlarına qərənfillər düzüb. Şəhidlər Xiyabanını və Türk Şəhidlik Qəbiristanlığını ziyarət edən nümayəndə heyəti, şəhidlərin məzarlarına qərənfillər düzüb.

Tədbirdə çıxış edən Aygün Attar aparıcı Türkiyə media qurumlarının jurnalistlərinin proqramda iştirak etdiyini bildirib və nümayəndə heyətinin 2020-ci ildə İkinci Dağlıq Qarabağ müharibəsi zamanı “xəbər və verilişləri ilə Türkiyə-Azərbaycan qardaşlığına töhfə verən jurnalistlərin” olduğunu əlavə edib. A.Attar proqramın “Cənubi Qafqazda Yenidənqurma, Sabitlik və Regional Əməkdaşlıq” mövzusu altında keçirildiyini və nümayəndə heyətinin əvvəlcə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edəcəyini, ardınca isə Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyevlə görüşəcəyini qeyd edib.

A.Attar Qarabağ səfərinin Ağdam, Xankəndi, Şuşa və Laçını əhatə edəcəyini və yenidənqurma işlərinin, “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərin, infrastruktur layihələrinin və regional inkişaf səylərinin yerində araşdırılacağını bildirib. A.Attar Laçından sonra proqramın Bakıda
davam edəcəyini və 6 avqustda Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (AİR Mərkəzi) keçiriləcək bağlanış sessiyasında Cənubi Qafqazda regional sabitlik və Türkiyə-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə olunacağını bildirib. O, səfərin sonunda birgə bəyanat veriləcəyini qeyd edib. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə diqqət çəkən A.Attar, iki ölkə arasındakı həmrəyliyin daha da güclənəcəyini deyib.

“Azərbaycanın taleyi bizim də taleyimizdir. Qoy bu qardaşlıq əbədi davam etsin”, – A.Attar bildirib.
Az öncə yayılan məlumata görə, Türkiyədən gələn heyət Bakıdakı görüşlərdən və ziyarətlərdən sonra Qarabağa yollanıb. Onlar artıq Xankəndi şəhərindədir.

Nümayəndə heyəti şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar.

Qeyd edilib ki, bu səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən tədbirləri və bölgədə formalaşan yeni reallıqları, yerində media nümayəndələrinə nümayiş etdirməkdir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir