Meyvə-tərəvəzə yeni nəzarət gəlir – Qiymətlər qalxacaq?

Meyvə-tərəvəzə yeni nəzarət gəlir – Qiymətlər qalxacaq?

Azərbaycanda “Bitki sağlamlığı haqqında” yeni qanunun qəbul edilməsi nəzərdə tutulur.

Sənədlə bitkilərin xəstəlik və zərərvericilərdən qorunması, bu sahədə nəzarətin gücləndirilməsi və fermerlərin üzərinə düşən tələblərin müəyyənləşdirilməsi istiqamətində dəyişikliklərin edilməsi gözlənilir. Bitki sağlamlığı ilə bağlı qaydalar isə təkcə kənd təsərrüfatı istehsalçılarını deyil, bazara çıxarılan meyvə-tərəvəzin keyfiyyəti və təhlükəsizliyi baxımından istehlakçıları da maraqlandırır.

Bəs yeni qanun fermerlər üçün hansı tələbləri dəyişəcək?

Qida mütəxəssisi İlkin Şirinovun Musavat.com-a dediyinə görə, bitki sağlamlığı ilə bağlı qaydalar məhsulların bazara çıxarılması baxımından nəzarətdə saxlanılmalıdır. Onun fikrincə, bitki sağlamlığı yalnız fermerin məsələsi deyil, bu, eyni zamanda istehlakçıların da məsələsidir: “Tarlada, bostanda bitkinin sağlamlığı, ilk növbədə, fermerin məsuliyyətində olmalıdır. Çünki fermer yetişdirdiyi məhsulu birbaşa istehlakçılara təqdim edir. İstehlakçı istifadə olunan gübrələrin hansı dozalarda tətbiq edilməsindən tutmuş, məhsulun yığımı zamanı sanitariya-gigiyena normalarına əməl olunmasına qədər bütün bu proseslərin necə aparıldığını bilməlidir.

Onların adı qara siyahıya salınsın, cinayət işi açılsın"

Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, bitki sağlamlığı məsələsi yalnız “zərərverici gəldi, dərman vuruldu” səviyyəsində qalmamalıdır. Hazırlanan qanun layihəsi bitki mühafizəsi vasitələrindən istifadənin, pestisid qalıqlarına nəzarətin və izləmə sisteminin daha sistemli hala gətirilməsini nəzərdə tutur. Belə deyək, fermer məhsulu yetişdirib bazara çıxarırsa, proses məhsulun tarlanın qapısında bitməsi ilə yekunlaşmamalıdır. Hansı preparatdan istifadə edilib, nə qədər istifadə olunub, məhsul nə vaxt yığılıb – bunların hamısı izlənməlidir. Çünki söhbət sadəcə bitkinin xəstəliyindən getmir, həmin məhsulu yeyən insanın sağlamlığından gedir. Bazarda pomidor, xiyar, müxtəlif meyvələr satılırsa, istehlakçı bilməlidir ki, bu məhsul hansı sahədən gəlib, necə yetişdirilib və tərkibində normadan artıq pestisid qalığı varmı. Hansı preparatlardan və hansı qaydada istifadə olunması da məlum olmalıdır”.

Ekspertə görə, yanaşmanın əhəmiyyəti ondadır ki, nəzarət məhsul bazara çıxandan sonra deyil, tarladan başlamalıdır: “Bununla yanaşı, fermer üçün tələblər artırılırsa, ona aydın izahatlar verilməli, maarifləndirmə aparılmalı və əsaslandırılmış mexanizm yaradılmalıdır. Çünki qida təhlükəsizliyi nə fermeri cəzalandırmaq, nə də istehlakçını qorxutmaq üçündür. Əsas məsələ tarladan süfrəyə qədər olan zəncirin təhlükəsizliyini qorumaqdır. Bir də burada nəzarət yalnız fermerin üzərində qalmamalıdır. Əgər fermerdən uçot və qeydiyyat aparmaq tələb olunursa, dövlət nəzarəti mexanizmi də eyni dərəcədə şəffaf, əlçatan və işlək olmalıdır. Digər tərəfdən, fermerlərin maarifləndirilməsinə mütləq diqqət yetirilməlidir. Çünki yanlış pestisiddən istifadənin nəticəsi təkcə bitkidə, tərəvəzdə və ya meyvədə qalmır, bu, istehlakçıya qədər gedib çıxan bir məsələdir”.

İlkin Şirinova görə, burada fermeri əlavə yük altında qoymamaq da vacibdir: “Çünki fermerin əlavə xərclər çəkməsi, əlavə vəsait xərcləməsi məhsulun maya dəyərinə təsir edir. Bu da nəticədə yenə istehlakçıya zərər vura bilər. Məsələn, dünənə qədər 70-80 qəpiyə satılan pomidor bu gün 1 manat 50 qəpiyə başa gəlirsə, təbii ki, bunun yükü istehlakçının büdcəsinə düşəcək”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir