Hikmət Hacıyevin İrəvana “ev tapşırığı” xatırlatması – Paşinyan hökuməti üçün gerisayım başladı

Hikmət Hacıyevin İrəvana “ev tapşırığı” xatırlatması – Paşinyan hökuməti üçün gerisayım başladı

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə uyğun olaraq yeni tərkib öz fəaliyyətinə başladıqdan sonra Azərbaycan dövlətinin rəsmiləri İrəvana öhdəliklərini xatırlatmağa başlayıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır”, xəbərdarlığı da bu sıradan vacib açıqlamalardandır. Prezidentin köməkçisi Türkiyənin “Haber Global” televiziya kanalına açıqlaması ondan xəbər verir ki, Ermənistan hakimiyyətinə verilmiş vaxt başa çatıb və Paşinyan hakimiyyəti “ev tapşırıqlarının” icrasına başlamalıdır. H.Hacıyevin sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır: “Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur”. (Report)

Azərbaycan Prezidenti hələ illər öncə Ermənistanı xəbərdar etmişdi ki, konstitusiya və normativ hüquqi aktlardan Azərbaycana qarşı ərazi iddiaları çıxarılmasa, sülh sazişinin heç bir mənası olmayacaq. Beləliklə, İrəvan öhdəliklərinin icrasına başlamalı və prosesi gecikdirməməlidir. Beləliklə, artıq seçki mövzusu ilə bağlı bəhanəsi qalmayan Paşinyan hökuməti üçün referendum tarixini dəqiqəşdirməkdən ötrü gerisayımın başladığını demək olar…

Deputat Rizvan Nəbiyev bunu Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın müxtəlif səviyyələrdə ardıcıl və birmənalı şəkildə ifadə olunan rəsmi mövqeyi dəyişməz olaraq qalır: “Ermənistanla təxminən bir il əvvəl Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanmasına mane olan əsas məsələni – Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən Müstəqllik haqqında bəyannaməyə istinadı aradan qaldırılmalıdır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən müxtəlif beynəlxalq platformalarda da prinsipial şəkildə ifadə olunub. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh yalnız siyasi iradə ilə yanaşı, eyni zamanda möhkəm hüquqi təməl üzərində yaradılmalıdır. Tarix göstərir ki, hüquqi ziddiyyətlər aradan qaldırılmadan imzalanan sazişlər gələcəkdə yeni siyasi gərginliklər və mübahisələr üçün zəmin yarada bilir”.

R.Nəbiyev xatırlatdı ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton sülh sammiti çərçivəsində paraflanmış, 17 maddədən ibarət sülh sazişi mahiyyət etibarilə iki əsas sütun üzərində qurulub: “Birinci sütun dövlətlər arasında sülhün təmin edilməsini, ikinci sütun isə dövlətlərarası münasibətlərin təsis olunmasını nəzərdə tutur. Bu baxımdan sənəd sadəcə münaqişənin başa çatmasını təsdiqləyən siyasi bəyanat deyil, iki dövlət arasında münasibətlərin gələcək arxitekturasını müəyyən edən hüquqi məcburiliyi olan beynəlxalq müqavilədir. Lakin müqavilənin imzalanması dövlətdaxili hüquqi prosesin sonu deyil. İmzadan sonra hər iki dövlət öz daxili konstitusion prosedurlarını tamamlamalıdır. İlk növbədə, sülh sazişi hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra ratifikasiya sənədləri barədə diplomatik kanallarla qarşılıqlı bildiriş həyata keçiriləcək və yalnız bundan sonra müqavilə hüquqi qüvvəyə minəcək. Məhz bu mərhələdən sonra dövlətlərarası müqavilənin implementasiyası başlayacaq. Müqavilənin müddəalarına uyğun olaraq, həyata keçiriləcək ilk addımlardan biri Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, mərhələli şəkildə isə qarşılıqlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması olacaq”.

Milli Məclisin üzvü bildirdi ki, Azərbaycanın israr etdiyi Konstitusiya dəyişikliyi hüquqi baxımdan tam əsaslandırılmış yanaşmadır: “Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, eləcə də Ermənistan Konstitusiyasıan görə, dövlətin əsas qanunu olan Konstitusiya ilə beynəlxalq müqavilə arasında ziddiyyət yaranarsa, üstünlkü Konstitusiyaya verilir. Başqa sözlə, beynəlxalq müqavilənin mövcudluğu Konstitusiyada əksini tapan ərazi iddialarını avtomatik olaraq aradan qaldırmır. Əgər Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən istinad saxlanılarsa, bu, gələcəkdə sülh sazişinin ratifikasiyası, icrası və dövlətlərarası münasibətlərin inkişafı üçün davamlı hüquqi risk mənbəyi olacaq. Bu ziddiyyət “Damokl qılıncı” kimi sülh prosesinin üzərində qalacaq və istənilən daxili siyasi dəyişiklik zamanı həmin iddiaların yenidən gündəmə gətirilməsi üçün hüquqi əsas kimi istifadə oluna bilər. Davamlı sülh isə məhz belə risklərin tam və məhdudiyyətsiz aradan qaldırılmasını tələb edir. Məhz buna görə Azərbaycan Konstitusiya dəyişikliyini əlavə siyasi şərt kimi deyil, uzunmüddətli, etibarlı və geri dönməz sülhün hüquqi təminatı kimi qiymətləndirir. Bu, eyni zamanda Ermənistanın özü üçün də gələcək münasibətlərin hüquqi sabitliyi baxımından əhəmiyyət daşıyır”.

R.Nəbiyev qeyd etdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin son açıqlaması da bu yanaşmanı bir daha təsdiqləyir: “O, vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan arasında faktiki olaraq “real sülh” şəraiti formalaşıb. Sərhəddə sabitlik hökm sürür, birbaşa təmaslar mövcuddur və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranır. Bununla belə, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəa aradan qaldırılmalıdır. Bu baxımdan Ermənistan Konstitusiyasında zəruri dəyişikliklərin nə qədər tez həyata keçirilməsi, sülh sazişinin də bir o qədər tez imzalanmasına imkan yaradacaq. Həmin dəyişiklik baş verdiyi anda sazişin imzalanması üçün prinsipial hüquqi maneə qalmayacaq. Nəticədə Cənubi Qafqazda yeni siyasi və iqtisadi əməkdaşlıq mərhələsi başlaya, region uzun illər davam edən münaqişə gündəmindən əməkdaşlıq və inkişaf gündəminə keçə bilər. Azərbaycanın strateji məqsədi də məhz beynəlxalq hüquqa, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri üzərində qurulan davamlı, etibarlı və geri dönməz sülhün təmin edilməsidir”.

Elşad Paşasoy,

Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir