27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin hüznü, həm də milli iradənin və Zəfərə aparan yolun başlanğıcı kimi həkk olunub. 2020-ci ilin bu günündə başlayan Vətən müharibəsi Azərbaycan tarixinin taleyüklü hadisələrindən birinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində ölkəmiz ərazi bütövlüyünü bərpa etdi və uzun illər işğal altında qalan torpaqlarımız azad edildi.
Anım Günü yalnız şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz tarix deyil. Bu gün həm də bizi Zəfərə aparan yolun hansı mərhələlərdən keçdiyini, dövlətçilik tariximizin ağır sınaqlarını və güclü dövlətin formalaşmasının əhəmiyyətini bir daha düşünməyə vadar edir.
“2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 gün sonra ölkəmiz 30 ilə yaxın davam edən işğala son qoydu və tarixinin ən parlaq səhifələrindən birini yazdı. Bu gün həmin tarixi hadisənin ildönümü kimi Azərbaycanda Anım Günü qeyd olunur. Bu gün həm şəhidlərimizin əziz xatirəsi qarşısında baş əydiyimiz, həm də Zəfərin qürurunu yaşadığımız gündür”.
Musavat.com bildirir ki, bu barədə millət vəkili Azər Allahverənov deyib. Millət vəkili qeyd edib ki, bu Zəfəri düzgün qiymətləndirmək üçün onun köklərinə nəzər salmaq lazımdır:
“2020-ci il qələbəsi bir gündə qazanılmadı. Onun təməli onilliklər əvvəl, dövlətçiliyimizin ən ağır sınaqlardan keçdiyi dövrdə qoyulmuşdu. Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini yenicə əldə etmiş gənc Azərbaycan dövləti ciddi idarəetmə təcrübəsi olmayan siyasi qüvvələrin idarəçiliyi ilə üzləşdi. 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat tandemi ölkədə sabitliyi təmin etmək əvəzinə, idarəetmədə yol verilən ciddi səhvlərlə vəziyyəti daha da ağırlaşdırdı. Həmin dövrdə dövlət institutları, demək olar ki, iflic vəziyyətinə düşmüş, ordu daxilində nizam-intizam pozulmuş, iqtisadiyyat isə çöküş həddinə çatmışdı. Bu vəziyyətin ən ağır nəticələrindən biri Qarabağın və ətraf rayonların işğalı oldu. Xalq öz torpaqlarını qorumağa qadir güclü və mərkəzləşmiş dövlətin yoxluğunun ağır nəticələrini yaşadı. Məhz bu xaos və parçalanma təhlükəsi qarşısında xalq təcrübəli və uzaqgörən lider Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. 1993-cü ildə Ulu Öndərin siyasi rəhbərliyə dönüşü Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi oldu. Heydər Əliyev qısa müddətdə ölkədəki hərc-mərcliyə son qoydu, mərkəzi hakimiyyəti möhkəmləndirdi, atəşkəsə nail olmaqla canlı itkilərin qarşısının alınmasına imkan yaratdı və ən əsası, dağılmaq təhlükəsi ilə üz-üzə qalan dövlətçiliyimizi xilas etdi. Onun həyata keçirdiyi institusional islahatlar, ordu quruculuğuna verdiyi xüsusi diqqət və neft strategiyası ilə ölkəyə gətirdiyi iqtisadi sabitlik gələcək Zəfərin bünövrəsini təşkil etdi. 1993-cü ildən etibarən atılan bu strateji addımlar Azərbaycanın sonrakı inkişafı və güclənməsi üçün mühüm zəmin yaratdı.
Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni mərhələyə – qalib dövlət mərhələsinə qədəm qoydu. İyirmi ildən artıq davam edən məqsədyönlü siyasət nəticəsində ölkəmiz iqtisadi baxımdan regionun aparıcı dövlətlərindən birinə çevrildi, Azərbaycan Ordusu müasir silah-sursatla təchiz edildi, diplomatik müstəvidə Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl iş aparıldı.
Bütün bunların məntiqi nəticəsi 2020-ci ilin payızında özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın əhəmiyyətli hissəsini azad etdi. “Qarabağ Azərbaycandır!” ifadəsi artıq təkcə şüar deyil, real gerçəkliyə çevrildi”.
Millət vəkili vurğulayıb ki, bugünkü tarix xalqımız üçün ikili məna daşıyır:
“Bir tərəfdən bu, Vətən uğrunda canından keçən minlərlə şəhidimizin əziz xatirəsi qarşısında ehtiramla baş əydiyimiz, itkinin ağrısını dərindən hiss etdiyimiz gündür. Digər tərəfdən isə bu tarix onilliklər boyu gözlənilən ədalətin bərpa olunduğu, milli qürurun yenidən dirçəldiyi Zəfərin başlanğıc nöqtəsidir.
Şəhidlərimizin qanı bahasına qazanılan bu Zəfər bizə bir daha xatırladır ki, güclü dövlətçilik, milli birlik və dövlətin qarşısında duran strateji məqsədlərə ardıcıl şəkildə nail olmaq ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayır.
Şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onların uğrunda canlarından keçdikləri Vətən torpaqlarının əbədi azad və bütöv qalmasını arzulayırıq”.
Xalidə Gəray
Musavat.com

