Qlobal maliyyə nəhəngləri Bakıda: Azərbaycan yeni investisiya dalğasına hazırlaşır?

Qlobal maliyyə nəhəngləri Bakıda: Azərbaycan yeni investisiya dalğasına hazırlaşır?

Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya potensialının qlobal biznes və maliyyə dairələrinə təqdim edilməsi baxımından diqqət çəkən platformaya çevrilib. Forumda dünyanın aparıcı investisiya şirkətlərinin, suveren fondların və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin iştirakı xüsusilə diqqət çəkir. İdarə etdikləri aktivlərin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollarına çatan investorların Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq investisiya məkanında artan maraq doğurduğunu nümayiş etdirən mühüm göstəricilərdən biri kimi qiymətləndirilir.

Bu miqyasda kapitalın təmsil olunduğu platformanın Azərbaycanda keçirilməsi ölkəyə yeni investisiyaların cəlb edilməsi, xüsusilə qeyri-neft sektorunda yeni layihələrin reallaşdırılması və beynəlxalq investorlarla əməkdaşlığın genişləndirilməsi baxımından hansı imkanları yaradır?

Mövzu ilə bağlı millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Musavat.com-a danışıb.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatına xarici sərmayənin cəlb edilməsi Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş yeni dövrün yeni hədəflərinin əsas istiqamətlərindən biridir:

“İkinci Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi və bu tədbirdə Prezidentin iştirakı bir daha təsdiq edir ki, Azərbaycan dünyanın aparıcı qlobal şirkətləri ilə əməkdaşlığı gücləndirir və daha çox sərmayənin cəlb edilməsi istiqamətində praktiki addımlar atır. Həm investisiya mühitinin yaxşılaşdırılması, həm də xarici iş adamları üçün yeni, çevik mexanizmlərin tətbiqi istiqamətində mühüm işlər görülüb.

qjg2hLNMMDDjZYb86cIRVFweufVVedqvJhHrXhf5_1200.jpg (58 KB)

30 trilyon dollarlıq investisiya potensialına malik şirkətlərin Azərbaycana gəlməsi də ondan xəbər verir ki, ölkəmiz xarici sahibkarlar üçün cəlbedicidir. Bu, əslində, Azərbaycanın 30 trilyon dollarlıq sərmayə potensialının ünvanına çevrilməsi deməkdir. Bu, xüsusən qeyri-neft sektoruna həmin şirkətlər vasitəsilə daha çox investisiyanın cəlb edilməsinə gətirib çıxaracaq. Xüsusən nəzərə alsaq ki, birinci forumda imzalanan sazişlər qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə imkan yaratdı”.

VUQAR BAYRAMOV.jpg (146 KB)

Vüqar Bayramov birinci investisiya forumunun nəticələrinin də Azərbaycana xarici sərmayə axınına təsir etdiyini bildirib:

“2025-ci ildə Azərbaycanda sərmayə qoyuluşlarındakı artımlar birbaşa xarici investisiyaların həcminin artması ilə bağlı oldu. Birinci investisiya forumunun təsirləri də məhz bu rəqəmlərə birbaşa təsir göstərdi. Belə ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına 34,2 milyard manatlıq investisiya cəlb edilmişdi. Onun 16,7 milyard manatı və ya 9,8 milyard dolları xarici investisiyalar idi. 2025-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən xarici investisiyanın həcmi 17 faiz artdı”.

V.Bayramov forumda iri investisiya fondlarının, data mərkəzlərinin, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin iştirakının Azərbaycanın gələcək iqtisadi prioritetləri baxımından da əhəmiyyətli olduğunu deyib:

“Təbii ki, “BlackRock” və digər kifayət qədər böyük fondların, data mərkəzlərinin, xüsusən də rəqəmsal texnologiyalar və süni intellektlə məşğul olan şirkətlərin forumda iştirakı və Azərbaycana gəlməsi həm də ölkədə rəqəmsal inkişafla bağlı müəyyənləşdirilmiş hədəflərin reallaşmasına dəstək olacaq. Azərbaycan regionda süni intellekt mərkəzinə və qovşağına çevrilməyi hədəfləyən ölkələrdəndir və bunun üçün, təbii ki, xarici sərmayənin cəlb edilməsi və data mərkəzlərinin yaradılması çox vacibdir. Bu kontekstdə həmin şirkətlərlə əməkdaşlıq rəqəmsal ekosistemin formalaşmasına və inkişafına xüsusi dəstək verəcək”.

w8p9mvteM3frVKVw9FpVzNZZPSGoGB7NVB6clUrI_1200.jpg (161 KB)

Millət vəkili əlavə edib ki, Azərbaycanın beynəlxalq hesabatlarda kredit reytinqinin yaxşılaşması da xarici investisiyaların cəlb edilməsini stimullaşdıran amillərdəndir:

“Dünya Bankı və digər aparıcı qurumlar tərəfindən hazırlanan hesabatlarda Azərbaycanın investisiya cəlbediciliyinin artması müşahidə olunub. Bu da təbii ki, ölkə iqtisadiyyatına daha çox xarici sərmayənin cəlb edilməsinə imkan yaradır”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir