27 Sentyabr – Anım Günü münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey (“Cotari”) kilsəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş dini mərasim keçirilib.
ARANTV.AZ xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən Alban-Udi Xristian dini icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfli döyüş yolu xatırlanıb, onların xatirəsi dərin ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər Alban-Udi icmasının əsrlərdir Azərbaycanda, o cümlədən Qəbələdə yerli xalqla sıx və sarsılmaz bağlarla qaynayıb-qarışdığını, buranı öz doğma vətənləri hesab etdiklərini vurğulayıblar. Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi günlərində alban-udilər də torpaqlarımızın işğaldan azad edilməsi üçün könüllü olaraq cəbhəyə yollanıb və vətənin müdafiəsinə qalxıblar.
Tədbirin sonunda icma üzvləri tərəfindən kilsədə şəhidlərimizin ruhuna dualar oxunub və dini ayinlər icra edilib.

