Üç türk dövləti eyni hərbi meydanda – “Birliyin Gücü” hansı ittifaqın başlanğıcıdır?

Üç türk dövləti eyni hərbi meydanda – “Birliyin Gücü” hansı ittifaqın başlanğıcıdır?

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” adı altında birgə hərbi təlim keçirirlər. Təlim üç mərhələdə – Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” və Naxçıvandakı “Qarabağlar” təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin Azərbaycan akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunur. Təlimə şəxsi heyətlə yanaşı, döyüş texnikaları, dəniz və aviasiya vasitələri, eləcə də pilotsuz uçuş aparatları cəlb edilib. Əsas məqsədlər sırasında birgə əməliyyatlara hazırlığın artırılması, qoşunların koordinasiyası və təlim prosedurlarının standartlaşdırılması göstərilir.

Təlim çərçivəsində komanda-qərargah məşqləri də keçirilib. Bu zaman komandirlərin vəziyyəti qiymətləndirməsi, qərar qəbul etməsi və bölmələri idarə etməsi üzrə tapşırıqlar icra olunub. Praktiki mərhələlərdə isə artilleriya zərbələri, aviasiya vasitələrinin iştirakı və helikopterlərdən desant endirilməsi kimi epizodlar yerinə yetirilib.
Bütün bunlar bir sıra suallar doğurur: Üç ölkənin hərbi əməkdaşlığında yeni mərhələ başlayırmı? Birgə təlimlər gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq müdafiə mexanizminin formalaşmasına zəmin yarada bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, türk dövlətləri arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi artıq zərurətə çevrilib. O, bu istiqamətdə uzun illərdir mövqeyinin dəyişmədiyini bildirir: “Mən bu istiqamətdə müəyyən fayda göstərmiş adamlardan biriyəm. 1998-ci ildə “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını yazdım. Bu kitab Azərbaycanda ilk böyük həcmli geosiyasi kitablardan biri idi. Mən orada Türk birliyi haqqında fikirlərimi bildirdim. Partiyanı yaradanda da departamentlər yaratdıq. Bir departamentin adı Türk dünyası departamenti idi.

Mən o insanlardanam ki, bütün siyasətimdə əsas fikir Türk dövlətlərinin birliyi və konsolidasiyası olub. Hətta bir dövrdə Türkiyə və Azərbaycan arasında konfederasiyanın, xüsusilə onun hüquqi əsaslarının yaradılmasından danışmışdıq. Türk dövlətlərinin birgə təlimləri və birgə davranışları gələcəkdə daha dərin inteqrasiyanın əsasına çevriləcək. Mən parlamentdə də məsələ qaldırmışdım ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər mədəni-iqtisadi sferadan siyasi-hərbi müstəviyə keçsin. Çox şükürlər olsun ki, bug ün münasibətlər bu səviyyədədir. Türk Dövlətləri Təşkilatı artıq fəaliyyət göstərir, onun ayrı-ayrı ortaq qurumları yaradılıb.

birliyin gücü.jpg (307 KB)

İndi dünyanın elə bir vaxtıdır ki, kim haqlıdırsa, o güclü deyil; kim güclüdürsə, o haqlıdır. Ona görə biz təkcə haqlı olmaqla məsələləri həll edə bilməyəcəyik. Azərbaycan 30 il haqlı oldu, amma onun haqqının təminatı olmadı. Güclü olduq ki, haqqımızı özümüz, ortaq gücümüzlə təmin etdik.

Mən hesab edirəm ki, bu gün türk dövlətləri bu təlimlərin nəticəsində və yaxın zamanlarda ortaq ordunun yaradılması, ortaq şəkildə hərbi-siyasi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün ciddi addımlar atacaqlar. Bu, bir zərurətdir. Mən hesab edirəm ki, Azərbaycan və Türkiyənin mərkəzində olmaqla, gələcəkdə əvvəlcə təhlükəsizliyin təminatı, daha sonra viza rejimlərinin aradan qaldırılması, ortaq gömrük siyasəti, ortaq iqtisadiyyat, resursların və işçi qüvvələrinin qarşılıqlı şəkildə istifadəsi istiqamətində addımlar atılmalıdır. Bir ortaq mühit, dövlət kimi davranmağa ehtiyac var. Bu, türk millətinin həm zərurətidir, həm də haqqıdır”.

“Birliyin Gücü”nü gələcək ittifaqın başlanğıcı hesab edib-etməmək barədə suala F.Quliyev belə cavab verib: “Təbii, olar. Mən hesab edirəm ki, artıq bu ittifaq mövcuddur. Həm nəzəri cəhətdən, həm də bəzi məsələləri artıq ortaq şəkildə, konsept olaraq həll edirsən. Vaxt gələcək ki, bu birliyin yaranması təşkilati məsələ olacaq.
Azərbaycan prezidentləri də çıxışlarında deyiblər ki, bizim türk ailəsindən başqa ailəmiz yoxdur. Cənab Ərdoğan da bunu dəfələrlə bildirib. Digər Türk cümhuriyyətlərinin rəhbərləri də ortaq davranışın zəruri olduğunu qeyd ediblər.

Bəli, bu, ciddi bir ittifaqın kökü olacaq. Bunu ifadə etməkdən qorxmaq lazım deyil. Biz kiməsə qarşı konfrontasiya yaratmaq üçün ittifaq qurmuruq. Ərazi təhlükəsizliyi, milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi baxımından ittifaq yaratmaq normaldır. Avropa İttifaqı yaradılıb, Türk İttifaqımız niyə olmasın? Güclü olmaq bizim məcburiyyətimizdir və bu, gələcəkdə ittifaqın yaranması üçün zəmin yarada bilər”.

Birliyin gücü 333.jpg (135 KB)

F.Quliyev “Birliyin Gücü” kimi təlimlərin gələcəkdə TDT-nin müdafiə mexanizminə çevrilə biləcəyini də istisna etmir: “Bu gün təlim keçirilirsə, təlim elə yarı savaşdır. Burada artıq məşq edilir ki, əgər savaş olarsa, necə bir-biri ilə koordinasiya olunmalıdır, biri digərinə öz güclərini necə verməlidir, hansı formada dövlət mexanizmini ortaq şəkildə idarə etmək lazımdır”.

Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov isə Musavat.com-a açıqlamasında bildirib ki, “Birliyin Gücü” kimi təlimlər uzun müddətdir davam edən hərbi əməkdaşlıq prosesinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığının intensivləşməsi, eyni zamanda digər türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi yeni imkanlar yaradıb: “Torpaqlarımızın azad edilməsi ilə nəticələnən müharibə Azərbaycanın böyük uğurudur. Bundan sonra Şuşa Bəyannaməsi imzalandı. Türk dünyasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində də müxtəlif addımlar atıldı. Bu, yalnız Azərbaycan, Türkiyə və Özbəkistan arasında keçirilən ilk hərbi əməkdaşlıq formatı deyil. Bundan əvvəl də Azərbaycanla Qazaxıstan arasında müxtəlif təlimlər keçirilib, Türkiyə ilə digər türk dövlətləri arasında hərbi əməkdaşlıq genişlənib. Yəni bu istiqamətdə hazırlıqlar uzun müddətdir davam edir. Azərbaycanın Özbəkistanla əlaqələri, Türkiyənin son illərdə türk dövlətləri ilə hərbi əməkdaşlığa artan marağı və ordu quruculuğu sahəsində təcrübə mübadiləsi bu prosesin mühüm elementləridir.

Mərkəzi Asiyada təhlükəsizlik məsələləri getdikcə daha çox ön plana çıxır. Özbəkistan kimi böyük əhali və ərazi potensialına malik dövlət üçün ordunun müasir tələblərə uyğun inkişaf etdirilməsi vacibdir. Türkiyənin hərbi sahədə təcrübəsi isə bu prosesdə mühüm rol oynayır.

Birliyin gücü 111.jpg (91 KB)

Bu baxımdan, “Birliyin Gücü – 2026” təliminin keçirilməsi həm hərbi hazırlıq, həm də üç ölkənin birgə fəaliyyət imkanlarının yoxlanılması baxımından əhəmiyyətlidir. Gələcəkdə belə təlimlərin daha geniş formatda keçirilməsi də mümkündür”.

R.Məhərrəmov qeyd edib ki, Azərbaycanın ordu quruculuğunda Türkiyə modelinə keçid istiqamətində atdığı addımlar da bu cür təlimlərin əhəmiyyətini artırır: “Azərbaycan uzun müddətdir NATO standartlarına uyğunlaşma və Türkiyə modelinə əsaslanan ordu quruculuğu istiqamətində fəaliyyət göstərir. Bu prosesin müxtəlif elementləri artıq tətbiq edilir. Belə təlimlər isə fərqli ölkələrin hərbi qulluqçularının eyni komandanlıq və təlim prosedurları çərçivəsində fəaliyyət göstərmək bacarığını artırır.Burada əsas məsələ yalnız hərbi texnikanın nümayiş etdirilməsi deyil. Əsas məsələ müxtəlif orduların koordinasiyası, birgə qərarvermə, rabitə, logistika və əməliyyatların uzlaşdırılmasıdır. Bu baxımdan, təlimlərin sayının və miqyasının artması gələcəkdə hərbi əməkdaşlığın daha da dərinləşməsinə səbəb ola bilər”.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir