Xalq şairi Sabir Rüstəmxanlı müasir toyların təşkili, musiqi seçimi, gəlin və bəyin məclisdəki rolu, eləcə də şadlıq saraylarına verilən adlarla bağlı fikirlərini bölüşüb. O, toy məclislərində baş verən bəzi dəyişiklikləri mənəvi terror kimi qiymətləndirərək, milli adət-ənənələrdən uzaqlaşmanın yolverilməz olduğunu bildirib.

Xalq şairi xüsusilə şadlıq evlərində musiqinin saatlarla fasiləsiz səsləndirilməsini və milli rəqslərin arxa plana keçməsini tənqid edib. Onun sözlərinə görə, müasir toylar getdikcə diskotekaya çevrilir: “Dörd-beş saat ara vermədən musiqi səslənir. Heç onun adı musiqi də deyil, diringidir. Və rəqslər də qəribədir. Azərbaycan rəqslərində kişilərimiz qol götürərdi, məğrur şəkildə “Qaytağı”, “Ləzginka” oynayardı. Yaxud qadınlarımızın gözəl rəqsləri vardı. İndi toylarda bunların heç biri yoxdur. Cavanlar istəyirlər ki, yarım saatlıq da olsa, diskoteka havasında mahnılar olsun, Avropa sayağı atılıb-düşsünlər. Başa düşürəm. Amma indi bütün toyları bara çevirirlər. Bütün toylar diskotekaya çevrilir”.
Sabir Rüstəmxanlı gəlinlərin geyimi ilə bağlı da narazılığını ifadə edib. O, bəylərin toy mərasimində gəlinin uzun ətəyini yığmaq məcburiyyətində qalmasını qınayıb: “Gəlinlə bəy gəlir, Allah xoşbəxt eləsin, ancaq, gəlinin sinəsi açıq olur. Məncə, gəlin bir az daha qapalı geyinə bilər. O qədər gözəl geyimlər var ki… Lakin mən maraqlandım, Bakıda gəlin paltarları satılan yerlər qəsdən o cür paltarlar tikirlər və camaat da normal gəlinlik tapa bilmir.
Ətək də üç metrə uzanır, yerlə sürünür. Bəy bəylik kürsüsündə əyləşməkdənsə, elə yolboyu gəlinin ətəyini yığmaqla məşğuldur. Birinci gündür, camaat içinə çıxıb, gəlinin yanında şax gəzməlidir. Bu ağadır, bu bəydir elə. Bu toyun sahibidir. Amma yox! Bəy əyilir, ancaq ətək toplaya-toplaya gəzir. Bu bəyi niyə sındırırsınız? Bəyi niyə bu ətəyin quluna çevirirsiniz? Bu geyimi normal tikin ki, gəlin normal gəzə bilsin. Dəyişilə-dəyişilə, bütün yaxşı şeyləri – milli özəllikləri, milli gözəllikləri itirə-itirə gedirik. Amma hara gedirik?!”
Doğrudan da hara gedirik?
Mövzu ilə bağlı yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (YYSİB) sədri Aydın Xan Əbilov Musavat.com-a danışıb. O, xalq şairi Sabir Rüstəmxanlının Azərbaycan toylarının bugünkü vəziyyəti ilə bağlı səsləndirdiyi narahatlıqları da anlaşılan hesab edir. Bununla yanaşı, Aydın Xan Əbilovun fikrincə, yeni nəslin toy mərasimlərinə fərqli yanaşmasını da nəzərə almaq lazımdır:
“Toy, hər hansı bir millətdə olduğu kimi, Azərbaycan xalqının da milli-mənəvi dəyərlərini, məişət və həyat düşüncəsini, fəlsəfəsini özündə birləşdirən mühüm mədəniyyət hadisəsidir. Biz nə qədər istəsək də, toy ictimai-sosial hadisə kimi insanların və toplumun yaddaşında qalır. Bəzi toylar lokal səciyyə daşısa da, bir çoxları bölgə və rayon səviyyəsində maraq doğuran hadisəyə çevrilir.
Xalq şairi, görkəmli düşüncə adamımız Sabir Rüstəmxanlının milli toyların bugünkü vəziyyəti ilə bağlı həyəcan təbili çalmasını normal qarşılayırıq. Onun fikirlərində və narahatlıqlarında həqiqət var. Bununla yanaşı, yeni nəslin də öz mövqeyi mövcuddur. Gənclər hesab edirlər ki, toy ilk növbədə onların həyatının mühüm hadisəsidir və yeni nəsil dövrün tələblərinə uyğun olaraq toy formatına müəyyən yeniliklər gətirə bilər.
Gənclərin yeni və kreativ formatlardan yararlanmaq istəyi başadüşüləndir. Əsas məsələ Azərbaycan toyunun milli-mənəvi dəyərlərini qorumaq, adət-ənənələrə hörmət etmək və eyni zamanda müasir dünyanın imkanlarından yararlanmaqdır. Bu baxımdan yeni nəsli də anlamaq mümkündür.
Lakin Sabir Rüstəmxanlının toxunduğu bəzi məqamlar da diqqətdən kənarda qalmamalıdır. Məsələn, həddindən artıq açıq libasla toya gəlmək və milli toy mühitinə uyğun olmayan davranışlar nümayiş etdirmək müəyyən suallar doğurur. Bəzən Avropa ölkələrində keçirilən toylarla Azərbaycan toylarını müqayisə edəndə görürük ki, orada da belə ifrat hallara rast gəlinmir. Avropada minimalist düşüncə tərzi artıq toy mərasimlərinə də təsir göstərib. Bəzən 50-100 nəfərlə sadə mərasim keçirilir, İsveç süfrəsi təşkil olunur və müxtəlif nəsillərin zövqünü nəzərə alan proqram hazırlanır. Yaşlı nəslin nümayəndələri milli və klassik musiqidən zövq alır, gənclər müasir pop və ya elektron musiqi sədaları altında əylənir, uşaqlar üçün də ayrıca proqram nəzərdə tutulur. Bəzi mərasimlər isə teatrlaşdırılmış, kreativ və modern üslubda təşkil edilir”.
Kulturoloq hesab edir ki, bu cür yanaşmaların Azərbaycan toylarında tətbiqi də mümkündür. Onun fikrincə, dünyada yaranan yeni dəbləri olduğu kimi təkrarlamaq əvəzinə, Azərbaycan adət-ənənələrini müasir imkanlarla birləşdirmək daha məqsədəuyğundur: “İstəsək də, istəməsək də, toylarımız artıq kreativ sənayenin bir hissəsinə çevrilib. Xınayaxdı mərasimləri, rəqs nömrələri, plov gətirilməsi kimi səhnələşdirilmiş hissələr, diskotekalar, milli musiqi ilə yanaşı Avropa və pop musiqilərini ifa edən orkestr və qruplar toy mədəniyyətinin bir hissəsidir. Bu yeniliklərin insanlara estetik zövq vermək məqsədi daşıyan tərəflərini də normal qarşılamaq lazımdır. Bununla yanaşı, millilik əsas xətt olaraq qalmalıdır. Gəlin və bəylər nəzərə almalıdırlar ki, onların davranışlarını həm gənc, həm də yaşlı nəsil izləyir. Gənclər gördüklərindən nümunə götürə, yaşlı nəsil isə bəzi yenilikləri qəbul etməkdə çətinlik çəkə bilər. Bu da bəzən valideynlər və qohumlar arasında fikir ayrılıqlarına səbəb olur.
Eyni zamanda son vaxtlar toy mərasimlərində qudalar, bəy və gəlin arasında yaranan mübahisələr, hətta toyun yarımçıq qalması və bəzi hallarda bəylərin toydan getməsi ilə bağlı xəbərlərə rast gəlirik. Bu isə toyun mahiyyəti ilə bağlı daha ciddi düşünməyi tələb edir. Axı toy yalnız iki insanın birləşməsinin və yeni ailənin yaranmasının bayramı deyil. Bu mərasim həm də ailənin böyüklərinin, ağsaqqal və ağbirçəklərin xeyir-duasının, cəmiyyətin yeni ailəyə verdiyi mənəvi dəstəyin ifadəsidir. Toyun əsas mahiyyəti də məhz bu müsbət dəyərlərdə özünü göstərməlidir. Təəssüf ki, müasir toyların bir çoxunda bu mahiyyət arxa plana keçir. Musiqi, yemək və əyləncə əsas məzmunu təşkil edir. Hətta qonaqların zövqündən və ehtiyacından asılı olmayaraq hamıya eyni yeməklərin təqdim olunması, çoxsaylı və ağır süfrələrin açılması, musiqinin həddindən artıq yüksək səslə səsləndirilməsi toyların formatı ilə bağlı yeni yanaşmalara ehtiyac olduğunu göstərir”.
Aydın Xan Əbilov toyların təşkilində müxtəlif yaş qruplarının maraqlarının nəzərə alınmasını da mümkün variantlardan biri kimi təqdim edir: “Məsələn, şadlıq saraylarında müxtəlif zalların imkanlarından yararlanaraq yaşlı nəslin və uşaqların, eləcə də gənclərin maraqlarına uyğun fərqli məkanlar yaratmaq olar. Belə bir yanaşma həm nəsillərin zövq fərqlərini nəzərə alar, həm də müəyyən fikir ayrılıqlarının qarşısını ala bilər.
İstənilən halda, Azərbaycan toyu böyük mədəni və sosial hadisədir. Onun ayrı-ayrı tərəflərini tənqid etmək mümkündür, lakin toy ənənəsini ləğv etmək və ya kiçiltmək çıxış yolu deyil. Toy sənayesi çoxsaylı insan üçün iş və gəlir mənbəyinə çevrilib. Ona görə də məqsəd toylarımızdan imtina etmək yox, onları milli-mənəvi dəyərlər əsasında yeniləmək, adət-ənənələrimizi müasir imkanlarla birləşdirmək və Azərbaycan toyunun özünəməxsusluğunu qorumaq olmalıdır. Əsas məsələ budur: dünyadakı yenilikləri kor-koranə təkrarlamaq əvəzinə, öz dəyərlərimizə söykənən, həm müasir, həm də milli toy modelimizi formalaşdıraq”.
Xalidə Gəray
Musavat.com

