Havalar hələ tam soyumasa da, bazarlarda mövsümün dəyişdiyini hiss etmək mümkündür. Balıq bazarında isə vəziyyət bir qədər fərqlidir: piştaxtalar müxtəlif növ balıqlarla doludur, amma alıcı əvvəlki kimi çox deyil. Satıcılar deyirlər ki, isti hava həm alıcılığı azaldır, həm də diri balığın satışını çətinləşdirir.
Musavat.com-un əməkdaşı balıq bazarında olub, satıcılarla söhbətləşib və müxtəlif balıq növlərinin qiymətləri ilə maraqlanıb.
Satıcının sözlərinə görə, hazırda forelin kiloqramı 12-13 manat civarındadır. Türkiyədən gətirilən çupranın qiyməti 18-19 manatdır. Sudakın iri nümunələri 16-17 manata, xırdaları isə 9-11 manata satılır.
Araz sazanının kiloqramı 15-16 manatdır. Göy sazanı 7-8 manat, belamur isə 9-10 manat civarındadır. Dəniz balıqlarından kelfalın qiyməti 8-9 manat təşkil edir.
Bəs xəşəm? Satıcı deyir ki, hazırda xəşəm yoxdur: “Xəşəm hələ bu gün gəlməyib. Gələndə 14-15 manata olur”.

İrandan gələn balıq bahalaşıb, Türkiyə balığında isə endirim var
Satıcının sözlərinə görə, idxal balıqlarında qiymət hərəkəti də müşahidə olunur. İrandan gətirilən forelin topdansatış qiyməti 50-60 qəpik artıb. Lakin bu artım hələlik pərakəndə satış qiymətinə tam yansımayıb.
“Optovoy qalxıb, amma biz hələ kiloda qaldırmamışıq. Optovoy 50 qəpik, 60 qəpik qalxıb”, – satıcı bildirib.
Türkiyədən gətirilən balıqlarda isə əksinə, müəyyən ucuzlaşma var.
“Türkiyədən gələn balıqda 1 manat endirimdir. 20 manata satırdıq, indi 18-19 manata satırıq”, – deyə o qeyd edib.

Beləliklə, bazarda eyni vaxtda həm bahalaşan, həm də ucuzlaşan balıq növlərinə rast gəlmək mümkündür. Satıcı alıcılığın hazırda güclü olmadığını da deyir. Bunun əsas səbəblərindən biri isə havaların isti keçməsidir.
“Alıcılıq zəifdir, güclü deyil. Həm də hava istidir. Gələn balığın 50 faizi ölür. Ona görə sərf eləmir. Hava soyuyanda, su soyuyanda balıq ölmür, diri gəlir”, – deyə satıcı izah edib.
Piştaxtadakı balıqların böyük hissəsinin diri olmadığını da deyir.

Qiymətlər arta bilər – səbəb gömrük rüsumlarıdır?
Hazırda qiymətlərdə ciddi dəyişiklik olmasa da, satıcı qarşıdakı dövrdə bahalaşmanın mümkün olduğunu düşünür. Onun sözlərinə görə, gömrük ödənişlərində artım baş verərsə, bu, balığın qiymətinə də təsir göstərə bilər.
“Çox güman ki, qalxacaq. Deyirlər, gömrük rüsumlarının qiyməti qalxacaq…”
Satıcı əlavə edir ki, balıqları əsasən topdansatış məntəqələrindən, anbarlardan və fərdi satıcılardan alıb satışa çıxarırlar.
Hələlik isə bazarda qiymətlər, satıcının ifadəsi ilə desək, “normaldır”.
Payızın qarşıdakı günlərində havaların soyuması ilə vəziyyətin dəyişib-dəyişməyəcəyini isə zaman göstərəcək. Çünki balıq bazarında qiymət təkcə balığın növündən deyil, havadan, idxaldan, topdansatış qiymətindən və gömrük xərclərindən də asılıdır.

Şahanə Rəhimli
Musavat.com

