Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
ARANTV.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.
Bildirilib ki, oktyabrın 2-dən etibarən ölkənin əksər ərazilərində yağışlı hava hökm sürəcək, bəzi yerlərdə leysan, şimşək, dolu və qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclənəcəyi ehtimal edilir. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında gecə 14-16, gündüz 16-18 dərəcə isti olacaq.
Bölgələrdə isə oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvanın bəzi rayonlarında yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların güclənəcəyi bildirilir.
Yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb olacaq. Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi, eləcə də Naxçıvanın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
Ölkə üzrə havanın temperaturunun isə əvvəlki günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.

